MOSSAD RƏHBƏRLİYİ HƏMAS-ın PLANINI BİLİRDİ? – Və ya ortada daha “böyük plan” var?


Bütün dünya mətbuatı HƏMAS-ın İsrailə hücumundan danışır, amma bununla bərabər, hər kəsin beynini bir sual məşğul edir: “Doğrudanmı, İsrail kəşfiyyatı bu plandan xəbərsiz olub?”
Oktyabrın 7-də başlayan döyüşlərdən sonra, hər iki tərəfdən ölü sayı 1500-ü keçib, yaralıların sayı isə 4000-ə çatıb.
Bu itkilərin qarşısını almaq mümkün idimi?
Misir kəşfiyyatının rəsmilərindən biri Qərb mediasına bu barədə günlər əvvəl israilli həmkarlarına xəbər verildiyini bildirib.Lakin İsrail kəşfiyyatı əsas təhlükənin İordan çayının Qərb sahilində yerləşən Fələstin icmaları tərəfindən gələcəyini təxmin edib.
Bir çox ekspertlər hesab edir ki, İsrail kəşfiyyatının bu və digər planları bilməməsi, xüsusilə də, 24 saat peyk və dronlar vasitəsilə müşahidə olunan Qəzza zolağında hərəkətliliyi görməməsi məntiqə sığmır.
Ola bilər ki, bütün planlaşdırma HƏMAS rəhbərliyi səviyyəsində tam gizli aparılıb. Amma ola bilməz ki, İsrail kəşfiyyatına “işləyən” sıravi bir HƏMAS üzvü hansısa hərəkətlənmə, məsələn, buldozerin sərhədə yaxınlaşması barədə özünün MOSSAD-dakı kuratoruna xəbər verməsin.
Bugünkü vəziyyəti təhlil edərkən bir az keçmişə də baxmaq lazımdır. İsrail hakimiyyətində və güc strukturlarında Fələstinlə dialoq məsələsinə yanaşma birmənalı deyil. Həmçinin, İsrail cəmiyyətində də....
Bir müddət əvvəl İsraildə hasitlərin Fələstin bayrağı ilə yürüşünü də yaddan çıxarmaq olmaz. Yəni, İsraildə bəzi qüvvələr Fələstinlə dialoqun və sülhün tərəfindədir, bəzi qüvvələr isə daha radikal addımları dəstəkləyir.
Məsələn, radikallar Qəzzanın tamamilə işğalını və HƏMAS-la yanaşı, onları dəstəkləyən mülki təbəqənin də öz evlərindən deportasiya edilməsini istəyir.
Hazırda İsrail mətbuatında da bu və digər siyasi dairələr tərəfindən bu çağırışlar var və Netanyahu hökuməti də məhz bu yöndə hərəkət edir. Hər halda, hökumət daha yumşaq davranış göstərsə, müxalifət və ictimaiyyət tərəfindən sərt tənqid olunar... Çünki xalq qəzəblidir, minlərlə insan hücuma məruz qalıb.

Beləliklə, çox güman ki, MOSSAD və İsrail hakimiyyətində Qəzzanın tamamilə işğalını istəyən dairələr bu “hərəkətlilik”də hansısa fürsət görüblər.
Konspirasiya ilə oxucuları yormaq fikrim də yoxdur... Lakin nə deyirsiniz deyin, dünyanın ən qabaqcıl xüsusi xidməti sayılan MOSSAD belə bir məsələdə - xüsusilə də, illər boyu çalışdığı mövzuda “əllərini qaldırırsa”, demək ki, nəsə yolunda getmir. Yaxud, bu hadisələr kimlərinsə “böyük planına” uyğun gəlir. Fərqi yoxdur, nəyin bahasına..
Və hazırda İsrailin sadə vətəndaşları da, Qəzzanın dinc sakinləri də əziyyət çəkir, öz yaxınlarının yasını tuturlar.
Rüfət Əhmədzadə
AzPolitika.info
Tarix: 10-10-2023, 10:25
Xəbəri paylaş





Xəbər lenti