Bakı Fransanın ürəyinə “saatlı bomba” yerləşdirdi – İrəvana dəstəyin möhtəşəm cavabı



Ermənistanın müdafiə naziri Suren Papikyanla fransalı həmkarı Sebastyan Lekornu görüşdü. Görüşün diqqətçəkən məqamı isə müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənədin imzalanmasıdır.
Sənədə əsasən, Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan üç GM200 radarı və “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərini verəcək.
Nə baş verir?
Lekornu bildirib ki, Fransa Ermənistana qurudan müdafiə qüvvələrini hazırlamağa kömək edəcək və ölkənin silahlı qüvvələrinin islahatları, modernləşdirilməsi səylərini dəstəkləyəcək.
Həm GM200 radarı, həm də “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemləri müdafiə xarakterlidir. Fransa bu məqamı xüsusilə vurğulayır. Aydın məsələdir ki, Fransa bu məqamı Rusiya faktoruna görə qeyd edir. Bundan başqa, regionun digər ölkələri İran və Türkiyənin də məsələyə narazılıq bildirməsi ehtimalını bu açıqlama ilə neytrallaşdırmaq istəyir.
Fransanın əsas məqsədi isə bu silahların Azərbaycana qarşı istifadəsini təmin etməkdir. Məsələ ondadır ki, Ermənistana veriləcək qurğular, silahlar müdafiə xarakterli olsa da, gec-tez Azərbaycana qarşı ehtimal müharibədə istifadə edilməsi planlaşdırılır.
Misal üçün “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemləri PUA-ların vurulmasında effektivdir. Lakin bundan başqa bu sistemlərlə helikopter və qırıcı təyyarələrini də vurmaq mümkündür. GM200 isə hava nəzarəti boşluqlarını dolduran və ya hava hücumundan müdafiə sistemi üçün sensor kimi fəaliyyət göstərir. GM200 həmçinin raket, artilleriya, minaatana qarşı xəbərdarlıq qabiliyyətinə malikdir.
Azərbaycan daha çox PUA, dron texnologiyalarında ixtisaslaşıb və hazırda ən güclü PUA, dron ehtiyatına sahib ölkələrdəndir. Bu fakt belə öz növbəsində Fransanın qeyd edilən qurğuları və sistemləri Ermənistana Azərbaycana qarşı ehtimal müharibədə istifadə edilməsi üçün verdiyini təsdiqləyir.
Bakının yumşaq güc siyasəti
Aydındır ki, Parisin İrəvandan verəcəyi GM200 radarları və “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemləri Ermənistan ordusunu gücləndirəcək. Bunu həm də Fransa ilə Azərbaycan arasında gedən soyuq müharibənin ilk ciddi təzahürü kimi də qiymətləndirmək olar.
Fransa bununla Azərbaycana zərbə vurduğunu düşünsə də, rəsmi Bakının Parisə vurduğu zərbə daha effektiv və təhlükəlidir. Söhbət bir neçə gün öncə Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransdan gedir.
Konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin Korsika təmsilçiləri də iştirak etdi. Yeni Kaledoniya və Korsika adasının nümayəndələrinin konfransda iştirakı isə xüsusilə diqqət çəkir.
Yeni Kaledoniya 2018 və 2020-ci ildə Fransadan ayrılmaq və öz müqəddəratını təyin etmək üçün referendum keçirib. Rəsmi Parisin prosesə süni müdaxiləsi nəticəsində hər iki referendum da nəticəsiz qalıb. Bununla belə Yeni Kaledoniya Fransandan ayrılmaqda qərarlıdır.
Korsikaya gəldikdə isə ada əhalisi Avropanın ən radikal və müstəqilliyi arzulayan etnik azlığı olaraq bilinir. Hətta bu istiqamətdə adada 5 may 1976-cı ildə yaradılan “Front de Libération Nationale Corse” (Korsika Milli Qutuluş Cəbhəsi) adlı silahlı qruplaşma da fəaliyyət göstərir. FLNC 2015-ci ildə silahlı mübarizəni dayandırsa da, siyasi mübarizəni davam etdirir.
2022-ci ildə Korsikanın müstəqilliyini tələb edən və keçmiş qubernator Klod Erinnakı öldürməkdə təqsirli bilinən İvan Kolonnanın başqa bir məhkumun hücumuna məruz qalması və saxlanıldığı Fransanın Arles şəhərindəki həbsxanada komaya düşməsi fonunda iğtişaşlar başladı.
Nəticə etibarilə rəsmi Bakının Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikaya öz müqəddəratını təyinetmədə dəstək verməsi strateji və uzaqgörən bir addımdır. Fransanın Azərbaycanın əleyhinə Ermənistana verdiyi hərbi qurğular, silahlarla müqayisədə Bakının atdığı bu addım daha ciddidir. Yəni istər müdafiə, istərsə də hücum silahı olsun – bunlar təkmilləşə, daha güclüləri alına bilər, lakin bir xalqın ürəyinə düşən müstəqillik arzusunu heç nə silə bilməz. Bakının verdiyi dəstək fonunda həm Korsikanın, həm də Yeni Kaledoniyanın müstəqillik hərəkatı müvəffəqiyyətlə yekunlaşacaq.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 24-10-2023, 15:17
Xəbəri paylaş





Xəbər lenti