Rusiya Qarabağda münaqişəyə nöqtə yox, vergül qoyur

Sülhməramlılarla bağlı açıqlama Qaluzinin şəxsi fikri deyil, Kreml bu yolla Bakının nəbzini yoxlayır; “Valday” konfransında Putinin Qarabağla bağlı dediyi “məsələ bitdi” fikri niyə “unudulur” - rəylər
Azərbaycanın məlum antiterror tədbirlərindən sonra Qarabağda Rusiya sülhməramlı qüvvələrinin gələcəyinin necə olacağı əsas müzakirə mövzularından birinə çevrilib. Rusiya sülhməramlı kontingenti Ağdərədə, Əsgəran və Şuşa rayonlarında tərəflər arasında keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrini söküb.
Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində həmçinin deyilir ki, silah, hərbi texnika və sursat anbarlarının mühafizəsi Rusiya-Azərbaycan birgə mühafizə postları tərəfindən təşkil edilib. Xüsusilə erməni mediası iddia edir ki, artıq Qarabağda rus hərbçilərinin saxlanılmasına ehtiyac yoxdur. Hətta guya 2023-cü il noyabrın 1-dək Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk edəcəyinə dair “məlumatlara malik olduğunu” yazır. Rus politoloq Dmitri Solonnikovun fikrincə, hazırda əldə 2020-ci ilin 44 günlük müharibəsinin nəticələrinə uyğun imzalanmış sənəd var: “Bu sənəddə Rusiya sülhməramlılarının 5 il, yəni müvafiq olaraq 2025-ci ilə qədər qalma müddəti göstərilib. Amma başa düşürük ki, sənəd müəyyən şərtlərlə imzalanıb, indi isə dünyada tamam başqa vəziyyət var və iki ildən sonra durumun necə olacağını proqnozlaşdırmaq çox çətindir, demək olar ki, mümkün deyil”.
Onun sözlərinə görə, indiki status-kvodan çıxış etsək, Rusiya sülhməramlılarının regionu daha tez tərk etməsi mümkündür. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-yə müsahibəsində Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində qalmasının mümkünlüyü haqda danışıb. Onun fikrincə, “münaqişə vəziyyətinə son nöqtə hələ müəyyən edilməyib”. Qarabağın bir çox sakininin könüllü olaraq bölgəni tərk etmək qərarına gəlməsinə baxmayaraq, Qaluzin əmindir ki, Rusiyanın sülhməramlı missiyasına hələ də tələbat var. O, həmçinin Rusiya, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi inteqrasiya, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması və iki ölkə arasında əlaqələrin qurulması ilə bağlı üçtərəfli sazişlərin vacibliyini vurğulayıb: “Bütün bunlar birlikdə normallaşma üçün qarşılıqlı məqbul şərtlərə gətirib çıxarmalıdır”, - deyə əlavə edib.
Qaluzin həmçinin Rusiya sülhməramlı kontingentinin Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında təmasların aparılmasında rolunu vurğulayıb və regionda sabitliyin təmin edilməsi üçün onların davamlı iştirakının zəruriliyini bildirib. Bundan əlavə, Qaluzin qeyd edib ki, Zəngəzur dəhlizinin açılması “Zaqafqaziyada ümumi sabitləşmənin mühüm amilinə” çevriləcək. “Bu, bütün Transqafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Zaqafqaziyada vəziyyətin ümumi sabitləşməsi isə gələcək üçün Ermənistan və Azərbaycan arasında etimad əsaslarının möhkəmlənməsinə xidmət edəcək”, - deyə xarici işlər nazirinin müavini qeyd edib.
Lavrovun müavini “münaqişə bitməyib” deyəndə nəyi nəzərdə tutur və Rusiya regionu tərk etməmək üçün yeni hansı addımlar ata bilər?
“Qarabağdakı Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına töhfə verməyə hazırdır, ABŞ və Avropa İttifaqı isə bölgəyə qeyri-sabitlik toxumları səpir”. Bu barədə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət edilməsi - qarşılıqlı əlaqələrin, beynəlxalq sülh və sabitliyin açarıdır” adlı məqaləsində yazılıb. Məqalədə qeyd olunur ki, hazırda Brüssel öz geosiyasi ambisiyalarının düşünür, Azərbaycan və Ermənistana öz “vasitəçilik xidmətlərini” sırımaq istəyir, Vaşinqtonla birlikdə Cənubi Qafqazda sabitliyi pozur. “İndi iki ölkənin rəhbərliyi suverenliyinin qarşılıqlı tanınması məsələsini öz aralarında həll etdikdən sonra dinc həyat qurmağın, öz aralarında etimadı gücləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti isə öz növbəsində bu prosesə hər cür töhfə verməyə hazırdır”, - deyə Rusiyanın XİN başçısı qeyd edib

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Qaluzinin münaqişə deyərkən nəyi nəzərdə tutduğu aydınlaşmır: “Hazırda reinteqrasiya prosesi getməkdədir. Bəlkə erməni əhalisi ilə təmaslara görə belə fikir səsləndirir. Hər halda, biz üçtərəfli sənədin 4-cü bəndini icra etmişik, demilitarizasiyanı reallaşdırmışıq, de-fakto və de-yure Qarabağ iqtisadi rayonu Azərbaycanın tabeliyinə keçib. Amma yanvarın 1-dək tam təhvil-təslim prosesi gedəcək. Gələn ildən isə dövlət idarələri fəaliyyətə başlayacaqlar. Ola bilsin ki, Qaluzin bunu nəzərdə tutur”. Polkovnik qeyd etdi ki, erməni sakinlərin vətəndaşlığa qəbulu başlayıb, kimlər şərtlərimizlə razılaşıbsa, Qarabağda qalıb yaşayırlar: “Artıq Azərbaycanın bəzi qurumları işlərini davam etdirirlər. Reinteqrasiya başa çatanda bu problemə də son qoyulacaq, onda münaqişə ifadəsini işlətməzlər. Sülhməramlılara gəlincə, biz də deyirik ki, hələ onlara zərurət var, reinteqrasiyanı birgə həyata keçiririk. Putinin sözlərini də nəzərə alsaq, onlara böyük ölçüdə lüzum yoxdur. Yəni 2025-ci ildən sonra onlara ehtiyac yaranmayacaq. Hər şey Azərbaycan dövlətinin mövqeyindən asılı olacaq”.

Analitik Elxan Şahinoğlunun fikrincə, Qaluzinin “Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq” açıqlamasını cavabsız qoymaq olmaz. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində Qaluzinin bu sözlərinə cavab verilməlidir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin davam etməsinə ehtiyac qalmayıb: “Məsələ burasındadır ki, sülhməramlılarla bağlı açıqlama Qaluzinin şəxsi fikri deyil, Kreml bu yolla yenə nəbzimizi yoxlayır. Deməli, Kremlin Qaluzin vasitəsilə bizə göndərdiyi mesaj cavabsız qalmamalıdır. Cavab mesajında Rusiya prezidenti Vladimir Putinin bugünlərdə "Valday" konfransında Qarabağla bağlı dediyi “məsələ bitdi” fikri də xatırladılmalıdır".

Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova indiki halda rus hərbçilərinin bir müddət Xankəndidə qalacağını düşünür. Onun sözlərinə görə, bu, bizə də sərf edir: “Çünki Avropa Parlamentinin son bədnam qətnaməsində BMT missiyasının bölgəyə yerləşdirilməsinə çağırış edilir. Fransa, Avropa Birliyi də bu mövqeni ürəkdən alqışlayırlar. Ermənistan da böyük həvəslə BMT bayrağı altında Qarabağa sülhməramlı qüvvələrin yerləşməsinə ikiəlli razı olar. Ona görə bu təhlükəni önləmək üçün hazırkı variant daha yaxşı görünür. Bir müddət sonra ruslar da tam gedəcəklər. Azərbaycan özü ərazilərə nəzarət edirsə, əhali ilə təmaslar qurursa, konflikt yoxdursa, beynəlxalq missiyaya ehtiyac görünmür. Sadəcə, Rusiyanın regionda qalmaq üçün indi yeni variantlar düşündüyünü görmək olar. Kreml gözlənilməz vəziyyətlə qarşılaşıb. İndi həm Ermənistanı orbitində saxlamaq, həm də sülhməramlıların bölgədə varlığını davam etdirməsi üçün spekulyasiyalara yol vermək məcburiyyətindədir”.
Emil SALAMOĞLU
Tarix: 11-10-2023, 17:10
Xəbəri paylaş





Xəbər lenti