Putinin gücü nədədir və onu necə çökdürməli? - FUAD QƏHRƏMANLI
"Qlobal miqyasda Putinə qarşı savaşın uğuru putinçilərə qarşı demokratiya mübarizəsinə verilən dəstəkdən keçir""Rusiya prezidenti Vladimir Putin təkcə xarici imperialist deyil, o həm də avtoritar rejim rəhbərləri üçün siyasi və mənəvi bir ehtiyacdır. Öz xalqını əzən, onun azadlıq, demokratiyaya yolunu öz hakimiyyət ehtirası ilə kəsən, ölkəsini istismar edib dövləti korrupsiya alətinə çevirən, gördüyü işlərə görə cəmiyyətə hesab vermək yerinə dediyi sözə, etdiyi etiraza görə hər kəsdən hesab sormağa çalışan, tarixdə necə qalacağını deyil, bu gün hakimiyyətdə nə qədər qalacağını düşünən diktatorlar üçün bir ehtiyacdır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib.
Siyasi şərhçi hesab edir ki, onlar üçün Putin kənar, yabançı, imperialist biri deyil, o, himayədarıdır, qəyyumdur, arxa-dayaqdır, gələcəyə, hakimiyyəti əldə saxlamağa əminlik deməkdir: "Ona görə də Putin belə bir ölkədən getmək istəsə belə minnətçi düşüb onu saxlamağa, hələ biraz da qalmağını istərlər. Çünki Putinsiz avtoritar rejimlər bu dünyadan baş açmaqda, qlobal proseslərin gedişatına uyğunlaşmaqda, yeni demokratik dəyərlərlə baş etməkdə çətinlik çəkərlər, öz xalqlarına arxayınlıqla yumruq silkələyə, rahatlıqla hüdudsuz zor tətbiq edə bilməzlər. Bu üzdən də onlar niyə Putinin çəkilib getməsini istəsinlər ki? Putin həm də ona görə insanların əzildiyi, səslərinin boğulduğu, hüquq və azadlıqların tapdandığı hər yerdə var ki, özünü onun imperiyasına calaq etmiş avtoritar liderlər, diktatorlar onu sevir, ona biət edirlər".Fuad Qəhrəmanlının fikrincə, bu gün Ukraynada məğlub olmaqda olan, zəifləmiş Putinin gücü həm də onun imperiyasından qopmaq istəməyən avtoritar rejimlərin rəhbərlərinin müasir dünyanın demokratiya, azadlıq kimi dəyərləri qarşısında duyduqları qorxu və vahimədədir: "Ona görə də Putinizmin demontajı təkcə onun ordusunun məğlubiyyətindən, iqtisadiyyatının zəifləməsindən deyil, həm də özünü ona münəccər etmiş avtoritar rejimlərin amputasiya edilməsindən keçir. Ona görə də qlobal miqyasda Putinə qarşı savaşın uğuru putinçilərə qarşı demokratiya mübarizəsinə verilən dəstəkdən keçir".
Tarix: 13-10-2023, 22:54