Referendum gələn ilə qalır, parlament buraxılmayacaq - İDDİA

Referendum gələn ilə qalır, parlament buraxılmayacaq
Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi üçün 2023-cü ildə referendum keçiriləcəyi barədə iddialar dolaşır. Hələ 2022-ci ilin əvvəlindən gündəmə daşınan bu məsələnin indiyədək reallaşmaması isə iddiaları bir qədər gücləndirir. Qeyd edək ki, Azərbaycanda sonuncu ümumxalq səsverməsi 2016-ci il 26 sentyabrda baş tutub.

DİA.AZ bildirir ki, Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov mövzu ilə bağlı “Turan” a maraqlı açıqlamalar verib. M.Hüseynov deyib ki, gələn ilin büdcəsindən MSK-ya seçki üçün 2 dəfə artıq pul ayrılması ortada müəyyən planın olmasından xəbər verir: “Çox böyük ehtimalla artım çoxdan kuluarlarda müzakirə olunan və hərdən qeyri-rəsmi şəkildə də olsa hakimiyyət mətbəxinə yaxın şəxslərin dilindən səsləndirilən növbəti referendumun keçirilməsi ilə bağlıdır. Bugünlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tərəfindən referenduma olan zərurətin gündəmə gətirilməsi təsadüfi hesab edilə bilməz. Ölkənin siyasi həyatında və idarəetmədə müşahidə olunan dəyişikliklər və tendensiyalar da konstitusiya dəyişikliyini ehtiva edən növbəti referendum iddiaları ilə bağlı ehtimalları gücləndirir.

Amma hazırda növbədənkənar parlament seçkilərinə hər hansı zərurət və ciddi səbəb yoxdur. Növbəti bələdiyyə seçkilərinin 2024-cü ilin dekabr ayına təsadüf etməsi Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyinə az ehtimal verir.

“Oktyabr ayının sonuna sayılı günlər qalıb. Qanunvericiliyə görə referendum 60 gün öncədən elan olunmalıdır. Yəni bu ay bitsə, demək ki, referendum məsələsi də gələn ilə qalacaq, ya da keçirilməyəcək” sualına ekspert belə cavab verib: “Əvvəla ondan başlayaq ki, hakimiyyətin hələ xeyli əvvəldən buna hazırlaşması ilə bağlı gəzən söz-söhbətlər və bu ideyanın məhz hakimiyyət üçün çox əlverişli olan indiki şəraitdə dövriyyəyə buraxılması referendumun keçirilməsi ilə bağlı niyyətin ciddi olduğunu göstərir. Dəyişən siyasi reallıqlar və çağırışlar da hakimiyyəti dəyişikliklərə getməyə stimullaşdırır. Zaman və mövcud reallıqlar bu dəyişikliklərə səbəb olacaq referendumun növbəti ildə baş verəcəyini düşünməyə əsas verir.

Parlament seçkilərinin referendumdan sonra keçirilməsi ilə bağlı gözləntilərə gəldikdə isə əlbəttə, bu gözləntiləri bölüşürəm. Yenə də gəzən söz-söhbətə inansaq, ortada parlamentli respublikaya və proporsional seçki sisteminə keçid niyyəti vardır. Siyasi partiyalarla bağlı qanunvericiliyin və praktikanın dəyişməsi də bu ehtimalların gerçəkliyə yaxın oldugunu deməyə əsas verir. Buna görə də Milli Məclisə seçkilərin növbəti ildə gözlənilən referendumla ölkənin siyasi və seçki sisteminə əl gəzdirildikdən sonra keçirilməsi daha ağlabatan və məntiqli görünür".

İki ildir deyilir ki, referendum keçiriləcək, ardınca Milli Məclisə seçkilər olacaq. Artıq yeni yaranan şərait bunları qaçılmaz edir. O da deyilir ki, referendum gələn ilin əvvəli, parlament seçkiləri isə payızına təyin edilə bilər. Bunun nə qədər real olduğunu indidən söyləmək çətindir. Seçkilərin 1 il tez keçiriləcəyi ilə bağlı proqnozların əsasında bir neçə mülahizə dayanır. Onlardan biri budur ki, 2025-ci ildə prezident seçkisi də keçirilməlidir. Həm parlament, həm də prezident seçkilərinin eyni ildə keçirilməməsi üçün parlamentin təxminən 1 il öncə buraxılması və yeni seçkilər keçirilməsi variantlardan biri hesab edilə bilər.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, referendum keçiriləcəyi və konstitusiyada dəyişikliklər ediləcəyi barədə siyasi kluarlarda müzakirələr uzun müddətdir davam edir. Parlamentin iclaslarında bu cür təkliflərlə çıxış eləyən partiya sədrləri olur: “Azərbaycan hazırda Qafqazda yeganə dövlətdir ki, parlamentdə müxalifət fraksiyası yoxdur. Həmçinin də Cənubi Qafqazda yeganə dövlət Azərbaycandır ki, proporsional seçki sistemi mövcud deyil, Milli Məclis yalnız majoritar seçki sistemi ilə formalaşır. Bir siyasi partiya rəsmisi olaraq düşünürəm ki, Azərbaycanda proporsional seçki sisteminin bərpası lazımdır. Bunun üçün isə referendum keçirilməlidir. Nəzərə alsaq ki, 2023-cü ilin başa çatmasına iki aydan bir qədər artıq vaxt qalır, demək, bu il referendum keçirilməyəcək. Referendum barədə qərar verilsə belə, referendumun keçirilməsi vaxt baxımından gələn ilə düşəcək. Seçki barədə qərar vermək isə ölkə Prezidentinin səlahiyyətinə aiddir. Cənab Prezident fərman verdikdən sonra Mərkəzi Seçki Komissiyası seçkiləri təşkil edir. MSK-nın seçki təyin etmək hüququ yoxdur. Azərbaycanda konstitusiyaya 7 ildir ki, əlavə və dəyişikliklər edilmir. Bu müddətdə Azərbaycanın həyatında çox böyük dəyişikliklər baş verib. Ölkənin konstitusiyasının bu dəyişikliklərə tamamilə uyğunlaşdırılması, hər halda, gec-tez həyata keçiriləcək”.

Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa yeni konstitusiyanın qəbuluna, yaxud əlavə və dəyişikliklərlə bağlı zərurət yarandığını vurğulayıb: “Mənim fikrimcə, yeni konstitusiya qəbul olunmalıdır. Bu sənəddə bir sıra dəqiqələşdirmələr aparılmalıdır. Xüsusən də Naxçıvan və Qarabağla bağlı bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Prezidentin xüsusi nümayəndəliyi və digər institutlar yaranıb. Bunlarla bağlı da yeni müddəalar konstitusiyada öz əksini tapmalıdır. Bir sıra dəqiqləşdirmələr də aparılmasa, konstitusiyanın müəyyən müddəalarının həyata keçirilməsinə çətinliklər yaradacaq təzadlar ortaya çıxacaq. Seçki məsələlərində əgər bir uzlaşma olursa, yeni müddəaların konstitusiyaya salınması zərurəti yaranır”.

Deputat söyləyib ki, yeni situasiyanı özündə ehtiva edən konstitusiyanın qəbul olunması zəruridir: “Ümumiyyətlə, Azərbaycanın oktyabrın 15-dən sonra yaranmış yeni durumu ilə bağlı qanunvericilikdə, Anayasada zəruri dəyişikliklərin edilməsi bütövlükdə cəmiyyət həyatında proseslərə daha aydın və fərqli formada yanaşma ortaya qoyacaq. Bir çox konvesiyaları biz qeyd-şərtsiz imzalamışıq. Xüsusilə də ərazi bütövlüyünə aid məsələlərdə həmişə ehtimal yeri saxlamışıq ki, dövlətimiz zərər çəkməsin. İndi isə o müddəaların da xeyli hissəsinin dəyişməsinə getmişik. Artıq konvensiyaların çoxunu qeyd-şərtsiz imzalayırıq. Konstitusiyaya baxışımız da bu modellə olmalıdır. Yeni yaranmış situasiyanı, qələbəmizi ehtiva edən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonrakı dövrün konstitusiyasının olması zəruridir”.
Tarix: 25-10-2023, 18:03
Xəbəri paylaş





Xəbər lenti