Bakıdan sürpriz dəhliz gedişi – Paşinyan dərhal hərəkətə keçdi


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Siam.az onunla müsahibəni təqdim edirik.
- Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Zəngəzur dəhlizi artıq bizim üçün cəlbedici deyil. Sizcə, bu açıqlamanı necə şərh etmək olar, yəni proje plandan çıxarılırmı?
- Belə baxanda bu dəhliz bizə lazım deyil. Niyə bundan əldə edəcəyimiz gəliri Ermənistanla paylaşaq? İstəmirlərsə, istəməsinlər. Məsələni uzadırlar, çoxlu şərtlər qoyurlar. Artıq İranla niyyət protokolu var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündən sonra da dedi ki, Ermənistan ləngitsə, İranla anlaşacağıq. Düzdür, Tehranla münasibətlərə dair cavab gözləyən suallarımız var, amma bu, dəhlizin İran ərazisindən keçməsinə mane olmur.
İran hiylə işlədib Ermənistanı aldatdı. Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilirdi ki, İran Zəngəzur dəhlizinin əleyhinə çıxanda onların qayğısına qalır. Məlum oldu ki, İran özünü düşünürmüş. İran istəyirdi ki, nəqliyyat dəhlizi öz ərazisindən keçsin. Buna görə də, artıq Zəngəzur dəhlizinin üzərində israr etmək lazım deyil.

Artıq Paşinyan anlayır ki, dəhliz əldən çıxır. Təsadüfi deyil ki, Paşinyan Avropa Parlamentindəki çıxışında şərtləri yumşalda biləcəklərini dedi. Bunu Tiflisdəki konfransda da təkrarladı, bildirdi ki, nəqliyyat dəhlizləri işə düşməlidir. Çünki başa düşür ki, biz Zəngəzur dəhlizindən imtina etməyə hazırlaşırıq. Özləri bilərlər, biz bu məsələni İranla həll edə bilərik.
Bundan sonra münbit şərait olarsa, yenidən Zəngəzur dəhlizi mövzusuna qayıtmaq mümkündür. Amma bu, bizim üçün əsas prioritet olmamalıdır.
- Bakıdan Zəngəzur dəhlizi ilə bağlı verilən son mesajlar Qərbin təzyiqini azalda bilərmi? Çünki bu məsələ son zamanlarda Qərbdə geniş müzakirə mövzusudur.
- Bəli, bu, bizə qarşı təzyiqləri azaltmalıdır. İndi Zəngəzurda konsulluqlar açırlar. Artıq İran açıb, Rusiya və Fransa isə hazırlaşır. Ermənistan rəsmiləri bildirirlər ki, başqa ölkələr də bölgədə konsulluq açmaq istəyirlər. Həmin ölkələrdən birinin Kanada olması mümkündür.
Kanada oktyabrın 25-də İrəvanda səfirlik açıb. Bunu niyə açırlar? Qorxurlar ki, birdən Azərbaycan Zəngəzuru ələ keçirər. Biz bu dəhlizdən imtina etsək, canlarındakı qorxu azalacaq. Əslində, bu konsulluqlar işə yaramayacaq. Bir müddət sonra anlayanda ki, Azərbaycanın Qərbi Zəngəzuru ələ keçirmək planı yoxdur, konsulluqları bağlayacaqlar.
- İran niyə ABŞ-ın, Fransanın Ermənistanda güclənməsindən, Qərb dövlətlərinin burnunun dibində - Zəngəzurda konsulluq açmasından narahat deyil? Yoxsa İran da bu işbirliyinin içindədir?
- İran bütün məsələlərdə Qərblə qarşıdurma içində olsa da, nə hikmətdirsə, Ermənistan məsələsində onunla əməkdaşlıq edir. Məsələn, Fransa Ermənistanla bu ölkəyə silah satışına dair müqavilə imzalayıb. Səncə, bu silahlar, texnikalar Ermənistana hansı yolla çatdırılacaq? İki yol var: Gürcüstan və İran.
Gürcüstan Azərbaycanın tərəfdaşıdır, məncə, buna imkan verməz. Qalır İran. Guya İran Qərblə qarşıdurmadadır, amma Fransa silahlarının öz ərazisindən Ermənistana ötürülməsinə icazə verəcək.
İndi məlum olur ki, niyə İran və Fransanın Ermənistandakı səfirləri ötən günlərdə görüşüb müzakirə aparıblar. Yəni İran və Fransa Ermənistana dəstək məsələsində faktiki ittifaq yaradıb.
- İsrail-HƏMAS savaşı niyə Cənubi Qafqazı gündəmdən çıxarmadı? Gözlənti bu idi ki, Yaxın Şərqdə baş verənlər Cənubi Qafqaza diqqəti azaldacaq, amma əksini görürük, Qərbdən bölgəyə diqqətin bir az da artdığı təəssüratı var.
- Əslində, böyük diqqətin olduğunu düşünmürəm. Bizə elə gəlir ki, erməni nazir Parisdə nəsə imzalayırsa, hamının diqqəti bizdədir. Hər halda dünyanın diqqət mərkəzində deyilik. Dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdəki proseslərdə və Çinin Tayvan siyasətindədir.
Eyni zamanda, Tayvanı ələ keçirməyə hazırlaşdığı iddia olunan Çin digər yanda “Bir Kəmər, Bir Yol” layihəsini reallaşdırmağa çalışır. Bizə elə gəlir ki, Qərb dövlətləri hər gün Cənubi Qafqazı düşünürlər, Ermənistanı vəziyyətdən çıxarmağa cəhd göstərirlər. Belə deyil.
Biz Qarabağda böyük uğur əldə etdik, ermənilər dünyaya car çəkdilər ki, Azərbaycan “etnik təmizləmə” həyata keçirib. Baxın, indi bu barədə danışan varmı, kimsə nəsə deyirmi? Yəni hazırda bizi narahat edən durum yoxdur.
Biz öz işimizi görürük, Rusiya da bizə mane olmur. Artıq Rusiya da “Dağlıq Qarabağ” yox, “Qarabağ iqtisadi rayonu” ifadəsini işlədir. Xankəndiyə “Stepanakert” demirlər. Bizim üçün bunlardan böyük nəticə ola bilərmi?
- Rusiyanın Qarabağla bağlı son açıqlamalarından söz düşmüşkən, bu, nədən xəbər verir, hesab etmək olarmı ki, Kreml Qarabağla bağlı planlarından da əl çəkib?
- Bu reallıqdır, Rusiya da bu reallıqla hesablaşır. Bir gün gələcək, bu reallıqla Fransa da hesablaşacaq, o ölkənin rəsmiləri də “Stepanakert” əvəzinə “Xankəndi” ifadəsini işlədəcəklər. Belə də olmalıdır, çünki bura bizim ərazimizdir, adı da biz qoymuşuq. Ermənilər də qondarma adlardan imtina edəcəklər. Hamı reallıqla barışacaq.
Rusiyaya gəlincə, o da reallığı qəbul edir. İki-üç il əvvəl Lavrov deyirdi ki, Qarabağ Azərbaycanın daxili işi deyil. İndi nə deyir? Deyir ki, Qarabağ məsələsi bitdi, Azərbaycan orada suverenliyini bərpa etdi. Bu deməkdir ki, Rusiya reallıqla hesablaşdı və barışdı. Məncə, Rusiya bundan sonra təhlükəsizliklə bağlı Azərbaycana problemlər yaratmamalıdır.
Bir məsələ qalır: Rusiya hərbi kontingentinin ərazimizdən çıxrılması. İnşallah, yaxın vaxtlarda bu müsbət nəticəni də əldə edəcəyik.
- Liderlərin oktyabrın sonuna nəzərdə tutulmuş Brüssel görüşü ləğv edildi. Sizcə, bu, nə ilə əlaqəlidir, Qərb platformasının sıradan çıxarıldığını düşünmək olarmı?
- Ayın son günlərində Avropa Birliyi liderlərinin görüşü olacaq. Həmin sammitdə Fransa da iştirak edəcək. Bu, Şarl Mişelin hiyləsi də ola bilərdi ki, liderlərin görüşünü bu sammit çərçivəsində təşkil etsin. Çalışa bilərdilər ki, Fransanın iştirakı ilə Azərbaycanla Ermənistan arasında hansısa sənəd imzalansın. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, üçtərəfli görüşə razıdır. İlin əvvəlində belə görüşlər keçirildi, faydalı da oldu. Amma Şarl Mişel yay aylarında belə görüşləri Avropa Birliyinin sammitləri çərçivəsində keçirməyə başladı ki, bunda da bizə qarşı müəyyən təhlükələr vardı. Çünki həmin formatlarda keçirilən görüşlərə qatılan Fransa və onun yedəyində sürünən Almaniya Azərbaycan əleyhinə açıqlamalar verirlər.
Brüssel görüşünün təxirə salınması o demək deyil ki, biz bu formatdan imtina edirik. İndi 3+3 formatı müzakirə olunur, mən bunun da perspektivinin çox da böyük olduğunu düşünmürəm. Bununla bağlı da suallar çoxdur. Proses gedir, Ermənistan baş naziri Tiflisdə də dedi ki, sülh sazişini imzalamağa hazırdır. Amma bunu reallaşdırmır.
Sülh sazişinin imzalanmasının gecikməsi bizi narahat etməməlidir. Biz böyük bir problemi həll etmişik. İllərdir deyirdim ki, diqqətimizi Qarabağa fokuslamalıyıq. Biz bu məsələni həll etdik. İndi sərhədlərin müəyyənləşməsi, sülh sazişi və Zəngəzur dəhlizi qalır, bunların həlli üçün zamana ehtiyac var. Zaman da əvvəllər bizim əleyhimizə işləyirdi, deyirdik ki, Qarabağı azad etməliyik. İndi o məsələni bitirmişik, digər məsələlərin həllinin uzanması da bizə təhlükə yaratmır.

Tarix: 27-10-2023, 09:18
Xəbəri paylaş





Xəbər lenti