Hadisələr o qədər sürətlə inkişaf edir ki, 30 illik bir separatizmin cəmi 23 saat içərisində çöküşü, xunta rejiminin əsas fiqurlarının həbsi, yuxarı Qarabağda suverenliyin atributlarının bərpası, sosial xidmətlərin işinə başlaması, güc strukturlarının fəaliyyəti, mobil operator xidmətindən tutmuş miqrasiya xidmətinə qədər bütün qurumların işləməsi Rusiya ilə bağlı suallar yaradır: axı nə baş verdi ki, Rusiya 200 illik plandan əl çəkdi? Nə oldu ki, Xankəndidə "Donbas" layihəsindən imtina etdi? Dünənə qədər ermənilərə silah daşımaqda müşayiətçilik edən sülhməramlılar, "rus icması", separatçı qruplara himayəçilik...Kreml başçısı Putin bu məsələnin birdəfəlik yekunlaşması üçün hansı səbəbdən köhnə üsullarla müdaxilə etmədi? Axı 44 günlük müharibə zamanı da biz Xankəndidə idik, şəhərdə tək-tük adam qalmışdı, amma dayandıq. Nə üçün o zaman bu qələbəni tam dada bilmədik? Həmin vaxt iqtidara yaxın analitiklər bunu etnik təmizləmə ittihamı və sanksiyalara məruz qalmaq riski ilə əlaqələndirirdi. Yəni bu təhlükədən özümüzü sığortaladıq. Qarşı düşərgə isə Rusiya ilə bağlayırdı. Bizi Rusiya dayandırdı deyərək yarımçıq qələbə kimi qiymətləndirirdilər. Və rus hərbçilərinin də bölgəyə yerləşməsi Kremlin Qafqazda imperiya ambisiyalarını təmin etmək kimi şərh olunurdu. Lakin ötən 3 il ərzində, xüsusən Ukrayna cəbhəsində rus ordusunun dişi sınmağa başlayanda, amma müharibədən iki gün əvvəl də strateji Moskva bəyannaməsi imzalayanda çarx tərsinə dönməyə, Rusiya yumşalmağa başladı. Apreldə "Laçın" postu, sentyabrda isə antiterror tədbiri Kreml rəsmiləri tərəfindən seyrçi qalmaqla nəticələndi. Maraqlıdır, 44 günlük müharibə zamanı Xankəndiyə girəndə bunu genosid kimi təqdim edəcəkdilərsə, antiterror tədbirindən sonra niyə etmədilər? Zaman və şərait hansı cəhətdən fərqləndi? Faktiki olaraq, bölgədən kütləvi erməni köçü də var. Lakin BMT də təsdiqlədi ki, heç bir təzyiq yoxdur, Rusiya, Avropa Birliyi, ABŞ da antiterror tədbirini pisləyən mövqe sərgiləmir. Bakı hazırkı geopolitik vəziyyəti düzgün hesabladı, yoxsa bilinməyən gizlinlər var? Ən çox da suallar Rusiya ilə bağlıdır. Necə oldu ki, "Dağlıq Qarabağ" məsələsi Putin üçün qapanmış səhifə oldu?
Burada açar cavablar bir neçə səbəblə izah edilir:
1 Ərdoğanın Soçi səfəri və Putinlə görüşü, liderlərin ortaq qaz habı yaratmaq razılaşması;
2 Paşinyanın Qarabağın Azərbaycana aid olduğunu təsdiqləməsi və Rusiyanı əsəbləşdirməsi: çünki Putin Vladivostokda açıq eyham vurdu, Zaxarova və digərləri də sətiraltı işarə verdilər ki, axı sən niyə Qarabağı Azərbaycan torpağı kimi tanıyıb hər şeyi bitirdin?! Üstəlik, İrəvanın Roma statutunu ratifikasiya etməsi, Moskvaya və KTMT-yə aşkar ittihamları , amerikalı hərbçilərlə birgə təlimlər Putinin səbr kasasını daşıran son damla oldu.
3 Erməni kartı və erməni məsələsi artıq arxaikdir, istifadəyə yararsızdır, uzun illər bu proje regionda rıçaq kimi lazım olub, indisə bölgədə strateji dəyişikliklər var və sanksiyalar altında olan Rusiyaya münaqişə və separatizm ocağını qara yara kimi saxlamaq heç bir gəlir gətirmir, bu çibanı partladıb nəqliyyat kommunikasiyalarını bərpa etməklə iqtisadiyyatı dirçəltmək, Şərq və Afrika bazarına çıxmaq daha vacibdir.
4 Ukrayna cəbhəsi Rusiyanı yorub və izqoy vəziyyətə salıb, Türkiyə olmasa bu ölkə tam təcrid olacaq. O baxımdan Ərdoğan-Putin danışıqları Qarabağda böyük ölçüdə nəticələrini göstərdi.
5 Rusiya anladı ki, Azərbaycan daha etibarlı tərəfdaş və müttəfiqdir. Prezident Əliyevin Putinlə şəxsi münasibəti, qarşılıqlı inam və etimad mühüm rol oynadı və azı son 20 ildə hər bir addımda Rusiyanı nəzərə almışıq: hərbi bloklar, Aİ-yə inteqrasiya, Moskvanı qıcıqlandıracaq amerikapərəst siyasət xətti. Bunlar bizdə yoxdu, Ukrayna, Gürcüstan, Moldova və nəhayət Ermənistandan fərqli olaraq... Bu da Qarabağda Azərbaycanın separatizmi, mifik "artsax" rejimini gorbagor etməyə gətirib çıxardı.
Paşinyan isə bu vəziyyətdə hələ də antirus addımları gücləndirir. Baş verənlərə və məğlubiyyətə görə Rusiyanı günahkar sayır. Erməni cəmiyyətinə aşılayır ki, Rusiya bizə kömkəl etmədi, belə müttəfiq nəyimizə lazımdır, ondan uzaqlaşaq. Ona görə Moskva-İrəvan gərginliyi kəskinləşəcək. Üstəgəl, Zəngəzur dəhlizi Rusiya üçün qondarma rejimdən daha mühümdür. Rusiya hərbi mövcudluğunu onsuz da davam etdirir. Digər tərəfdən, ermənilərin köçü 2025-dək sülhməramlıların gedişini sürətləndirəcək. Rusiya Qarabağda qalmaqda maraqlı olmayacaq, əgər kommunikasiyalar işləkdirsə, Rusiya-Türkiyə ticarət dövriyyəsi bu marşrut hesabına daha da artacaqsa, Xankəndidə Araik, Vartanyan kimilər Putinin nəyinə lazımdır? Bura yada salırıq Ərdoğanın NATO sammitində açıqlamasını - sülhməramlılar 2025-ci ildə gedəcək demişdi. Yəni Türkiyə ilə Rusiya anlaşması regionda məsələləri hərtərəfli həllində özünü göstərir. Bununla da Ankara və Moskva regiona Qərbi buraxmayacaq, Paşinyan da onlardan asılı qalmaqda davam edəcək. Bəli, artıq Rusiya Cənubi Qafqazda hegemon deyil, Türkiyə də var və məcburiyyət qarşısında onunla hesablaşır. Biz də bu əlverişli strateji vəziyyətdən istifadə etməklə 200 illik plana, 30 illik nağıla son qoyduq. Bundan sonra nə sanksiya, nə etnik təmizləmə ittihamları bizə yapışacaq. BMT də heç bir sənəd qəbul etməyəcək. Bununla da Rusiya demək istədi ki, bu regionda separatizmi biz yaratdıq, məhvinə də biz razı olduq. Yəni Fransa, ABŞ və başqaları separatizmə sadəcə kənar dəstək idi. Beləliklə, Naxçıvanda Ərdoğan və Əliyevin iştirakı ilə hərbi kompleks yaradılması göstərdi ki, Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi daima yüksəlməlidir, hətta bölgədə türk bazaları hərbi kompleks təyinatı ilə yerləşməlidir. Regionda gələcək təhdidlərdən qorunmağın başqa yolu yoxdur.
Anaxeber.infoAzər Talıbov
Tarix: 3-10-2023, 11:35