ABŞ Prezidenti Co Baydenin Təl-Əvivə səfər edərək İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş keçirməsi Vaşinqtonun regiondakı maraqlarını tələsdirməsini göstərir.ABŞ Dövlət katibi Antoni Blinkenin HƏMAS-İsrail genişmiqyaslı toqquşmaları başlayandan bu yana regiona iki dəfə səfər edərək apardığı diplomatiya mərhələsinin ardınca Baydenin Təl-Əvivə getməsi yuxarıdakı fikri gücləndirir.
Gərgin diplomatiya qrafiki iki məsələni araşdırmağa təşviq edir.
Birincisi, ABŞ İsrailə sarsılmaz dəstəyini ifadə etsə də, iki ölkənin müttəfiqlik əlaqələrində çatların yarandığını hiss etmək elə də çətin olmamalıdır. Görünür ki, ABŞ-nin təşəbbüslərində Blinkenin proqramı Vaşinqton-İsrail əlaqələrindəki çatları təmir etmək üçün əsaslı dönüş yarada bilməyib və ardınca Bayden regiona gəlib.
İkincisi, bunun əksi ola bilər – Blinkenin danışıqları ilə razılıq əldə edilib və bunun böyük ölçülərini təyin etmək, konturları cızmaq üçün Bayden regiona ayaq basıb.
ABŞ regionda maraqlarını etibarlı şəkildə mühafizə etmək üçün uyğun radarlar quraşdırmağa cəhd göstərir, hərçənd, İsraillə əlaqələrdəki problemlərin böyük ölçüdə həllini tapmaması Vaşinqtonun öhdəliklərində redaktələrə gətirib çıxarır.
ABŞ İsraillə müttəfiq olsa da, iki dövlətin İrana yanaşmasında fərq var. Ən azından, Ağ Ev üçün İran müəyyən əlaqələr sistemində lazımlıdır və ikitərəfli münasibətlər mövcuddur.
Bu münasibətlər ABŞ ilə İran arasında aparılan nüvə danışıqları ilə bir az da irəliyə getmək şansı qazanır, İsrail üçün isə Vaşinqtonun regional balansdakı belə rolu qəbuledilən deyil.
İkincisi, İsrailin regionda ABŞ çətirindən çıxıb təkbaşına trayektoriya cızmaq səyləri Vaşinqtonu vadar edir ki, o, Təl-Əvivə təhlükəsizlik yastığı olduğunu hiss etdirsin.
Bu tezisimizi arqumentə çevirə biləcək bir məsələyə diqqət yetirməkdə fayda var. HƏMAS-ın İsrailə hücum etməsindən bir neçə gün öncə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıq şəkildə bildirdi ki:
- Yaxın Şərq iyirmi ildə olduğundan daha sakitdir;
- ABŞ Yaxın Şərqdən kənar strateji prioritetlərə diqqət yetirməlidir.
Bu çağırışın özü kifayət qədər vacibdir və gələcək hadisələrin subliminal mesajı kimi qavranıla bilər.
Bayden ABŞ-nin iddialı prioritetlər siyahısını İsrailin görməli olduğu humanitar tədbirlərə dair razılaşmanı təmin etmək üçün istifadə edir. Baydenin səfəri ərəfəsində Qəzzada xəstəxananın bombardman edilməsi (HƏMAS və İsrail bir-birini ittiham edirlər) ABŞ-nin humanitar müdaxiləsinə kanal açır.
Bu mənada ABŞ-nin Qəzzaya və İordan çayının qərb sahilinə yüz milyon dollarlıq yardım paketinin elan edilməsi İsrailə gedəcək daha geniş yardım kontekstində kiçik olsa da, Vaşinqton üçün strateji əhəmiyyət daşıyır.
Üçüncüsü, insan hüquqları ilə bağlı yaranmış fikir ayrılıqlarıdır, İsrail Vaşinqtonun onun daxili işlərinə qarışmasını istəmir, Fələstin məsələsində isə məqbul bildiyini edir.
Bayden bu məsələlərdə İsrailə təzyiq göstərmək üçün unikal mövqeyə çıxmağa can atır.
Bunlar isə ABŞ üçün azdır, o, indi böyük miqyasda regiondakı itkilərini faydalarla tarazlaşdırmaq çağırışını icra etməlidir, bəlkə də, buna görədir ki, İsrailin Qəzza zolağını tamamilə nəzarətə götürməsinə qarşı çıxır. ABŞ-nin effektiv yekun əldə etmək cəhdi onun regiondakı digər dövlətlər və qeyri-dövlət aktorları ilə işləyə bilmək səylərindən görünür - Vaşinqtonun Suriya və İraqda PKK ilə sövdələşmə aspektləri ayrıca geniş mövzudur.
Böyük planda ABŞ-nin xarici siyasətinin Yaxın Şərq üzrə prioritetlərini sürətli həyata keçirmək cəhdi Çinin regionda yüksələn profilinə qarşı tədbirlər paketi kimi qiymətləndirilməlidir. Hərçənd, Vaşinqton regiondakı nüfuzunu geri qaytarmağa çalışdıqca qlobal sferada əks nəticələr əldə edir, bu isə ABŞ daxilində xarici siyasətə qarşı ictimai təzyiqləri artırır.
Bayden səfər zamanı İsrailin təhlükəsizliyini təmin edəcəyinə söz verdi: keyfiyyətcə hərbi üstünlük əldə etmək və Konqresdən İsrailin müdafiəsi üçün əlavə vəsait istəmək buraya daxildir.
Ancaq Bayden 2024-cü ildə keçiriləcək prezident seçkisi səbəbilə daxili elektoratın könlünü xoş tuta bilməyəcək. Vaşinqtonun Rusiya-Ukrayna müharibəsi, HƏMAS-İsrail toqquşmaları fonunda regional risklərlə qarşılaşması da ona xeyli çətinliklər yaradır.
Vaşinqtonun bu nöqtədə “ictimaiyyətə oynamaq” qərarı ABŞ-nin daxili platformaya və İsrailə təsir imkanlarını bir qədər məhdudlaşdıra bilər. Vəziyyətin bu ssenaridəki həddi Çinin regionda səsini qaldırması üçün münbit şərait formalaşdırır.
Bayden İsrailin strategiyasının ABŞ-nin maraqları ilə sıx uyğunlaşmasını təmin etməkdən ötrü Təl-Əvivə getmişdi, bu amildən çıxış etsək, müzakirələrin tonu barədə fikirlər aydınlaşır.
ABŞ maksimum yaxınlığı təmin etməkdən ötrü Qəzza zolağındakı humanitar böhrana diqqəti artırır və mövcud vəziyyətdə onun münaqişənin həllində vasitəçilik payı yüksəlir. Amma bu, strateji maraqların təmini baxımından ABŞ üçün həlledici mərhələ sayıla bilməz, ona görə ki, yuxarıda qeyd edilən problemlərin bir paketdə həlli Vaşinqtonun çətirini yığır.
NƏTİCƏ:
1. Bayden əldə edə biləcəyi rıçaqlardan düşünülmüş və ağıllı şəkildə istifadə etsə, ABŞ-nin regiondakı konfiqurasiyası təmir ediləcək, bununla belə, yaxın müddət üçün bu, real görünmür.
2. İsrail yaxınmüddətli dövr üçün ABŞ-ni öz maraqlarının fövqünə çıxarmış kimi görüntü yarada bilər, ancaq geniş kontekstdə Təl-Əvivin Vaşinqtona böyük fürsət yaratmayacağını qeyd etmək olar.
3. Baydenin İsrail-Fələstin münaqişəsində mənəvi-siyasi liderlik statusu qazanmayacağı ehtimalı yüksəkdir.
oxu.az
Tarix: 19-10-2023, 17:23