“Rəsmi Moskva artıq reallıqlarla barışıb və...”

 
Putinin Valdaydakı açıqlamalarının şərhi: “Bir müddət sonra Rusiya sülhməramlılarının Qarabağdan çıxacaqları ilə bağlı da siqnallar var”
Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 5-də  “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda Qarabağ məsələsi ilə bağlı dedikləri çoxları üçün təəccüb doğurdu, təcavüzkar erməni cəmiyyətində isə şok effekt yaratdı. Xüsusilə, Kreml sahibinin Azərbaycanın müsbətinə doğru səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.
Putinin əsas diqqət çəkən fikirlərindən biri Qarabağda fəaliyyət göstərən rus sülhməramlıları barədə oldu. O, böyük ölçüdə sülhməramlıların fəaliyyətinin vaxtından əvvəl başa çatmasının mesajını verdi. Eyni zamanda, həmin qüvvələrin 2020-ci ilin 10 noyabrında əldə olunan bəyanatdakı hüquqlarından başqa heç bir hüquqlarının olmadığını söylədi. Bu da Azərbaycan cəmiyyətində yaranan bəzi narahatlıqların üzərinə soyuq duş səpmiş oldu.
Putinin dediyi bu fikirlər isə çıxışının kulminasiya nöqtəsi oldu: “Qarabağ rəsmən Azərbaycanın tərkibinə keçdi. Müasir Ermənistan dövlətinin mövqeyi belə oldu. Biz nə edə bilərik?”
Putinin dediklərindən bu sitat da hər kəs üçün gözlənilməz olub: “Qarabağ öz müstəqilliyini elan edən zaman heç kəs onun müstəqilliyini tanımamışdı, hətta Ermənistan da... Düzünü desəm, bu mənə qəribə gəlir. Lakin qərar belə olmuşdu, onlar Qarabağın müstəqilliyini tanımamışdılar. Lakin Praqada onlar tanıdılar ki, Qarabağ Azərbaycana məxsusdur. Sonra isə 2023-cü ilin əvvəlində Brüsseldə analoji görüşdə bunu təkrar bəyan etdilər. Bizə bu barədə heç kim deməmişdi. Mən şəxsən bunu mətbuatdan öyrəndim. Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Lakin Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi statusunu müəyyən edib. Bundan sonra Azərbaycan prezidenti görüşlərin birində mənə dedi ki, ”görürsüz hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir". Bilirsiz, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu keyfiyyətdə dəyişikliyə uğradı. Azərbaycan Prezidenti dedi ki, sizin sülhməramlılar bizim ərazimizdə yerləşir. Gəlin indi onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq. Ermənistan baş naziri Paşinyan da bunu təsdiq etdi, bəli, siz indi ikitərəfli əsasda razılaşmalısız. Yəni ki, Qarabağ getdi... İndi bu status haqqında nə istəsən demək olar. Bu, əsas məsələ idi, ötən on illiklər ətrafında hər şey onun (statusun-red.) ətrafında fırlanırdı. Bitdi. Ermənistan onu həll etdi".

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Putin Qarabağla bağlı çıxışında çox ciddi məqamlara toxunub: “Əslində Putin bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair bəyanatından sonra da səsləndirmişdi. 44 günlük ikinci Qarabağ savaşındakı qələbəmizdən və bunun ardınca Qarabağ torpaqlarımızda suverenliyimizin bərpa olunması istiqamətində atdığımız  addımlardan sonra Rusiya hər dəfə əndişələnirdi.
Rusiya prezidentinin və Rusiyanın digər rəsmilərinin çıxışlarında ikibaşlı fikirlər, sülh müqaviləsinin imzalanması ilə bağlı onların oynadıqları oyunlar, bizə əsas verirdi deyək ki, 44 günlük zəfərdən sonra da Rusiyanın Qarabağ siyasətində heç nə dəyişməyib. Onlar bu münaqişə ocağının söndürülməsini necə ki, bütün tarix boyu istəməyiblər, indi də istəmirlər. Qarabağ probleminin çözülməsi istiqamətində atdığımız hər pozitiv addıma dərhal öz qərəzli mövqeyini rəsmi şəkildə ortaya qoyan Rusiya hökumətindən yaxşı nəsə gözləmək mümkün deyildi.
Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla erməni xalqına tarixi bir xidmət göstərmiş oldu. O, bu addımı ilə Ermənistanı bir dövlət kimi məhv olmaqdan xilas etdi. Əslində hakimiyyətə gəldiyi ilk günlərdə Paşinyan özü də Qarabağla bağlı gerçəkləri o qədər dərindən dərk edə bilmirdi. Lakin hakimiyyətdə olduğu bir müddət sonra Qarabağ ətrafında hadisələrin inkişafı ona yaranmış durumda ən doğru yolun Azərbaycanın ərazi bütövlüyünün tanınması olduğunu başa saldı. 
Putin və onun komandası Paşinyanın onların xəbəri olmadan Azərbaycanın ərazi bütövlüyünü tanımasından şok olmuşdular. Onlar utanmadan deyirdilər ki, biz Qarabağı Ermənistana verdik, lakin Ermənistan bunu qəbul edib, saxlaya bilmədi.
Paşinyanın ərazi bütövlüyümüzü tanımaqla bağlı atdığı addımlardan sonra Rusiya rəsmilərinin çıxışlarına qulaq asdıqca, başa düşürsən ki, Rusiya həqiqətən də özünün murdar Cənubi Qafqaz siyasəti çərçivəsində Qarabağdakı münaqişə ocağını əbədi saxlamağı düşünürmüş. Tarix boyu rus dövlətinin xarici siyasətinin fəlsəfəsi özgə ərazilərdə xalqlar arasında qarşıdurma yaradıb, öz  maraqlarını reallaşdırmaqdan ibarət olub. Və bu gün də Rusiyada hakimiyyətə demokratik dəyərlərə hörmətlə yanaşan bir şəxs gələrsə belə, o da rus xislətini dəyişə bilməyəcək və daha çox bunu istəməyəcək. Bunların ən böyük demokratı müstəqilliyin ilk illərində prezident olmuş, içki düşkünü Boris Yeltsin oldu. O da Qarabağ məsələsində lənətlənmiş rus çarı Pyotrun vəsiyyətlərinə söykənərək davranırdı. Biz bunun belə olduğunu onun hakimiyyəti dövründə yaxından görə bildik. Mən şəxsən Yeltsenlə Ulu Öndər Heydər Əliyev arasında  Moskvada Qarabağ ətrafındakı problemlərin çözülməsi ilə bağlı müzakirələrdə iştirak edib, Yeltsenin necə “demokrat” olduğunun şahidi olmuşam.  Bir sözlə, rus xisləti heç vaxt dəyişmir. “Qozbeli qəbir düzəldər” - deyiblər".
Sabiq nazir Kreml sahibinin çıxışındakı pərdəarxası məqamlara da aydınlıq gətirdi: “Vladimir Putin Valdaydakı son çıxışı ilə bir çox mesajlar verdi. İlk növbədə o, Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi tanımasından çox məyus olduğunu gizlətmədi. Bununla o, eyni zamanda Ermənistandakı oyuncaq rusyayönlü müxalifətə bir daha ”Qarabağın əldən getməsində mən deyil, Paşinyan günahkardır" mesajını ötürdü. Putin və onun hakimiyyətində təmsil olunan siyasilər anlamaq istəmirlər ki, Ermənistanda yaşayan ermənilər Qarabağ oyunlarından və bu oyunlarda Rusiyanın absurd dirijorluğundan usanıblar. Bu səbəbdən də Qarabağı rədd edib, Rusiyadan asılılığı bitirmək, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırıb, insan kimi yaşamaq seçimi ediblər. Rusiya, onun başında dayananlar isə ermənilərə deyirlər - “sizi sevəcəyik, siz sevməsəz də...”. Bu “sevginin” kökünü isə vaxtı ilə Azərbaycan torpaqlarında Ermənistan dövlətini yaratmaqları ilə əlaqələndirirlər. Yəni ruslar bu gün ermənilərə “sizin yaşadığınız dövlət bizim övladımızdır, bu səbəbdən sizin hər cür ərkəsöyünlüyünüzü qəbul edirik, bircə bizi Ermənistandan qovmayın” desələr də, bu gedişlərin heç biri işləmir. Erməni xalqı Rusiyanın eybəcər Qarabağ siyasətindən bezib. Rusiya isə inanmaq istəmir ki, Qafqazda Ermənistanı artıq itiribE 
Valdayda Putinin bir başqa mesajı isə Qarabağda qalmış “sülhməramlılarla” bağlı oldu. O, Prezident İlham Əliyevin Ermənistanın ərazi bütövlüyümüzü tanımasından və Qarabağda suverenliyimizin bərpa edilməsindən sonra “sizin sülhməramlıların müstəqil dövlətin ərazisində nə işi var” mesajını dilə gətirdi. Və bununla da o mesaj verdi ki, əgər bizim sülhməramlılar sabah Qarabağdan getsələr, bilin ki, bunu mən etmədim, Ermənistan hökuməti etdi.
Sülhməramlılar isə təbii ki, gedəcəklər. Çünki onlar istəmədən də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev onların misiyasının vaxtından əvvəl bitməsini təmin etdi".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Putin iqtidarının reallıqlarla barışdığını düşünür: “Putinin Valdayda Qarabağla bağlı suallara verdiyi cavabları dəyərləndirərkən ilk öncə onun niyə məsələyə bu qədər konkret münasibət göstərməsinin səbəblərinə baxmaq lazımdır. Bundan öncəki Valday toplantısında o daha fərqli münasibət ortaya qoymuşdu. Hətta Qarabağın gələcək statusu ilə bağlı da müəyyən fikirlər səsləndirmişdi. Bu dəfə isə Ermənistanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıdığına görə problemin hüquqi və faktiki cəhətdən sona çatdığını bildirdi. Hətta bir məqamı da vurğuladı ki, Qarabağda artıq erməni əhalisi demək olar qalmayıb və sülhməramlıların məsələsini də yalnız Azərbaycanla müzakirə edə bilərik. Son vaxtlar Fransanın, Almaniyanın və bir sıra dairələrin Azərbaycanın üzərinə indiyədək görülməmiş şəkildə gəlmələrinin əslində bir səbəbi var idi. Xeyli müddətdir ki, məhz Fransa bölgəyə BMT sülhməramlılarının yerləşdirilməsi ilə bağlı böyük kampaniya aparırdı. Azərbaycan belə bir hal olarsa, problemin kökündən həllinin on illərlə dondurulacağını yaxşı bildiyindən buna qarşı idi. Amma son vaxtlar belə bir sülhməramlı missiyanın Azərbaycanın iradəsindən asılı olmadan bölgəyə yerləşdirilməsinin yolları barədə ciddi müzakirələr gedirdi. Bundan eyni zamanda, Rusiya da narahat idi. Çünki belə bir hadisə baş verəcəyi halda rus sülhməramlıları ya bölgədən çıxmalı idilər, ya da açıq şəkildə BMT çətiri altında regiona gəlmiş sülhməramlılarla toqquşmalı idilər. Hər iki hal Rusiya üçün qəbuledilməzdir. Birinci halda regiondan çıxmaq təsir dairəsini Qərbə təhvil vermiş kimi olacaqdı, ikinci halda isə Ukrayna bataqlığından çıxmağa çalışdığı bir zamanda yeni qaynar nöqtə yaradaraq demək olar ki, NATO ilə üz-üzə qalacaqdı. Sözsüz ki, bunların heç biri rəsmi Kremli qane etməyəcəkdi. O səbəbdən Azərbaycanın apardığı antiterror əməliyyatı ilə separatçı rejimi tam diz çökdürməsi hazırlanmış planları dalana dirədi. Yuxarıda göstərdiyim səbəblərdən dolayı bundan Rusiya da öz dividentini götürdü. Onun üçün qırmızı xətt olan qərbin BMT qüvvələri adı altında, yaxud hansısa başqa bir statusda regiona girişi bloklandı. Azərbaycan isə təbii ki, daha artığını qazandı. Artıq bir müddət sonra Rusiya sülhməramlılarının Qarabağdan çıxacaqları ilə bağlı da siqnallar var. Putinin Valdayda ”Qarabağda demək olar ki, erməni yoxdur" deməsindən sonra, öz sülhməramlılarının məsələsini yalnız Azərbaycanla müzakirə edəcəyini bildirməsi də bu perspektivin tez reallaşa biləcəyinə işarədir. Yəni Qarabağda Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul edəcək ermənilər olacaqsa da, onların hər hansı sülhməramlılar tərəfindən qorunmağa ehtiyacı qalmayacaq. Çünki bunu Azərbaycan dövləti həyata keçirəcək. O səbəbdən hesab edirəm ki, Putinin Valdayda indiyədək görünməmiş şəkildə hadisələrə bu şəkildə obyektiv qiymət verməsi, yəni Azərbaycanı bütün istiqamətlərdən müdafiəsi kimi görünən fikirlər söyləməsi bizə qarşı olan xüsusi simpatiyasından irəli gəlmirdi. İlk növbədə, rəsmi Moskva artıq reallıqlarla barışıb və Azərbaycanın regionda öz sözü və mövqeyi olan dövlət kimi qəbul edib. Digər tərəfdən hazırdakı zəif durumunda Qərbin Qarabağ kartından istifadə etməklə uzun müddət regionda yerləşməsinin qarşısını almaq üçün bu mövqeyində israr etdi".
Tarix: 7-10-2023, 11:40
Xəbəri paylaş





Xəbər lenti