“Bu hücumun arxasında Hindistan-Yaxın Şərq dəhlizini əngəlləmək cəhdi də dayana bilər...”

“Bu hücumun arxasında Hindistan-Yaxın Şərq dəhlizini əngəlləmək cəhdi də dayana bilər...”
"Rusiyanın sözügedən hücum əməliyyatına bağlılığı barədə versiyaya gəldikdə, nəzəri, hipotetik baxımdan bu da mümkündür..."
 
“Və biz dəfələrlə eşitmişik ki, İsrailin müvafiq qurumları hətta Qəzada yaşayan insanların adbaad telefon nömrələrinə qədər bilirlər və onların telefon danışıqlarına da nəzarət edirlər...”
 
“HƏMAS”ın İsrailə son gözlənilməz və genişmiqyaslı  hücumundan sonra  yaranan versiyalardan biri də  belədir ki, İsrail kəşfiyyatının həmin hücumundan vaxtında xəbər tutmamasında, eləcə də İsrail ordusu haqda məlumatların qarşı tərəfə sızmasında dünyanın, xüsusən Qərbin diqqətini Ukraynadan yayındırmaq məqsədi güdən Rusiya xüsusi xidmət orqanlarının  rolu olub. Netanyahunun təkrar hakimiyyətə qayıtmasından bəri Moskva ilə xeyli yaxınlaşmaq siyasəti Kremlə imkan yaradıb ki, özünün İsraildə, xüsusən bu ölkənin Müdafiə Nazirliyi və ordusu daxilindəki agentura şəbəkəsini gücləndirsin. Məhz həmin şəbəkə “HƏMAS”a böyük kəşfiyyat dəstəyi verib. Görəsən, bu versiya nə dərəcədə gerçəyə uyğundur?..
 
Məsələ ilə bağlı Moderator.az-a açıqlamasında  siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
 
“Hal-hazırda “Həmas”ın İsrailə hücumu, bunun səbəb və nəticələri haqda çoxsaylı versiyalar mövcuddur. Xüsusilə də həmin hücumun arxasında kimin durması, onu kimin təşkil etməsi ilə bağlı çoxlu ehtimallar irəli sürülür.  Məsələn, dünən ABŞ-ın “Uolstrit Cornal” nəşri belə bir məlumat yayıb ki, “HƏMAS”ın hazırlanmasında birbaşa İranın İslam İnqilabı Keşikçiləri korpusu, yəni "SEPAH" iştirak edib. Hətta bu işə kimlərin qatılması, görüşlərin harada keçirildiyi də göstərilir. Konkret olaraq Livanın paytaxtı Beyrutdan söhbət gedir. Bundan başqa, deyilənlərə sübut kimi göstərilir ki, “HƏMAS” döyüşçülərinə həmin “SEPAH”-ın mütəxəssisləri təlim keçib. Və s.
 
Hər bir halda “HƏMAS”ın hücumundan açıq görünür ki, onlar yalnız döyüşçü kimi hazırlqlı olmayıblar, həm də İsrail ordusunun mövqeləri və imkanları haqda kifayət qədər kəşfiyyat məlumatlarına da malik olublar. Bu baxımdan aydın olur ki, əməliyyatın zaman seçimi, taktiki detalları çox yükşək peşəkarlıq səviyyəsində həyata keçirilib. Bəs bu dəstək kimin tərəfindən verilibdi?..
 
Versiyalar arasında, dediyiniz kimi, Qərbin diqqətini Ukraynadan yayındırmaq məqsədi güdən Rusiyanın İsrailə hücumda “HƏMAS”a dəstək verməsi də səsləndirilir. Hərçənd bu, baş vermədi. Bilirsiz ki, elə məhz İsrailə hücumun ertəsi günü ABŞ prezidenti C.Bayden Ukraynaya 100 milyard dollarlıq hərbi yardım ayırmaq barədə Konqresə müraciət etdi. Deməli, hətta sözügedən versiya özünün doğrultsa da, o, göstərici deyil, yəni belə bir plan olubsa da, o, öz nəticəsini verməyib.
 
Artıq bu barədə konspiroloji versiyalar da irəli sürülməkdədir. Hətta bəziləri iddia edirlər ki, guya “HƏMAS”ın hücumu öz hakimiyyətini möhkəmlətməyə çalışan Netanyahuya lazım olub. Amma əslində onun mövqelərinin zəif olması haqda ortalıqda heç bir fakt da yoxdur...
 
Bir sözlə, versiyalar çox olsa da, “HƏMAS”ı kimin bu hücuma yönləndirməsi haqda konkret və ciddi dəlil-sübutlar yoxdur. Lakin hər bir halda ortada bir fakt mövcuddur ki, “HƏMAS”ın əməliyyatına informasiya dəstəyi çox məlumatlı, İsrail daxilində kəşfiyyat aparmaq imkanı olan hansısa bir ölkənin xüsusi xidmət orqanlarından gəlibdir. Artıq bu, aksiomdur. Əgər “HƏMAS” yaraqlıları hətta İsrailin xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanının, briqada generalının evinin yerinədək bilibsə, gedib onu oradan götürüblərsə, deməli, həmin təşkilat üzvləri nəinki bu İsrail generalının evinin yeri, hətta onun evində olub-olmaması haqda da məlumatlara sahiblənə biliblər”.
 
Analitik hesab edir ki, Moskvanın “HƏMAS”a dəstək verməsi nəzəri, hipotetik baxımdan mümkündür. Amma...
 
“Konkret Rusiyanın sözügedən hücum əməliyyatına bağlılığı barədə versiyaya gəldikdə, nəzəri baxımdan, hipotetik baxımdan bu mümkündür... Bu hücumun arxasında İran ola bilərmi? Ola bilər. Üstəlik də İran açıq şəkildə “HƏMAS”-ın əməliyyatını dəstəkləyir...” 
 
“Xülasə, bu gün hələlik İsrailə hücum barədə birmənalı fikir söyləmək, mülahizə yürümək çətindir. Amma bir versiya artıq faktdır ki, İsrailin bu qədər güclü sayılan, dünyanın müxtəlif nöqtələrində uğurlu əməliyyatlar keçirməklə qürrələnən, peşəkarlıq səviyyələri haqda  əfsanələr dolaşan xüsusi xidmət orqanları öz qulaqlarının dibində bu miqyasda hücum əməliyyatı hazırlanmasını nəzərdən qaçırıblar. Bu daha ciddi sualdır ki, həqiqətən nə baş verib. Nə baş verib ki, nə İsrailin ordusu nəzdində olan hərbi kəşfiyyatı, nə ölkənin daxilindəki kəşfiyyatı “Şabak”, nə onun dünyaca məşhur xarici kəşfiyyatı “MOSSAD”, ən azı, günlərlə hazırlığı gedən bu əməliyyatın hazırlanmasından xəbərsiz olub? Ən azı, texniki vasitələrin toplanması, onların hazırlanması, yerləşdirilməsi, istifadə edilməsi– bunların hamısı müəyyən vaxt apardığından nəzərdən qaçırılmamalı şeylərdir. Özü də Qəzza bölgəsi elə bir ərazi deyil ki, oraya nəzarət etmək mümkün olmasın. Və biz dəfələrlə eşitmişik ki, İsrail qurumları hətta Qəzada yaşayan insanların adbaad telefon nömrələrinə qədər bilirlər və onların telefon danışıqlarına da nəzarət edirlər. Ancaq birdən məlum olur ki, bütün müşahidə qurğuları, bütün nəzarət  sistemləri belə bir vacib məsələdə işləməyibdir. Və nəticədə “HƏMAS” İsrailin ərazisinə daxil olaraq 20-dən artıq yaşayış məntəqəsini, bir neçə bazasını ələ keçirib, tanklarını vurub. Bu, həqiqətən biabırçılıqdır. Bax, bu məsələ, hesab edirəm ki, daha aktualdır. Və bunun səbəbi araşdırılanda yəqin ki, əsil səbəblər ortaya çıxacaqdır və mümkündür ki, hətta əsil səbəbkar da aşkar edilcəkdir. Qaldı hansı kəşfiyyatın, hansı xüsusi xidmət orqanının “HƏMAS”a dəstək verməsinə, mənə elə gəlir ki, bu gün artıq dünyanın bir sıra kəşfiyyat qurumları kifayət qədər yetkin hala gəlib çıxıb, yetərincə təcrübə toplayıb. Belə düşünsək, İsrailə qarşı əməliyyatın informasiya dəstəyini “HƏMAS”ın özünün və ya “Hizbullah”ın, yaxud İranın və ya Rusiyanın kəşfiyyat qurumu da həyata keçirə bilərdi”,- deyən Ərəstun Oruclu tamam başqa bir versiya üzərinə diqqət çəkib.
 
“ Açığı, mən düşünürəm ki, bu əməliyyatın arxasında Rusiya-Ukrayna savaşından diqqəti yayındırmaqdan daha çox bir qədər əvvəl razılığı əldə olunmuş Hindistan-Yaxın Şərq dəhlizinin qarşısını almaq cəhdi dayanır. Və faktiki olaraq Yaxın Şərq böyük savaşa çəkilir. Çünki bu hələlik “HƏMAS”dır, ortada “Hizbullah” var, ortada “Hizbullah”ın Livan və Suriya qanadları var, İranın “SEPAH”ı var və əlbəttə ki, Rusiyanın Suriyadakı qoşunları var və nəhayət, Əsəd rejiminin özü var. Bax, gördüyümüz budur ki, böyük bir müharibə təhlükəsi yaranıbdır. Bu savaşda kimlər maraqlıdır. “İran maraqlıdırmı- maraqlıdır. “Hizbullah” maraqlıdırmı- maraqlıdır. Rusiya maraqlıdırmı- əlbəttə, maraqlıdır. Çünki dediyim kimi, həmin savaşla Yaxın Şərqdə yeni layihənin qarşısı alınmış olur. Və hər bir ölkə, o cümlədən Rusiya Yaxın Şərqdə öz gücünü göstərməyə çalışır. Yəni Moskva Ukraynada onun qarşısına çıxarılan gücə alternativ olaraq Yaxın Şərqdə öz rəqiblərinin qarşısına güc çıxarır.  Sonda dediyim kimi, bunlar hamısı nəzəri baxımdan mümkündür. Lakin hələlik ortada heç bir fakt yoxdur, reallıq budur”,- deyə  ekspert vurğulayıb.

Tarix: 9-10-2023, 15:11
Xəbəri paylaş





Xəbər lenti