“Bu bölgədə yeni şərt müəyyən edəcək bir nəfər var, o da...”
Ermənistanda yenidən baş qaldırmağa çalışan separatçı-canilər Qarabağdakı keçmiş xunta rejiminin başçısı Samvel Şahramanyanın imzaladığı “sənəd”in ləğvi ehtimalının olduğundan danışmağa başlayıblar. Bu barədə oktyabrın 14-də “Vahid Vətən” partiyasının başçısı, mifik “artsax”ın qondarma “özünü müdafiə ordusu”nin keçmiş “komandanı”, erməni hərbi canilərindən biri Samvel Babayan erməni mediasına deyib.
“Sərəncam imzalayanda yazdılar ki, yanvarın 1-dək qüvvədədir. Yeganə legitim orqan "artsax"ın Milli Məclisidir ki, bu sərəncama baxmalı, məhkəməyə göndərməlidir, görəcəklər ki, nə qədər qanuni olub, yoxsa yox. Parlament bundan sonra atacağı addımlarla bağlı qərar verəcək. Əgər o, buna əməl etməsə, prezidenti vəzifəsindən uzaqlaşdıracaq, idarə etmək üçün yeni qurum seçəcək, bütün xalqı köçürməyə və ya problemi danışıqlar yolu ilə həll etməyə çalışacaq” - Babayan sərsəmləyib.
Xatırladaq ki, Samvel Şahramanyan 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında “fərman” imzalayıb. Ona əsasən, 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları və idarə təşkilatları”nın buraxılacağını, “artsax”ın mövcudluğunu dayandıracağını elan edib.
Babayan ardınca bildirib ki, “əgər "artsax"a xüsusi status, yaxud muxtar vilayət statusu verilməsə, sakinləri geri qayıtmayacaqlar”.
Bu quldura hələ də çatmayıb ki, status çoxdan cəhənnəmlik olub və Azərbaycan 1923-cü ildəki kimi təzədən öz altına gec partlayan “saatlı bomba” qoymayacaq. Çünki erməni azlıq, onun xaricdəki havadarları muxtariyyətdən sui-istifadə edərək, Azərbaycan xalqının başına olmazın müsibətlər gətirdi.
İkincisi isə belə bir status yalnız “güzgü prinsipi” ilə verilə bilər: 80-ci illərin sonunda Ermənistandan qovulmuş soydaşlarımıza hansı siyasi status tanınacaqsa, Qarabağdakı erməni azlıq da ona ümid edə bilər (biz hələ 48-50-ci illərdə Stalinin Ermənistandan zorla deportasiya etdirdiyi - bu da etnik təmizləmə idi - soydaşlarımızı demirik). İndilikdə isə Bakının reinteqrasiya ilə bağlı konkret proqramı, “yol xəritəsi” ortada. Qəbul edən erməni qayıda bilər.
Maraqlıdır ki, S.Babayan özünü icma adından Bakı ilə danışıq apara biləcək potensial şəxs kimi qələmə verib.
Bəs babayanlar indi də bu yolla erməni köçkünləri terror edə və onların Qarabağa dönüşünü əngəlləyə bilərlərmi? Yəni ki, “muxtariyyət verilməsə getməyin...”
Qeyd edək ki, bir neçə gün qabaq BMT yanında Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın əsassız iddiaları ilə bağlı dinləmələrdə (yekun qərar bu həftə gözlənilir) erməni tərəfini təmsil edən vəkillərdən biri (erməni deyildi-red.) ölkəmiz əleyhinə çıxışı zamanı SSRİ dönəmində Qarabağdakı ermənilərin muxtar vilayət statusunun olduğunu qabartdı. Məlumdur ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Rusiya xarici işlər naziri Sergey Lavrov da bir neçə dəfə “keçmiş DQMV” ifadəsini işlədiblər.
SSRİ dönəmindəki status Azərbaycan üçün hansısa öhdəlik, yaxud heç olmasa mənəvi öhdəlik yaradır?
Deputat Bəhruz Məhərrəmov Ali Baş Komandanın bugünkü reallıqların bazasını formalaşdırdığını söylədi: “Vətən müharibəsi, antiterror tədbirləri və ardınca Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bölgədə dəyişməz bir reallıq formalaşdırdı. Yəni nə Azərbaycan əvvəlki Azərbaycan deyil, nə Ermənistan, nə də ki geosiyasi situasiya.
Azərbaycana münasibətdə ən ciddi təhdid, Ermənistan və havadarlarının 100 ildən artıqdır ki, əsas rıçağı hesab edilən separatizmin kökü cənab İlham Əliyev tərəfindən qazınıb. Artıq ərazi bütövlüyü və suverenliyimiz, bütün ölkə ərazisində konstitusiya quruluşumuz tam bərpa olunub.
Yəni belə bir situasiyada Ermənistan və onun havadarlarının regionda hansısa gündəlik üzrə söz haqqı yoxdur. Reallığı biz diktə edirik. Biz Ermənistanı yalnız sülh və sabitliyi, ümumbəşəri dəyərləri, sağlam qonşuluq münasibətlərini təşviq edən, Azərbaycanın bu bölgədəki əzəli və əbədi hüququnu, haqq etdiyi ləyaqətli davranışı təlqin edən təkliflərini dinləyə bilərik. Əks halda, yeni şərtlər, yeni statuslar, bunları kimin səsləndirməsindən asılı olmayaraq cəfəngiyyatdır. Bu bölgədə yeni şərt müəyyən edəcək bir nəfər var, o da bu reallığın memarı cənab İlham Əliyevdir".
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə ermənilərin bundan sonra heç nəyə nail ola bilməyəcəklərini qeyd etdi: “Dünya erməniçiliyinin hazırda təcili olaraq qaldırdığı məsələlər bunlardır: Qarabağdan Ermənistana köç etmiş ermənilər üçün maksimum humanitar yardım toplamaq, onların Azərbaycana geri dönüşünü və təhlükəsizliyini təmin etmək üçün Qarabağda beynəlxalq missiya yerləşdirmək. Və bu missiyalardan "etnik təmizləmə" ilə bağlı erməni iddialarını təsdiqləyəcək hesabat əldə edərək Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırmaq, Qərbin, xüsusilə ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığını, Avropanın isə enerji əməkdaşlığını dayandırmasına və sanksiyalar tətbiq etməsinə nail olmaq, qondarma rejimin Azərbaycan tərəfindən həbs olunan rəhbərlərinin azadlığa buraxılmasını təmin etmək, qondarma rejimin statusunun 1 yanvar tarixində birdəfəlik tarixin arxivinə gömülməsinin qarşısını almaq üçün çabalamaq. Lakin bütün bunlar əbəsdir. Çünki Azərbaycanın öz gündəliyi var və bu gündəliyə uyğun olaraq milli maraqlar irəli çəkiləcək.
Ermənilər onlara 1923-cü ildə bəxş edilən muxtariyyət statusunu geri istəyirlərsə, biz də bundan çox da uzaq keçmişdə olmayan, cəmi 2 il öncəsində baş verən tarixə qayıtmağı tələb edə bilərik. Məsələn, 1921-ci ildə Zəngəzur Rusiya qərarı ilə 2 hissəyə parçalandı, azərbaycanlılar yaşayan torpaqlar da Ermənistana verildi, lakin onlara muxtariyyət bəxş edilmədi.
1948-1953-cü illərdə Ermənistandan 100 min azərbaycanlı deportasiya olunub. Beynəlxalq ictimaiyyət hələ də indiyədək bu məsələyə münasibət bildirməyib. Halbuki 1897-ci ildə Çar Rusiyasının rəsmi statistikasına görə, İrəvan quberniyasında, yəni bugünkü Ermənistanda əhalinin 37,7%-ni azərbaycanlılar (o vaxt “tatarlar” adlanırdı), 53,3%-ni isə ermənilər təşkil edirdi. Hətta həmin rəsmi statistikaya görə, İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində azərbaycanlıların sayı (77.491 nəfər) ermənilərin sayından (58.148 nəfər) xeyli artıq idi. Bütün bu rəqəmlər tarixi arxiv sənədlərində yer alır. Dünya rəsmilərinin diqqətinə bu rəqəmlər öz tarixi mənbələri ilə birgə çatdırıla bilər. Ermənilərin Azərbaycanda 100 il ərzində törətdikləri vəhşiliklərdən sonra onların burada nəyəsə iddia etməyə heç bir mənəvi haqları qalmayıb. O ki qaldı hüquqi haqqa, Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşan sivil dövlət olması faktı, Azərbaycan Prezidentinin humanist mövqeyindən irəli gələrək, Qarabağda qanuni şəkildə yaşamış (yəni qanunsuz köçənlər istisna) və Ermənistana köç etmiş ermənilərin geri qayıtma haqqını tanıyır. Bu, bütün beynəlxalq mexanizmlərə uyğundur. Azərbaycan sivil reinteqrasiya proqramını elan edib və Qarabağın istənilən erməni sakini bu haqdan faydalana bilər. Hazırda Ermənistanda olan bir sıra qüvvələr, Azərbaycanın reinteqrasiya proqramının gerçəkləşməsinə mane olmaq üçün müxtəlif məkrli planlar irəli sürürlər ki, bunlardan da biri “muxtariyyət” məsələsinin gündəmə gətirilməsidir. Lakin 44+1 günlük müharibədə qondarma rejimin “statusu” bəlli ünvana göndərilib və bir daha heç bir zaman Vətən torpaqlarımızda ermənilərin “qara dəlik” yaratmasına izin verilməyəcək".
“Yeni Müsavat”
Tarix: 17-10-2023, 08:45