Bakı üç prinsip üzrə razılaşarsa, sülh müqaviləsi tezliklə imzalanacaq


Nikol Paşinyan bəyan etdi ki, Bakı üç prinsip üzrə razılaşarsa, sülh müqaviləsi tezliklə imzalanacaq.
1. Qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq: Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu qəbul olunur;
2. Delimitasiya və demarkasiya prosesi: Almatı bəyannaməsi bunun siyasi əsasını təşkil etməli, sərhədin müəyyən edilməsi 1975-ci il xəritəsinə uyğun aparılır;
3. Regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verməlidir;
Birinci prinsip Azərbaycan üçün məqbuldur, lakin ikinci və üçüncü prinsiplərdə ciddi fikir ayrılıqları var.
Sərhədin 1975-ci il xəritəsinə uyğun müəyyənləşməsi istəyi İrəvanın aklavlarla bağlı planından qaynaqlanır.
1. Qazaxın 7 kəndi və Kərkinin qaytarılması qarşılığında SSRİ dövründə Ermənistana anklav kimi verilən Başkəndi, eləcə də “erməni kəndləri” dedikləri, əslində ermənilərə verilmiş Berbaker (Bibiş), Vazaşen (Lələkənd), Ayqeovit (Uzuntala, yaxud Hönüt), Paravakar (Tatlı) kəndəri almaq istəyirlər.
Ermənistan Azərbaycanı bunu qəbul etməyəcəyini anlayır, lakin bundan kart kimi istifadə etməklə anklavları qaytarmamaq üçün əsas qazanır. Almatı bəyannaməsini “siyasi əsas” kimi irəli sürmələri də anklavları arxa plana keçirmək niyyətindən irəli gəlir.
2. Əgər sərhədlər 1975-ci il xəritəsinə uyğun həll edilərsə, Ermənistan təkcə iddia etdiyi kəndləri əldə etmir, həm də “güzgü prinsipi” təklifini – qoşunların qarşılıqlı geri çəkilməsini aktuallaşdıra bilər. Çünki Bibiş, Lələkənd, Uzuntala, Tatlı kəndləri Azərbaycan Ordusunun sərhəd boyu nəzarət etdiyi xətdə yerləşir, bu kəndlərin ermənilərin nəzarətinə keçməsi üçün qoşunlarımız dayandığı xətdən geri çəkilməlidir. Və Paşinyan bununla hər iki halda qazanclı çıxmaq istəyir: ya anklavlar məsələsi arxa plana keçəcək, ya da “erməni kəndləri” dedikləri əraziləri nəzarətə götürməklə Azərbaycan ordusunun geri çəkilməsinə nail olacaq;
Ermənistan kommunikasiyanın açılmasında “ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsiplər” prinsipi ilə Zəngəzur dəhlizini vermir, Naxçıvana çıxışı “yol məntiqi” ilə açır.
Bu situasiya Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını çətinləşdirir, eyni zamanda, bölgədə qarşıdurmanın yeni mərhələsinin başlanacağını göstərir. Bakının öz ərazilərində erməni separatizmini məhv etməsi son üç ildə sülh danışıqlarında irəli sürülən Qarabağ kartını masadan çıxardı, bundan sonra sərhəd məsələsi iki ölkənin, dəhliz məsələsi iki ölkə ilə yanaşı, bölgədə marağı olan qüvvələrin əsas mübarizə platformasına çevriləcək.
Asif Nərimanlı,
Siam.az
Tarix: 5-10-2023, 17:46
Xəbəri paylaş





Xəbər lenti