Aİ yenə də regionumuza görə TOPLANIR – “Qərbdən obyektivlik gözləyə bilmərik”


Avropa Komissiyasının yaydığı məlumata görə, Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.

Qeyd olunub ki, vaxt məhdudiyyətinə görə, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin dünənki görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb:

"Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır".

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Aİ-də hansısa diletant toplantıların keçirilməsinin, Azərbaycanın olmadığı tədbirlərdə erməni lobbisinin çirkli pullarının təsirinə düşən siyasətçilərin boğazdan yuxarı bəyanatlarının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur:  

“Avropa Birliyinin toplantılarında ədalət naminə hansısa bir qərarın çıxarılacağını gözləmirəm. Baxmayaraq, Avropa İttifaqı Şurası və onun rəhbəri Şarl Mişelin moderatorluğu altında uğurlu Brüssel formatı həyata keçirilib. Amma Aİ çərçivəsində, xüsusən də Fransanın təxribatları nəticəsində İrəvan Brüssel formatını sabotaj edib”. 

“Qərbdən obyektivlik gözləyə bilmərik”

Həmsöhbətimiz qeyd edir ki, bu gün Aİ-yə üzv olan ölkələr qurum daxilində vahid konsensusa gələ bilmirsə, hansısa bir məsələdə Qərb təşkilatlarından obyektivlik gözləyə bilmərik:

“Avropa Parlamenti, AŞ PA, ATƏT, Aİ kimi təşkilatlar türk dünyasına münasibətdə heç zaman demokratiya, insan haqları və liberal təməldən yanaşmayıblar. Onlarda həmişə xristian təəssübkeşliyi, Ermənistanı müdafiə cəhdləri olub. 

Azərbaycanla Ermənistan arasında artıq Qarabağ adlı problem yoxdur, Azərbaycan torpaqlarını işğaldan azad edib. Azərbaycan sülh müqaviləsilə bağlı təkliflərini irəli sürür. Şarl Mişelin moderatorluğu altında da Bakı ilə İrəvan arasında məsələlərin müzakirəsi gözlənilir. 
Belə olan təqdirdə, Aİ-də hansısa diletant toplantıların keçirilməsi, Azərbaycanın olmadığı tədbirlərdə erməni lobbisinin çirkli pullarının təsirinə düşən siyasətçilərin boğazdan yuxarı bəyanatlarının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur”.   
Tarix: 24-10-2023, 21:40
Xəbəri paylaş





Xəbər lenti