“Seçki geriyə də çəkilə bilər, irəliyə də…”



“Veteranlara müavinətdən öncə iş, məşğulluq təminatı və yüksək əməkhaqqı barəsində düşünməliyik”.
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az saytına geniş müsahibə verib. Deputatla söhbəti təqdim edirik:
 
- Musa müəllim, 30 il ərzində Azərbaycanın qarşısına qoyduğu əsas məqsəd Qarabağ probleminin həll olunması idi. İndi artıq Qarabağ problemi həll olunub. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri vətəndaşların sosial rifahının gücləndirilməsi ola bilərmi? Bununla bağlı olaraq hər hansı bir dövlət proqramları və ya yeni layihələr düşünülürmü?
 
- Hər bir dövlətin müəyyən dövrlərdə özünün istər sosial, istər iqtisadi, istərsə də digər istiqamətlərdə prioritet layihələri olur. 30 il ərzində bizim əsas prioritetimiz ondan ibarət idi ki, torpaqlarımızı işğaldan azad edək. 2020-ci ildə 44 günlük müharibə ilə biz torpaqlarımızı işğaldan azad etdik. 2023-cü ildə isə suverenliyimizi tam təmin etdik. Bununla da böyük bir tarixi dövr demək olar ki, qapandı. Azərbaycan artıq yeni bir perspektivlər qarşısındadır.
 
Şübhəsiz ki, yaxın 15 ildə bizim sosial, iqtisadi həyatımızın əsas prioritet işğaldan azad olunmuş ərazilərimizin bərpası olacaqdır. Qarabağda məskunlaşma, insanların sosial, iqtisadi həyatının bərpası və Şərqi Zəngəzurun dirçəlişi əsas məsələdir. Amma buna baxmayaraq, ölkəmizin hər yerində sosial müdafiəyə, daimi qayğıya ehtiyacı olanlar var. Buna görə də sosial layihələr də davam edir. Cənab İlham Əliyev sonuncu dəfə Prezident seçiləndən sonra dərin sosial islahatlara başlayıb və indiyə qədər dörd böyük sosial islahatlar zərfi qəbul olunub. Nəticədə hər il dövlət büdcəsindən yeddi milyard manat təkcə bu proqramların maliyyələşməsi üçün ayrılır.
 
Bir neçə rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm: 2018-2023-cü illərdə ölkə üzrə minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq əmək haqqı 70% artırılıb. Əgər 2018-ci ildə orta aylıq əməkhaqqı 545 manat idisə, bu il artıq 930 manat təşkil edəcək. Gələn il üçün isə təxminən bu rəqəm 1000 manata yaxınlaşacaq. Ölkə üzrə orta aylıq pensiya iki dəfədən çox artıb. 2023-cü ildə minimum əməkhaqqı 345 manat təşkil edib, yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşib. 2023-cü ildə bu rəqəm 246 manat təşkil edir. 2024-cü ildə isə 270 manata qədər artırılması proqnozlaşdırılır.
 
Niyə mən minimum əməkhaqqı, ehtiyac meyarı və yaşayış minimumu üzərində dayanıram? Çünki aztəminatlı insanların həyatında minimumun təmin olunması üçün bu rəqəm çox vacibdir. Heç bir özəl və dövlət sektorunda işçiyə bu rəqəmdən aşağı əməkhaqqı verilmir.
 
Cənab Prezident həmişə deyir ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun sosial rifah halı vacibdir. Cənab İlham Əliyevin sosial siyasəti iki fundamental prinsip üzərində dayanır: sosial ədalət və sosial rifah.
Sosial ədalət nədir? Sosial ədalət odur ki, ölkənin, dövlətin maddi və mənəvi resurslarından hər kəsə pay çatsın. Kim özü qazana bilir, özü qazanır, onun üçün dövlət təbii ki, şərait yaradır. Kim də özü qazana bilmir, dövlət ona dəstək verir. Bu dəstək ünvanlı sosial yardım, müavinət, pensiya, qazilərin, şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması şəklində verilir. Bu mənada mən bu ötən beş ili Azərbaycanda sosial, iqtisadi sahədə dərin islahatlar dövrü kimi xarakterizə edərdim. Amma bu islahatlar bundan sonra da davam edəcəkdir.
- “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsi bu həftədən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. Büdcə layihəsində əsas prioritet təşkil edən sahələr hansılardır?
- Son illər bizim büdcəmizdə dinamik artımlar müşahidə olunur. Demək olar ki, hər il yaşayış minimumu, minimum əməkhaqqı, pensiya məbləği artırılır. Ona görə də biz öyrəşmişik ki, həmişə artımlar olsun. Amma hər il bunlar artmaya da bilər. Siz təcrübəyə baxsanız görərsiniz ki, bəzi ölkələrdə bunlar hətta azalır və ya həcmi məhdudlaşır. Amma biz keçən il büdcəmizi xeyli artıra bildik, hətta profisit də yarandı. Büdcə proqnozlaşdırılması bir çox parametrlərə əsaslanır. Bizim büdcəmizin əsas gəlir hissələrindən biri neft sektorudur və burada həmişə ehtiyatlı bir rəqəm götürürük. Gələn il neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində nəzərdə tutulur. Nə qədər çox olacaq, bizim ehtiyat fondumuza yığılacaq. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı ilə bağlı çox işlər görülür. Xüsusən də işğaldan azad olunmuş ərazilərimizin turistik, kənd təsərrüfatı, emal və dağ-mədən sənayesi istiqamətində böyük potensialı var və bu potensiallardan istifadə olunacaqdır.
Büdcəmizin çox doğru olaraq böyük bir hissəsi müdafiə xərclərinə gedir. Çünki hələ Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Bizim bölgədə marağı olan imperialist qüvvələr öz iddialarından hələ geri çəkilməyiblər və getdikcə də bu təzyiqlər artır. Biz müdafiə qüdrətimizi gücləndirməliyik və bu mənada hərbi büdcəmizi azaltmağa heç cür haqqımız yoxdur.
Digər bir istiqamət olaraq Qarabağın və Şərqi Zəngəzurun bərpasına ciddi vəsait ayrılıb. Son üç ildə bu məqsədlə 12 milyard manat vəsait ayrılıb. Bu, çox böyük vəsaitdir və bəzi ölkələrin büdcəsi heç bu qədər deyil. Bu il isə Şərqi Zəngəzur və Qarabağın bərpasına dörd milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bilirsiniz ki, biz ötən ilin sonunda “Böyük Qayıdış” Dövlət Proqramı qəbul etmişik. 2026-cı ilə qədər 140 000 nəfər soydaşımızın Qarabağa köçürülməsini təmin etməliyik. Amma təkcə ev tikməklə, insanları köçürməklə iş bitmir. Birinci təhlükəsizlik tədbirləri görülməlidir. Orada milyondan çox mina basdırılıb, bu minalar tapılmalı, zərərsizləşdirilməlidir. İnfrastruktur layihələri olmalıdır, yollar çəkilməlidir. Su, qaz, işıq, enerji təminatı olmalıdır. Ona görə də bizim büdcəmizin böyük bir hissəsinin həm hərbi xərclərə, həm də Qarabağın və Şərqi Zəngəzurun bərpası xərclərinə ayrılması məntiqlidir. Amma buna baxmayaraq, sosial xərclər də heç azalmayıb. Hətta sosial xərclər xeyli artıb. Gələn ilki büdcəmizin 43 faizini sosial xərclər təmin edəcəkdir. 
- Musa müəllim, minimum əməkhaqqı ilə bağlı hər hansı bir dəyişikliklər gözlənilir?
- Gələn il üçün minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı proqnoz büdcə layihəsində görünmür. Minimum əmək haqqının təyin olunması cənab Prezidentin Sərəncamı ilə müəyyən edilir. İlin yekunlarına görə, gələn il yanvar ayında ola bilsin ki, cənab Prezidentin Fərmanı ilə bu məsələ öz həllini tapacaqdır.
- Reinteqrasiya prosesi fonunda Azərbaycan Qarabağa qayıdacaq erməni sakinlərə müavinət verməyi planlaşdırır?
- Azərbaycan həmişə bu məsələyə humanist nöqteyi-nəzərdən yanaşıb. Bilirsiniz ki, Laçın dəhlizi müvəqqəti olaraq birtərəfli bağlandıqda Azərbaycan dövləti onların bütün humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bildirirdi. Hətta sonuncu Yevlax görüşündən sonra Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım da göstərib.
Əlbəttə, dövlətimiz geri qayıdaraq Azərbaycan vətəndaşlarını qəbul edən hər kəs üçün digər vətəndaşlarımıza yaratdığı bütün təminatları onlara da dəfələrlə vəd edib. Amma bu prosesi indi zamanın axarına buraxmalıyıq. İndi oradan kim gələcək, hansının nə qədər haqqı olacaq, bunu bilmirik. Hər şeyi zaman göstərəcək. Mənim özümün şəxsi fikrim budur ki, əgər reinteqrasiyadan danışırıqsa, bu proses qarşılıqlı olmalıdır. Əgər ermənilər Qarabağda, yəni Azərbaycan ərazisində gəlib yaşamaq hüququ və imkanları əldə edəcəklərsə, azərbaycanlıların da Ermənistandakı ata-baba yurdlarına qayıdıb yaşamaq hüquqlarına təminat yaradılmalıdır. Məncə, proses bu şəkildə getsə, həm ədalətli olar, həm də hər iki millətin təhlükəsizliyinin təminatı üçün daha ciddi əsaslar yaratmış olarıq. Əgər Ermənistan buna getməyəcəksə, Azərbaycan niyə birtərəfli olaraq bu qərarı qəbul etməlidir?
- Hazırda müharibə veteranlarına 80 manat müavinət verilir. Milli Məclisin əvvəlki iclaslarında bəzi deputatlar bu rəqəmin artırılmasını təklif ediblər. Siz bu barədə nə düşünürsünüz?
- Bizdə bu məbləğin artırılmasının tərəfdarıyıq. Amma bu da büdcə imkanlarına baxan bir məsələdir. Müharibə veteranları gənc, sağlam insanlardır. Biz birinci növbədə müavinətdən qabaq onların iş, məşğulluq təminatı və yüksək əməkhaqqı barəsində düşünməliyik. Yəni müavinət passiv sosial müdafiə tədbiridir. Buna axırıncı yardım imkanı kimi baxmalıyıq. Biz daha çox onların məşğulluğunun, öz biznesini qurmasının, yaxşı əməkhaqqı verən peşələr üzrə hazırlıqlarının qayğısına qalmalıyıq. Xüsusilə, İkinci Qarabağ müharibəsində iştirak edən veteranların hamısı gənc insanlardır. Yaşları 30-40 arasındadır, bəziləri daha gəncdir. Bununla bərabər, təbii ki, o müavinətin artırılması da gündəmdə ola bilər. Bu, büdcəyə bağlı bir məsələdir. Amma daha çox onların fərdi qaydada əməkhaqqı yüksək olan işlərlə təmin olunması üzərində düşünməliyik.
- Hazırda bildiyiniz kimi, Bakının yükünü azaltmaq üçün bəzi layihələr üzərində işlər aparılır? Sizcə, bu kontekstdə bəzi dövlət qurumlarının, universitetlərin Qarabağa köçürülə bilərmi?
- Qarabağ üçün çox işlər görməliyik. Qarabağ rayonlarının demək olar ki, hamısının baş planı işlənib hazırlanıb. Artıq bir çoxunda yenidənqurma işləri başlanıb. Füzulidə, Laçında və digər mərkəzlərdə işlər davam etdirilir. Artıq ilk köçənlərimiz var. Gələn il ərzində digər ərazilərdə məskunlaşma prosesi başlayacaq və orada da təhsil müəssisələri açmalıyıq. Amma Bakının sıxlığını, yükünü azaltmaqdan ötrü başqa rayonlarımız da var. Oraya da ağırlıq verə bilərik. Bunlar elə sözdə asandı, amma həyata keçirmək olduqca çətindir. Yenə deyirəm, hər bir dövlətin siyasətinin müəyyən istiqaməti var. Biz prioritet olaraq Qarabağ və Şərqi Zəngəzuru bərpa etməyi düşünürük. Amma eyni zamanda, Bakı, doğrudan da, nəqliyyat sıxlığından nəfəs ala bilmir. Baxmayaraq ki, müxtəlif layihələr irəli sürülüb, amma bir nəticə verməyib.
Məsələn, metro nə qədər şaxələnsə də, yenə problemlər var. Sonra Bakıətrafı Sumqayıt elektrik sürət qatarı işə düşüb, amma yenə də tələbatı ödəmir. Yəni çətinliklər, problemlər çoxdur. Əlbəttə, bunlara da baxılmalıdır. Amma tək Bakı deyil, ümumiyyətlə, Abşeron yarımadası çox yüklənir. Bu saat Azərbaycan əhalisinin 30%-i Bakı, Sumqayıt, Abşeronda yaşayır.
- Müəllimlərin və həkimlərin maaşına yenidən baxıla bilərmi?
- Müəllimlərin maaşı ilə bağlı məsələ bizi narahat edən problemlərdən biridir. Müəllimlərin, həkimlərin maaşı iki, üç il bundan qabağa qədər orta aylıq əməkhaqqıdan aşağı idi. Amma indi orta aylıq əməkhaqqına yaxınlaşıb, bəzilərində isə bərabərləşib. Bu il üçün orta aylıq əməkhaqqı 930 manat nəzərdə tutulub. Həkimlərin maaşı bundan bir qədər aşağıdır, amma onların bonusları var. Xüsusən İcbari Tibbi Sığorta fəaliyyətə başlayandan sonra bonuslar xeyli artıb. Orta tibb işçilərinin maaşı isə aşağı həddə qalmaqdadır.
Müəllimlər də sertifikasiya imtahanı verir, yüksək kateqoriyalar alırlar. Daha yaxşı hazırlıqlı olan müəllimin əməkhaqqında diferensiallaşma prosesi gedir. Yəqin ki, yaxın dörd, beş ildə artıq həm müəllimlər, həm həkimlərin məvacibləri orta aylıq əməkhaqqı səviyyəsinə çatar.
- Qadın və kişilərin əməkhaqlarının bərabərləşdirilməsi ilə bağlı Azərbaycanda vəziyyət hansı yerdədir?
- Qadınlara qarşı hər hansı bir ayrı-seçkiliyin nəinki tərəfdarı deyil, hətta əleyhinəyik. Qadınların əmək və məşğulluq məsələsi həmişə dövlətin sosial siyasətinin mərkəzində dayanır. Biz gender bərabərliyi ilə bağlı həm BMT Konvensiyasına qoşulmuşuq, həm də özümüz “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul etmişik. Qadına qarşı zorakılığın bir növü də iqtisadi zorakılıqdır. Amma ümumiyyətlə, qadın və kişilərin əməkhaqqı arasında bütün dünyada fərqlər var. Dünya üzrə bu rəqəm təxminən 80 faiz, inkişaf etmiş ölkələrdə 87 faizdir. Yəni ki, qadınlar kişilərin əməkhaqqının 87 faizini alır. Bu da tarixən formalaşmış əmək bazarının münasibətlərindən biridir. Azərbaycanda bu rəqəm azdır, 60 faizə ancaq çatır. Bizim məqsədimiz odur ki, bunu orta dünya statistikasına, yəni 80 faizə çatdıraq və ötən il Əmək Məcəlləsində etdiyimiz dəyişikliklər belə addımlardan biridir. Amma burada da uzun müddətlik yol keçməliyik. Götürək, yüksək maaşlı işlərin statistikasını. Dağ-mədən, neft sənayesi, bank sektoru yüksək gəlirlidir. Bank sektorunda artıq qadınların inteqrasiyası kifayət qədər uğurla həyata keçirilir. Yəqin ki, yaxın dörd-beş ildə digər sahələrdə də inteqrasiyanı görəcəyik. Bizim bəzi bölgələr var ki, işləyən qadınların sayı azdır. Mən bölgə adı çəkmək istəmirəm. Qızlar səkkizinci sinfə qədər təhsil alır, ondan sonra isə demək olar ki, oxumurlar. Ailə qurandan sonra çoxunun işləməyə ya imkanı olmur, ya həvəs göstərmirlər, ya da ehtiyac duymurlar. O da ümumi əməkhaqqını aşağı salır.
- Bir şeyə də münasibət bildirməyinizi istərdik. Bir müddət əvvəl deputat Rauf Əliyev bildirdi ki, bəzi ölkələrdə qadınlar şənbə-bazar işləmirlər. Bununla bağlı sizin mövqeyiniz necədir?
- Mən qadınların şənbə-bazar işləməməsi ilə bağlı zərurət görmürəm. Bu, yenə də bizim gender bərabərliyi siyasətinə uyğun olmayan bir şeydir. Yəni gender bərabərliyi o demək deyil ki, qadınlara daha çox imtiyaz verilsin. Əgər belə şərait yaradılsa, bir çox işəgötürən qadınlara iş verməyə həvəsli olmayacaq. Tutaq ki, qadın tibb bacısı, yaxud da həkimdir, təcili yardımda işləyir. Buna necə deyə bilərik ki, şənbə və bazar günləri işləmə. Bu mənada mən onun tərəfdarı deyiləm. Seçimi işçinin özünə verməliyik.
- Bəzi ölkələrdə iş günlərinin azaldılması prosesi gedir, dörd günlük iş rejiminə keçirlər. Bunun Azərbaycanda da tətbiqi mümkündürmü?
- Çox arzulayardıq ki, Azərbaycanda bu tətbiq olunsun. Azərbaycanda demoqrafik proseslər müsbət istiqamətdə gedir. Hər il əmək bazarına təxminən 150 min gənc atılır. Eyni zamanda, əvvəlki işindən çıxan, yeni iş axtaranlar olur. Hər il əmək bazarında əlavə 180-200 min iş yerinə ehtiyac yaranır. Əgər biz dörd günlük iş həftəsinə keçsək, iş yerlərini xeyli artıra bilərik. Amma bu, əmək məhsuldarlığına bağlı bir şeydir. Biz əmək məhsuldarlığını yuxarı qaldıra bilməmişik.
Dörd günlük iş həftəsinə keçmək nə deməkdir - işçinin həm əmək məhsuldarlığı azalacaq, həm də əməkhaqqı azalacaq. Əməkhaqqı haradan formalaşır? Əməkhaqqı istehsal etdiyi məhsuldan və ya gördüyü xidmətdən formalaşır.  Digər bir məsələ də bizim bu saat əmək bazarındakı tələbata uyğun işçilərimizin, yaxud da peşələrə uyğun kadrlarımızın çatışmazlığı problemidir.
- Dərmanların bahalanması ilə bağlı əhalidə bəzi narazılıqlar var. Dərman vasitələrinin qiymət strategiyası sizcə necə tənzimlənməlidir?
- Məncə, ölkə özü dərman istehsal etmirsə, onun dərman qiymətinin tənzimlənməsinin tərəfdarı deyiləm. Düzdür, bir neçə il öncə qiymətlərin tənzimlənməsi ilə bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik olundu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən gələn təklif idi. Məncə dərmanı bazar tənzimləməlidir. Bir də ki, dərman gətirən böyük şirkətlər var. Burada bir monopoliya meylləri hiss olunur. Baxsan, Azərbaycana gətirilən dərmanların təxminən 80-85%-i üç və ya dörd şirkətin inhisarındadır.
Bir də ki, biz dərman istehsalına ciddi fikir verməliyik, düzdür iki-üç müəssisə tikilib. Amma hələlik yenə də ölkənin dərman ehtiyaclarını qarşılaya bilmirik.
Mənim başqa bir təklifim də var: Azərbaycanın dərman sənayesi sistemini Türkiyənin dərman sənayesi sisteminə inteqrasiya edə bilərik. Bizdə hərbi sahədə inteqrasiya gedir və böyük uğurlar əldə olunur. Türkiyənin dərman sənayesi dünyada ən etibarlı dərman sənayelərindən biridir. Həm keyfiyyətinə, həm də qiymətinin əlçatanlığına görə. O da sirr deyil ki, bizim vətəndaşlarımızın çoxu Türkiyəyə gedəndə əvvəl paltar sifariş verirdisə, indi dərman sifariş edirlər. Digər tərəfdən, İcbari Tibbi Sığorta yavaş-yavaş artıq ambulator xidmətdə də reseptlər əsasında dərmanı özü verməlidir. Yəni vətəndaş cibindən gedib onsuz da icbari sığortaya pul ödəyir.
Nəyə görə? Ona görə ki, bizim tibbi xidmətlərimiz, ehtiyaclarımız, qarşılansın. Ehtiyacların tərkibində eyni zamanda dərman təminatı da olmalıdır. Niyə stasionarda olanda dərman verilir, amma ambulator olanda verilmir. O baxımdan hesab edirəm ki, ən azı bu qayda da tətbiq olunmalıdır. Düzdür, bu, icbari sığortanın imkanlarına ola bilsin ki, çox ciddi təsir göstərə bilər. Amma hər halda müəyyən kateqoriya üçün bunu başlamaq lazımdır. Şəhid ailələri, qazilər, pensiyaçılar, uşaqlar müəyyən xroniki xəstələrin ambulator reseptlərini qarşılaya bilərik. Yavaş-yavaş da digər kateqoriyalara keçilə bilər.
- İcbari Tibbi Sığortadan danışmışkən, artıq bir neçə ildir ki, tətbiq olunur. Fəaliyyətini necə qiymətləndirirsiniz?
- Artıq üç ilə yaxındır ki, ölkədə İcbari Tibbi Sığortanın fəaliyyəti təmin olunub. Ümumi götürəndə bu fəaliyyəti qənaətbəxş saymaq olar. Yəni üç-dörd il ərzində bundan artıq iş görmək də mümkün deyil. Onu da nəzərə alaq ki, İcbari Tibbi Sığortanın işə başlaması COVİD 19 pandemiyası ilə yanaşı baş verdi və pandemiya ilə mübarizəyə böyük bir enerji sərf olundu.
Amma gələcək üçün yəqin ki, vahid səhiyyə siyasəti aparılması və daha çox vətəndaşa yaxın olması lazımdır. Bunun üçün də Səhiyyə Nazirliyi və TƏBİB arasında münasibətlər daha intensiv olmalıdır. Eyni zamanda, özəl sektorla dövlət sektoru arasında səhiyyədə ayrı-seçkilik qoyulmalı deyil. Çünki özəl sektor da əslində dövlətin sosial yükünü öz üzərinə götürür. Təsəvvür edin, bu gün özəl sektor yoxdur, o xəstələri kim müalicə etməlidir? Ona görə də dövlət sektoru bu mənada özəl sektora da bir yaşıl işıq yandırmalıdır. Bu gün biz özəl sektora müəyyən qədər biganəlik də görürük. Bəzi hallarda görürsən ki, TƏBİB və yaxud da İcbari Sığorta Agentliyi daha çox diqqəti dövlət sektoruna yönəldir. Bütün bunlarla yanaşı, mən bütövlükdə götürəndə həm TƏBİB-in, həm İcbari Sığorta Agentliyinin, həm də Səhiyyə Nazirliyinin fəaliyyətini kifayət qədər qənaətbəxş hesab edirəm.
- Pensiya yaşının azaldılması məsələsi gündəmdədirmi?
- Dünyada hələ elə bir ölkə yoxdur ki, pensiya yaşını azaltsın. Pensiya yaşının azaldılması gündəmdə deyil və yəqin ki, gələcəkdə də aktual olmayacaq. Pensiya yaşının artırılması bütün dünyada müşahidə olunur. Ümumiyyətlə, insan ömrü uzanır. Azərbaycanda orta ömür uzunluğu 2021-ci illərdə bir qədər azaldı. Bu da həm COVID, həm də Vətən müharibəsində gənc insanların dünyasını dəyişməsi ilə bağlı idi.
Amma bu gün götürəndə Azərbaycanda orta ömür kifayət qədər dinamik şəkildə artır. Hazırda bizdə orta ömür uzunluğu 76 yaş təşkil edir. 2040-cı ildə bizim orta ömür 80 yaşa gəlib çatacaq. Buna görə də bu pensiya yaşı məsələsi bir günlük, ya bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. 30 ilə uyğun biz əmək bazarını, demoqrafik prosesləri, sığorta sistemini, Pensiya Sığorta Fondunun imkanlarını, insanların yaşını nəzərə almalıyıq və buna uyğun da bir kriteriya götürməliyik.
- Sizcə, bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti dayandırıla bilərmi?
- Məcburi köçkünlərin hamısının yerinə qayıtması üçün bir neçə il vaxt lazım olacaq. O dövrə qədər komitə işləyəcək. Ondan sonrakı dövrə isə baxılmalıdır. Bundan başqa, Ermənistandan vaxtilə qovulmuş qaçqınların işi ilə bağlı ayrıca şəkildə bir qurum yaradıla bilər və ya da bu qurum fəaliyyətini davam etdirə bilər. Amma hələlik bu proseslərdə komitə olduqca mühüm rol oynayır, vacib işlər görür. Statistikanın aparılması, köçürülmə dinamikasına nəzarət olunması, insanların yerləşdirilməsi, müəyyən sosial ehtiyacların ödənilməsi sahəsində ciddi işlər görülür.
- Gələn il parlament seçkiləri keçirilə bilərmi və Siz növbəti dəfə namizəd olmağı düşünürsünüzmü?
- Bununla bağlı rəsmi bir məlumat yoxdur. Əslində seçki 2025-ci ilin fevralında olmalıdır. Amma bir az geriyə çəkmə, bir az irəliyə getmə ola bilər. Yenə də deyirəm, bununla bağlı rəsmi məlumat yoxdur.
Seçkidə yenidən iştirak etməyə gəldikdə isə biz Yeni Azərbaycan Partiyası xətti ilə parlamentə gəlmişik. Partiya necə məsləhət biləcəksə, elə də olacaqdır. Biz partiyaya mənsub adamlar olduğumuza görə, özümüz öz qərarımızı vermirik. Partiya harada məsləhət görəcəksə, orada da işləyəcəyik.
- Ötən sessiyada büdcə təşkilatlarında çalışmanın son yaş həddinin 70-ə qaldırılmasını təklif etmişdiniz. Təklifiniz necə qiymətləndirildi?
- Fikrimdə qalıram və amma təklifim dəstəklənmədi. Hətta bəzi icra orqanları tərəfindən qeyri-məqbul hesab olundu. Eyni bir məsələyə baxışlar müxtəlif ola bilər, bu təbiidir. Bildirim ki, heç birimizin dediyi Quran ayəsi deyil. Xüsusilə dövlət, büdcə təşkilatlarında çalışan müəllimlər və həkimlər üçün bu fikri səsləndirmişdik. 65 yaşı tamam olan kimi avtomatik işdən kənarlaşdırırlar. Adamın əmək qabiliyyəti var, amma özəl sektorda da gedib iş tapa bilmir. Buna görə də biz həmin şəxslərə imkan yaratmalıyıq. Bizim kənd yerlərində yeddi mindən çox həkimə və müəllimə ehtiyacımız var. Yəni bu istiqamətdə müəyyən işlər görmək olardı. 65 yaşı tamam olan işçilər də bizim vətəndaşlarımızdır. 65 yaşı tamam olan şəxs birdən-birə işdən ayrılır. 65 yaş o qədər böyük yaş deyil. Bu yaşda insanın nə enerjisi tükənir, nə də vərdişləri azalır. Bəli, bəzi sahələrdə - polis, hərbi sistemdə fiziki sağlamlıq müəyyən rol oynayır. Amma müəllim, həkim, mədəniyyət sahəsində işləyən mütəxəssis üçün o bir şey deyil.
Yəni insan birdən-birə uzun illərlə çalışdığı işdən aralı düşür və sonrakı həyatına adaptasiya oluna bilmir. Ona görə də mən təklif irəli sürmüşdüm ki, bir az məhdudiyyətlər yumşaldılsın, yaxud yaş senzi bir az dəyişdirilsin, bu da qəbul olunmadı. Yenə də mən subyektiv fikrimdə qalıram ki, yaş məhdudiyyəti insanın əmək fəaliyyətinə mane olmamalıdır. Amma alternativ fikrə də hörmətlə yanaşıram. 
Tarix: 2-11-2023, 10:12
Xəbəri paylaş





Xəbər lenti