Kennedinin yaratdığı kabus təşkilat: QHT və saytlara qrant verir, NoWar-çuları isə…



Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, ABŞ xalqının pulu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf edilir. “Bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür. USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”- Papuaşvili deyib.
Mövcud Gürcüstan hakimiyyəti ilə ABŞ arasında son zamanlar gərginliyin olduğu bəllidir, lakin Papuaşvilinin dediklərində bir məqam diqqət çəkir: USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir.
Papuaşvilinin qeyd etdiyi USAID dünyanın ən böyük rəsmi sözdə yardım agentliklərindən biridir. Sözdə dedim, çünki USAİD ABŞ-ın ilk uzun vədəli sosial-iqtisadi motivli xarici yardım quruluşu olsa da ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi fəaliyyət göstərir.
USAİD-i anlamaq, fəaliyyət dairəsini dərk etmək üçün onun yaranma prosesinə nəzər yetirmək lazımdır. Agentlik 4 sentyabr 1961-ci ildə ABŞ prezidenti Con F. Kennedinin göstərişi ilə yaradılıb. Göründüyü kimi, yarandığı tarix ABŞ ilə SSRİ arasında gedən soyuq müharibənin ən şiddətli, ən pik zamanlarıdır. Dövrün siyasi mənzərəsinin daha aydın olması üçün deyim ki, 1962-ci ildə bu ikili Kuba yaxınlarında az qala Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb olacaqdı. Xoşbəxtlikdən bu baş vermədi, lakin ABŞ da SSRİ ilə mübarizə üsullarının formatını dəyişdi.
Belə ki, USAİD Karib böhranından sonra hədəf auditoriyasını daha çox Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropa ölkələri olaraq dəyişdi. Adıçəkilən regionlar SSRİ ilə ABŞ arasında mübarizənin getdiyi başlıca regionlar idi. Vaşinqton davamlı maliyyə və ideoloji mübarizə üsulları ilə USAİD vasitəsilə təşkilatlar və hərəkatlar yaradaraq sözdə vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək adı altında siyasi proseslərə müdaxilə edib cəmiyyətdə qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etməyə başladı.
SSRİ-nin süqutundan sonra müstəqil olan 15 respublikaya sirayət edən USAİD bu ölkələri ABŞ-ın təsir dairəsənə cəlb etmək üçün aktiv fəaliyyətə başladı.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin həyəcan təbili çalması əslində səbəbsiz deyil. Çünki Gürcüstanda USAİD geniş şəbəkə yaradıb. Agentliyin bu ölkədə yaratdığı şəbəkənin spesifik cəhəti Ermənistan və Azərbaycandakı şəbəkələrə təlimat məhz buradan verilir. Bütün maliyyə, qrant axını məhz Gürcüstandakı əsas şəbəkədən təmin edilir. Başqa cür desək, USAİD Azərbaycan və Ermənistan, Gürcüstan şəbəkəsinin regional şöbələridir.
Bu gün Gürcüstanın üzləşdiyi problemlər ilə Azərbaycan uzun müddətdir mübarizə aparır. Gürcüstandan fərqli olaraq Azərbaycan USAİD-in planlarının reallaşmasına imkan verməyib. Lakin yenə də agentliyin ayırdığı maliyyə və ya qrantlar ilə fəaliyyət göstərən, həyatda qalan media resursları, QHT-lər qalmaqdadır. Bunu təsdiqləyən bir nümunə 2014-cü ildə USAID-in Azərbaycanda “müstəqil medianın inkişafı” üçün elan etdiyi qrant müsabiqədir. Qeyd edilən ildə agentlik nə az, nə çox 2,4 milyon dollar məbləğində qrant elan etdi. Qaliblər də təbii ki, özünün lazım bildiyi medialar oldu. Həmin il USAİD QHT-ləri də unutmadı. Belə ki, 2 milyon dollara yaxın vəsait yenə özünün yaratdığı QHT-lərə paylandı.
Son illər isə agentlik Azərbaycanda müharibə əleyhinə hərəkat – NoWar-çıları ortaya çıxardı. Agentlik Azərbaycanın beynəlxalq hüququ əsasında apardığı haqq işinə mane olmaq üçün yeni “müxalif səngər” qazaraq ayrı-ayrı ideoloji baxışları olan gəncləri bir araya gətirərək prosesə mane olmağa çalışdı.
Arqumentləri isə bu idi ki, müharibənin başlanmasını hakimiyyət ömrünü uzatmaq üçün planlayıb. Məsələnin tragikomik tərəfi isə müharibə bitməsinə, Qarabağın azad edilməsinə baxmayaraq, NoWar-çılar susmurlar. Çünki USAİD-dən bu istiqamətdə bir təlimat gəlməyib.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 3-10-2023, 22:57
Xəbəri paylaş





Xəbər lenti