İSRAİL-FƏLƏSTİN SAVAŞI VƏ DÜNYA GÜCLƏRİNİN RƏQABƏTİ – HƏMAS fələstinliləri nəyin güdazına verir?


Qərbin terror təşkilatı kimi tanıdığı HƏMAS-ın İsrail yaşayış məskənlərinə hücumundan və yüzlərlə günahsız insanı qətlə yetirməsindən sonra dünya ictimaiyyəti televiziya ekranlarından İsrailin buna cavab olaraq havadan Qəzza bölgəsinə necə aviazərbələr endirməsini izləyir. İsrail 1300-dən artıq vətəndaşının öldüyünü və 250 nəfərin girov götürüldüyünü bildirir. Qəzzada isə bombardmanlar nəticəsində artıq 1200 nəfər ölüb və bu rəqəm getdikcə daha da artacaq.
İsrailin Qəzzanı bombalaması heç də ilk hadisə deyil, ən azından son on beş il ərzində blokada altındakı bu zona dəfələrlə bomba yağışına məruz qalıb. İndi beynəlxalq mətbuatda 50 il bundan öncəki “Yom-Kippur müharibəsi” ilə hazırkı vəziyyəti müqayisə edirlər. Amma bütün tarixi bənzətmələr kimi burada da xeyli qüsurlar var.
Şübhəsiz ki, bu hadisələr təsadüfən yaşanmır və baş verənlərin arxasında hansı gerçəklərin dayanmasına keçməzdən öncə ərəblərlə yəhudilər arasındakı qanlı ədavətin tarixinə qısa nəzər salaq.

Yəhudilərlə Fələstin ərəblərinin münaqişəsinin başlanğıc tarixi 1917-cı ildə qəbul olunmuş “Balfur bəyannaməsi”nə kimi gedib çıxır. Birinci Dünya Müharibəsindən sonra yaranmış Millətlər Cəmiyyətinin verdiyi mandata əsasən, Fələstin bölgəsinin idarə edilməsi 1922-ci ildə Böyük Britaniyaya həvalə olunmuşdu. Həmin dövrdə bu əraziyə müasir İsrail, Fələstin, Qəzza və İordaniya daxil idi. Britaniyanın idarəetməsi altında yəhudilərin İordan çayının şərq sahilinə köçü başlanmışdı (Yəhudilərin “aliya” adlandırdığı bu köç dalğası illər keçdikcə daha da böyüyəcəkdi).
Bu illər ərzində Fələstin ərəbləri yəhudilərə və britaniyalılara qarşı bir neçə dəfə hücumlar təşkil ediblər. Gördüyümüz kimi, bu gün baş verən qanlı toqquşmalar ən azından yüz ildir ki, davam edir və onun nə zaman bitəcəyi bəlli deyil.
Hal-hazırda təhlilçilərin ən çox üzərində dayandığı məqam HƏMAS-ın gözlənilməz hücumunun arxasında hansı qüvvələrin durması və buradakı məqsədin nədən ibarət olmasıdır.
ABŞ mətbuatının yazdığına görə, Qəzza sektorunda bazalaşan HƏMAS hücumdan öncə Livanın paytaxtı Beyrutda İranın “Sepah”-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə gizli görüş keçirib. Əgər bu olanların arxasında İran dayanırsa, o zaman məntiqlə yanaşsaq, HƏMAS yalnız icraçıdır və bunun nəylə nəticələnəcəyi barədə dərindən düşünməyib. Düzdür, HƏMAS həmişə İsraildən qisas alacağını bəyan edib və onun hücum edəcəyi heç kimdə şübhə doğurmayıb, amma bunu necə və hansı üsullarla həyata keçirəcəyi aydın deyildi.
Qəzzadakı silahlı dəstələrlə İsrali ordusu arasındakı qüvvələr nisbəti tərs mütənasibdir. Digər yandan, HƏMAS-ın kustar üsulla hazırladığı kiçik “Kassam” raketləri ilə İsrailin hərbi və strateji obyektlərinə böyük tələfat verilməsi mümkün deyil. Bir də ki, bu raketlərin əksəri “Dəmir günbəz” sistemi tərəfindən havada məhv edilib. HƏMAS yaraqlılarının effektli hücumu yalnız qurudakı blokadanı yarıb İsrail ərazisinə girməklə ola bilərdi ki, fələstinlilər də məhz bu yolu seçdilər. Əlbəttə, beton və məftil sədləri dağıdıb İsrailə məxsus yaşayış yerlərinə qəflətən hücum etmək, yaxınlıqdakı hərbi mühafizə məntəqlərindəkiləri və mülki şəxsləri qəddarcasına öldürmək və yüzlərlə insanı girov götürmək mümkün əməliyyat idi. “Əqsa fırtınası” əməliyyatı zamanı dinc insanların qətlə yetirilməsi fələstinlilərin mücadiləsinə rəğbətlə yanaşanların hamısında ikrah hissi oyadıb.
Bəs bütün bunları HƏMAS liderləri anlamırdılar?
Onların arxasında hansı qüvvənin durmasına, kimlər tərəfəindən təhrik edilmələrinə baxmayaraq, yekun qərarı məhz Fələstin liderləri verməliydilər. Hələ öncədən də aydın idi ki, İsrail bu qəfil hücumun qisasını çox amansızcasına alacaq. Onu da deyək ki, bundan qabaqkı dönəmlərdə də İsrail dəfələrlə Qəzza sektoruna avia hücumlar təşkil etmişdi və nəticədə yüzlərlə ölən və yaralananlar olmuşdu. Həmin hücumlar zamanı İsrail HƏMAS-ı məhv etməyi qarşısına məqsəd qoysa da, buna nail ola bilməmişdi. Digər tərəfdən isə çoxsaylı insan ölümünə qarşı dünyanın bir çox böyük dövlətləri tərəfindən ciddi etirazlar baş qaldırmışdı. Lakin indi vəziyyət dəyişib.
HƏMAS silahlıları mülki şəxslərə qarşı terror həyata keçirməklə nəyi qarşılarına məqsəd qoyublar, onlar bununla hansı strateji planı yerinə yetirə bilərdilər? Deməli, belə çıxır ki, HƏMAS-ı bu hücuma hazırlayan hansısa bir qüvvə daha böyük məqsəd güdüb.
İndi beynəlxalq arenadakı nüfuzlu tədqiqat mərkəzləri və tanınmış təhlilçilər bu əməliyyatın pərdə arxasında hansı planların qurulduğunu, dünyanın və regionun əsas geostrateji oyunçuları arasında gedən rəqabətin başlıca məqsədinin nədən ibarət olduğunu izah etməyə çalışırlar. Ümumiyyətlə, müharibənin ilk günlərindən ərsəyə gələn nəticəni və qənaəti xaraker baxımından üç hissəyə ayırmaq olar.

Birincisi, hesab edilir ki, HƏMAS-ın hücumunda İran, Rusiya və Çin maraqlıdır. İran baş verənlərlə heç bir əlaqəsinin olmadığını desə də, HƏMAS-ın müqavimət haqqını dəstəklədiyini bəyan edib. İran fələstinlilər və İsrail arasındakı münaqişəni yeni mərhələyə çıxarmaq niyyətindədir. İran müsəlman dünyasına göstərmək istəyir ki, baxın və görün ki, mən əzabkeş fələstinli müsəlmanları necə dəstəkləyirəm. Yəni, Tehran təkcə şiələrin yox, eyni zamanda bütün islam aləminin rəğbətini qazanmağı düşünür. İran 1987-ci ildə qurulmuş HƏMAS-ın İsrailə qarşı mücadiləsinin haqq iş olduğunu həmişə bəyan edib. HƏMAS İsrailə qarşı silahlı müqavimət yolunu tutub ki, bu da İrana olduqca sərf edir. HƏMAS-ın indiki aktivləşməsi İrana ona görə lazımdır ki, ərəb dünyası ilə İsrail arasındakı münaqişə ocağı sönməsin.
İkincisi, Avropaya çəkiləcək nəqliyyat dəhlizləri uğrunda mübarizə gedir. Son illərdə Çindən və Hindistandan Avropa qitəsinə nəqliyyat dəhlizinin çəkilməsi məsələsi böyük aktuallıq qazanıb. ABŞ Avrasiya qitəsində Çin ilə geostrateji mübarizə aparır. Bir çox Amerika şirkətləri istehsal mərkəzlərini tədricən Hindistana, Vyetnama, İndoneziyaya, Filippinə köçürmək qərarına gəliblər. Proseslərin bu cür cərəyan etməsi Hindistanı önə çıxarır. Hazırda Çin özünün “Bir zolaq, bir yol” layihəsini həyata keçirmək üçün Rusiya və İranla birgə hərəkət edir. Digər tərəfdən isə “Hindistan -Yaxın Şərq-Avropa” dəhlizi gündəmdədir. Həmin layihəyə əsasən Hindistandan Səudiyyə Ərəbistanına, oradan isə İsrailə qədər uzanacaq yeni nəqliyyat xətti çəkiləcək. Sonra isə Hindistandan gətirilən məhsulların dənizlə Yunanıstan limanına daşınması nəzərdə tutulur. Bu yol İranı, Rusiyanı və ən başlıcası isə Çini kənara itələmiş olur. Elə bu məqsədlə də ABŞ Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir və İsrail arasında “İbrahim övladları müqaviləsi” bağlanması məsələsini irəli sürüb və həmin istiqamətdə intensiv görüşlər keçirilib. HƏMAS-İsrail müharibəsinə kimi ərəb dünyası ilə İsrail arasındakı problemlər sanki unudulmuşdu və belə bir müqavilənin imzalanması mümkünüydü. Lakin görünən odur ki, səksən ilə yaxındır ki, bitmək bilməyən İsrail-Fələstin münaqişəsi yenidən alovlanır. Belə olan təqdirdə həm ərəb-yəhudi yaxınlaşmasına zərbə vurulur, həm də Hindistandan Avropaya uzanacaq nəqliyyat xətti təhlükəyə düşür. Mövcud vəziyyətdə Çinlə İran qazanclı çıxırlar.
Üçüncüsü, Rusiya İsraildən Avropaya çəkiləcək qaz kəmərini əngəlləmək məqsədilə İranla birlikdə hərəkət edir. Rusiya və İrana dünya enerji arenasında yeni nəhəngin peyda olması yaxşı perspektiv vəd etmir. Bilindiyi kimi, İsrailin Hayfa şəhərindən 130 kilometr qərbdə Aralıq dənizində “Karaş Tanin” yatağında 100 milyard kub metr, ”Tamar” yatağında 300 mlrd kub metr, ”Leviafan” yatağnda isə 600 milyard kub metr təbii qaz aşkarlanıb. Texniki kəşfiyyat məlumatlarına , “Leviafan” yatağının daha dərin qatlarında 3 trilyon kub metrdən çox təbii qaz var. İsrailin bundan sonrakı mərhələdə Livan sərhədi boyunca “Hizbullah”, Qolan təpələri uğrunda isə Suriya ilə silahlı toqquşmaya çəkiləcəyini istisna etmək olmaz. İranın da burada iştirakı gözləniləndir. Ukrayna ilə müharibə etməsinə baxmayaraq Rusiyanın İrana, Suriyaya və Hizbullaha dəstək verəcəyi ehtimalını da unutmayaq. Çünki söhbət həyati vacib maraqlar uğrunda mübarizədən gedir.
Vaqif Nəsibov
“AzPolitika.info”
Tarix: 12-10-2023, 18:04
Xəbəri paylaş





Xəbər lenti