Gələcək 50 ildə Azərbaycan ordusunun keçirdiyi əməliyyat ən təmizi olaraq qalacaq-Səxavət Məmməd


Qarabağ münaqişəsini Azərbaycan sahədə bitirib, ancaq münaqişənin davam etməsini istəyən ölkələr yaranın sağalmasından daha çox qaşımaqda maraqlıdırlar.
Fransa xarici işlər naziri səviyyəsində bəyanat verir ki, Azərbaycan etnik təmizləmə aparıb, zorla erməniləri qovub, məsələ BMT-yə çıxarılmalıdır. O BMT ki, həm 4 qətnaməsini icra etmirdi, həm də antiterror əməliyyatından sonra məcburi köçürülmə halının olmadığnı sahədə vəziyyətlə tanış olduqdan sonra bəyan etmişdi.
Düzü antiterror əməliyyatından sonra proseslər hər nə qədər sürətlə və Azərbaycanın istədiyi kimi gedirdisə, prosesin bütövlükdə hamar yekunlaşacağı gözlənilmirdi. Mütləq şəkildə prosesə mane olmağa çalışan qüvvələr olacaqdı. Ümumiyyətlə, münaqişələrin qalıqları bəzən münaqişənin özü qədər uzun, yorucu ola bilir. Tarixdə bunun çoxlu sayda örnəkləri var.
Rusiya sülhməramlıları Qarabağda qurduğu postları sökməkdə davam edir. Rusiya sülhməramlılarının hər nə qədər çıxacağı gözlənilsə də, Rusiyada bəzi qüvvələr bunu doğru hesab etmirlər. Hətta sülhməramlı yox, başqa ad altında qalmağın vacibliyi vurğulanır.
Ermənistandan da maraqlı yanaşma var. Paşinyan bildirir ki, sülhməramlılar Qarabağdan çıxsa Rusiyaya getsin, 102-ci bazaya yox. Ermənistan hakimiyyəti də bilir ki, Rusiya hər an onları cəzalandıra bilər.
Azərbaycan prezidenti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvandakı görüşündə Ərdoğan Zəngəzurdan keçməli olan yolun İrandan da keçə biləcəyinin mesajını verdi. Əslində bu mümkün variantdır. İran tərəfi Zəngəzur dəhlizi qırmızı xəttimizdir desə də, bu təklifə müsbət yanaşdığı aydın oldu. Yolun Zəngəzurdan, yəni Ermənistandan keçməsində Rusiya tərəfi də çox maraqlıdır. Hətta 10 noyabr bəyanatında belə dəhlizin təhlükəsizliyinə Rusiyanın qoruyacağı yazılmışdı. Əslində Ərdoğan o fikiri ilə pası Putinə atmış oldu. Yəni, bizim üçün fərqi yoxdur, ha Ermənistandan, ha İrandan əsas odur ki, yol işə düşsün. Kremil yolun açılması üçün Ermənistana mütləq şəkildə təzyiqlərini artıracaq, hətta hakimiyyət dəyişikliyinə qədər getməyə çalışacaq.
Faktiki olaraq Cənubi Qafqaz uğrunda savaş ən qızğın dönəminə girməkdədir. Yaxın Şərqdə baş verən toqquşmalar bizim regiona da təsirsiz ötüşməyəcək. Tarixə baxdıqda Cənubi Qafqaz Yaxın Şərqin bir parçasıdır. Sadəcə olaraq ruslar zamanında siyasi region kimi CƏnubi Qafqazı ayırıblar. Tarixdə Yaxın Şərqin məhz bu regiondan idarə olunduğu vaxtlar da olub. Hətta Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatların belə hazırda İsrail Fələstin münaqişəsinə təsiri oldu. Bunu bir çox beynəlxalq espertlər belə dilə gətirir. Yaxın Şərqin qarışmasının Zəngəzur dəhlizi ilə əlaqələndirənlər də var.
İsraillə Fələstin arasında son dərəcə qanlı savaş gedir. Hətta İsrail tərəfi bəyan etdi ki, bütün müharibə qaydaları kənara qoyulacaq və baş verəcəklərə cinayət məsuliyəti olmayacaq. Tərəflər arasında nə ölüyə, nə yaralıya, nə uşağa, nə yaşlıya, nə də qadına mərhəmət yoxdur. Tərəflər daha çox öldürməyə, daha çox işgəncə verməyə və daha çox dağıntı verməyə fokuslanıblar.
Baş verən qəddarlığa yanaşmalar da fərqlidir. Azərbaycan kimi ölkələrə gələndə insan haqqları, hümanizm prinsipi, ancaq Yaxın Şərqdə baş verənlərə gəldikdə isə bunları bayraq edənlər lal, kar, kor olurlar. Dünyada beynəlxalq hüquq, beynəlxalq münaqişələr kiçik dövlətlər, gücüslər üçün var. Güclülər üçün hər şey sərbəstdir.
Öz xoşu ilə gedən erməniləri dünya məcburi köçkün kimi qələmə verir. Ancaq Afrikadan, İraq, Əfqanıstan, Suriyada öldürülənlər və didərgin salınanlara göz yumulur.
Əslində Azərbaycan tərəfi antiterror əməliyyatını beynəlxalq hüquqa uyğun aparmasa qısa zamanda həll edə bilərdi. Misal üçün Xankəndinə bir neçə fosfor bombası, Ağdərəyə bir neçə 250-500 kq-lıq bomba atmaqla da edə bilərdi.
Yaxın Şərqdə baş verənlərin fonunda Azərbaycanın apardığı 44 günlük müharibə və 24 saatlıq antiterror əməliyyatı heyranlıq doğurur. Antiterror əməliyyatı zamanı Şuşada bir nəfər mülki şəxs şəhid olmasa idi, dünyada ən təmiz əməliyyat olacaqdı. Həmin şəxs də separatçıların Şuşaya endirdiyi zərbələr nəticəsində həlak olmuşdu. Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatda heç bir mülki şəxs və obyekt zərər görməmişdi. Dünya bir ora baxıb, bir də bura baxıb, sonra qərar verməlidir. Hesab edirəm ki, gələcək 50 ildə Azərbaycan ordusunun keçirdiyi əməliyyat ən təmizi olaraq qalacaq.

Səxavət Məmməd,
Siam.az
Tarix: 14-10-2023, 14:21
Xəbəri paylaş





Xəbər lenti