“Qəzzada baş verənlərdə təkcə İranın yox, Qərb ölkələrinin də əli var” – POLİTOLOQ


Qəzzada bu gün müşahidə edilən proseslərdə təkcə İranın yox, bir sıra Qərb ölkələrinin də əli var, çünki bununla çoxdan danışılan “Yeni Dünya Düzəni” üçün zəmin yaranır.
Bu barədə “AzPolitika.info” saytına şərhində politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, Qəzzada yaşananlar bəşəriyyətin ümumi faciəsini təcəssüm etdirir: “Bu və digər faciələrin yaşanmasında beynəlxalq təşkilatların günahı var, xüsusilə də, birbaşa Birləşmiş Millətlər Təşkilatının. Bu gün bir çox insana qaranlıq qalır ki, BMT rəhbərliyi nə işlə məşğuldur. Antonio Quterreş və müavinlərinin arasında belə həmrəylik və koordinasiya yoxdur. Fələstində günahsız insanlar tələf olur, amma BMT rəhbərliyində olan şəxslər hələ vahid fikrə gələ bilmirlər. Qəzza zolağında yaşayan 2 milyondan çox insanın həyatı təhlükədədir. Fələstin dövlətinin yaranması ilə bağlı BMT-nin 75 il əvvələ dayanan bir qərarı var. Fələstin mövzusunda dəfələrlə toplaşıblar, danışıblar, amma əməldə heç nə görünməyib. Bu gün isə Qəzzada böyük bir insanlıq faciəsi yaşanır”.
Tofiq Abbasov əlavə edib ki, bu fikirlərilə qətiyyən terrora haqq qazandırmır: “Əlbəttə, mən dinc sakinlərə, qadın və uşaqlara qarşı terrorun əleyhinəyəm. Amma cavab tədbirlərində də, eyni prinsipləri qorumaq lazımdır. 44 günlük müharibə dövründə Ermənistan tərəfi inadla bizim şəhərlərdə dinc sakinlər yaşayan yerləri vurmağa davam edirdilər. Lakin biz yalnız legitim hərbi hədəfləri vururduq. Düşünürəm ki, hazırda hislərə qapılmaq, terrorçulara görə dinc sakinləri cəzalandırmaq doğru deyil. İsrailin hazırda planlaşdırdığı quru əməliyyatı nəinki Qəzza bölgəsində, bütün regionda ciddi fəlakətlərə, itkilərə yol verə bilər”.
Politoloqun fikrincə, son proseslərdə təkcə İranın yox, bir sıra Qərb ölkələrinin də əli var, çünki bununla çoxdan danışılan “Yeni Dünya Düzəni” üçün zəmin yaranır: “Düşünürəm ki, Qərbdəki bəzi qüvvələr məhz bu gün regionda gərginliyin artmasında maraqlıdırlar. Onlar sadəcə İsraili fakt qarşısında qoyaraq, dinc əhaliyə qarşı sərt tədbirlərə təhrik edirlər. Lakin bunun fəsadlarını bütün regiondakı ölkələr, xalqlar hiss edəcəklər. İsrailin taleyinə biz də biganə deyilik, çünki ölkələrimiz və xalqlarımız arasında isti münasibətlər var. Lakin Fələstində gərginliyin artması, bilavasitə İsrail xalqının da gələcəyi üçün təhdidlər yaradır”.
Tarix: 20-10-2023, 08:27
Xəbəri paylaş





Xəbər lenti