Qəzzanı fəlakətə salan İran zehniyyəti Bakıya da təhlükədir... - HƏQİQƏTƏN DƏ...
İranın bəlaya saldığı Fələstin xalqı böyük faciə yaşayir. İmkan vermədilər ki, sağlam düşüncəli liderlər meydana çıxıb bir xalqın salamat yaşaması üçün İsraillə müzakirə aparsınlar. Qarşıya çıxan bütün fürsətlər qaçırıldı. Heç Ramallahdakı soydaşlarını da dinləmədilər. Boyunduruqlarını zəkadan başqa hər şeyi olan dinçilərin əlinə buraxdılar; onlar da illərdir öz xalqlarına fəlakət yaşatdılar. İndi də etdikləri vəhşi təxribat nəticəsində 2,5 milyonluq Qəzzəni yer üzündən silirlər.
Ölkəmizdə həmən faciəni bizə də yaşatmaq istəyən zehniyyət sahibi minlərlə dinçi var. Onlar hakimiyyətdə olmasalar da, bir zaman bizlərə də bu problemləri yaşada bilərlər. Onların da boyunduruğu İranın əlində. Bunlar qədər qorxulusu da müstəqil dövlətimizin mahiyyətini, onun fəlsəfəsini anlamayan saxta vətətpərvər kimliklərdir. Görürəm ki, 12 oktyabr 1813-cü ili Rusiya-İran müharibəsi nəticəsində imzalanan Gülüstan müqaviləsini faciəmizin başladığı tarix kimi qeyd edirlər. Bəlkə illər sonra tarixə duyğularla deyil, ağılla, həm də başqa baxış bucağından baxasınız. 12 0ktyabr 1813-cü il əlbəttə, ərazimizin rus işğalına məruz qaldığı tarixdir. Bəli, xanlıqların çoxu ləğv edilib, ərazilərimizə ermənilər köçürülüb, müstəmləkə xalq statusunda yaşamalı olmuşuq. Ancaq həm də nəticədə modern məktəblə tanış olmuşuq. O məktəblər ki, 100 il sonra bizə müstəqil dövlət bəxş edən onlarla ziyalını, dövlət və ictimai xadimi yetişdirdilər.
Ona görə də məhz ərazimizin işğalından söhbət gedir, xalqımızın deyil! Məgər xalqımız bu tarixə qədər irançı cəhalətin, geriçiliyin işğalı altında deyildi? Məgər görmürsünüz ki, bu gün ərazi bütövlüyünü bərpa etdiyimizin aman-zaman milli dövlətimizin əsas düşməni açıq və ya gizli şəkildə əməlində və qafasında irançılıq virusunu daşıyanlardır? Erməni təhlükəsi azaldıqca bunu daha çox hiss edəcəksiniz. Bilməliyik ki, Gülüstan hadisəsi eyni zamanda xalqımızın bir hissəsinin irançılıqdan, geriçilikdən, miskinlikdən, qaranlıqdan qurtuluş və gerçək milli Gülüstana yolunun açıldığı başlanğıc tarixidir. Yekunu isə Türkmənçaydır! Bu tarixdən bir il öncə 12 iyulda Şəkidə dilimizin, düşüncəmizin, mədəni kimliyimizin obrazı olacaq Mirzə Fəthəli dünyaya gəlib.
Təsəvvür edin ki, bu hadisədən sonra Mirzə Fətəli Şah Fəthəlinin İran təbəəliyində yaşamalı olardı, bu millətin mədəni mətninin nə qədər boş və boz qalacağını anlayırmısınız? Məgər anlamırsınız ki, bu gün İranda yaşayan 25 milyonluq Azərbaycan türkü ağılca, mənəviyyatca girov gütürülmüş Fələstin xalqı kimi bir insan yığınıdır? Sizə illərdir əzbərlədilən mətnləri bir də təftiş edin, araşdırın. Dövlət rəsmilərindən biri deyəndə ki, təhsilli vətəndaşlarımızın 60 faizi oxuduğu mətni anlamır, topa tuturdular. Az deyib hələ, bu rəqəm 80-90 faizdən də çoxdur.
Mən buna son günlər mediada və sosial şəbəkədə Qarabağ üzərindən aparılan müzakirələrdə bir daha əmin oldum. Tarixımız barədə də eyni vəziyyətdir. Fərq etməz, yaxın və ya uzaq tarix olsun. Unutmayın, xalqlar məhz mədəniyyət mərtəbələrinə görə iki yerə ayrılırlar: tarixdən faydalı dəyərlər axtaranlar və sadəcə həzz axtaranlar, dini və ya milli mazoxizm yaşamaq istəyənlər. “Biz hansıyıq?” sualının cavabını isə bir daha diqqətlə oxusanız bu mətndə hökmən tapacaqsınız.