“Tbilisi İpək Yolu Forumu”nun regional münasibətlər baxımından əhəmiyyəti - TƏHLİL



Oktyabrın 26-27-də Tbilisidə “Sabahkı davamlılıq üçün bugünkü münasibətlər” başlığı ilə “İpək Yolu Forumu” keçirilib. Dünyanın 60 ölkəsindən 2000 nümayəndənin təmsil olunduğu forumda Azərbaycan, Ermənistan və Gürcüstanın baş nazirləri açılış nitqi ilə çıxış ediblər. “Tbilisi İpək Yolu Forumu” Çin-Gürcüstan münasibətlərinin əhəmiyyətli dərəcədə yenilənməsi fonunda baş tutub. Bu ilin iyulunda Çin və Gürcüstan dörd sahədə – siyasət, iqtisadiyyat və mədəniyyət, eləcə də xalqlar arasında münasibətlərdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalayıblar. 
 
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin açılış nitqində deyildiyi kimi: “Forumun mövzusu qlobal siyasət və iqtisadi strukturu müəyyənləşdirən İpək Yolunun tarixi əhəmiyyətini vurğulayır. Mərkəzi Asiya və Avrasiyadan keçən ticarət yolları ideya və innovasiyaların mübadiləsinə yol açmış və nəticə etibarilə müasir qloballaşmaya təkan vermişdir”. 
 
Forumun ilk günündə aşağıdakı mövzular üzrə müzakirələr aparılıb: 
 Orta Dəhlizin artan rolu; 
 Yeni Şərq-Qərb ticarət strukturu; 
 Rəqəmsal əlaqələr; 
 Enerji sahəsində diversifikasiya; 
 Turizm sahəsində davamlılıq; 
 Davamlı gələcək naminə diversifikasiya edilmiş investisiyalar. 
 



Forumun ikinci günündə əsas məsələ olaraq investisiya mühiti müzakirə edilib. Biznes nümayəndələrinin görüşündə Fars körfəzi ölkələri ilə dəmir yollarının təkmilləşdirilməsi istiqamətində memorandumlar imzalanıb. Ümumilikdə forum boyunca 10 əsas sessiya baş tutub. Keçirilən sessiyaların moderatorluğu BBC, Bloomberg, Deutsche Welle tərəfindən aparılıb. Bu il “İpək Yolu Forumu” beynəlxalq biznes sektorunun ən yüksək səviyyəli rəsmi nümayəndə heyətləri – baş nazirlər, baş nazirlərin müavinləri, nazirlər səviyyəsində təmsil olunması ilə fərqlənib. 
 
Forumun əhəmiyyəti barədə fikirlər və keçirilən görüşlər 
 
Baş nazirin müavini Levan Davitaşvili “İpək Yolu Forumu”na xüsusilə 2023-cü ildə marağın artdığını bildirib: “Bu, onu göstərir ki, ümumilikdə Gürcüstanın sabit, dinamik inkişaf edən iqtisadiyyatı investorlar üçün maraqlıdır. Bu, Gürcüstanın regionda rolunun artdığı anlamına gəlir”. 
 
ABŞ-ın Gürcüstandakı səfiri Robin Duniqan Tbilisidə keçirilən “İpək Yolu Forumu”nu son dərəcə mühüm platforma adlandırıb: “Mən gənc diplomat olanda Gürcüstanla Bakı-Ceyhan boru kəməri layihəsində işləmişəm və bu gün buraya qayıdıb Gürcüstanın Orta Dəhliz, avtomobil yolları, dəmir yolları və digər sahələrdə inkişafı baxımından nələrə nail olduğunu görmək çox gözəldir. Buna görə də biz bu gün bu inkişafı dəstəkləmək üçün buradayıq, çünki Orta Dəhlizin əsl dəyərini və Gürcüstanın rolunu bilirik”.  
 
Tbilisidə olmaq mənim üçün qürurvericidir. Gürcüstan hökuməti son illərdə möhtəşəm iqtisadi nailiyyətlər əldə edib, ona görə də bu gün bu forumda bir çox ölkələrin təmsilçiləri iştirak edirlər. Serbiya Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Bizim ənənəvi olaraq dost münasibətlərimiz mövcuddur. Biz gərək elə çalışaq ki, gürcü şirkətləri Serbiyada, serb şirkətləri isə Gürcüstanda təmsil olunsun. İndi bura Avropanın ən maraqlı yeridir” – deyə, Serbiyanın Ticarət naziri Tomislav Momiroviç bildirib.
 
Birləşmiş Ərəb Əmirliklərinin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Tani bin Əhməd Zeyudi “Tbilisi İpək Yolu Forumu” çərçivəsində İrakli Qaribaşvili ilə görüşüb. Görüşdə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin tərəflər arasında imzalanmış “Hərtərəfli İqtisadi Əməkdaşlıq Haqqında Saziş”in (CEPA) əhəmiyyətinə toxunulub. Vurğulanıb ki, sözügedən sazişin imzalanması nəticəsində Gürcüstan Əmirliklərlə azad ticarət rejiminə keçib ki, bu da Gürcüstan üçün yüksək alıcılıq qabiliyyətinə malik 10 milyonluq bazarın açılması deməkdir. 
 
Asiya İnkişaf Bankının vitse-prezidenti Roberta Kasalinin sözlərinə görə, Gürcüstan fövqəladə geosiyasi mövqeyə malikdir. R.Kasali hesab edir ki, regional əməkdaşlıq, böyük ölkələrin Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə birgə inkişafa diqqət yetirməsi, ticarətin təşviqi və əməkdaşlığın gücləndirilməsi üçün forumda baş tutan ölkələrarası görüşlər, təmaslar çox əhəmiyyətlidir. R.Kasali “İpək Yolu Forumu”nda çıxışı zamanı Mərkəzi Asiya və Qafqaz regionu ölkələrini təhdid edən iqlim dəyişikliyinin yaratdığı təhlükələri və AİB-in bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri də diqqətə çatdırıb. Qeyd edilib ki, bu istiqamətdə AİB öz resurslarından 100 milyard dollar ayıracaq və bu, 2030-cu ilə qədər olan dövrü əhatə edəcək. 
 
Avropa İnvestisiya Bankının Qlobal Direktoru Lionel Rapai Avropa İnvestisiya Bankının Gürcüstanda nəqliyyatla bağlı bir çox layihələri dəstəklədiyini deyib, regional inkişafın dəstəklənməsi üçün adekvat maliyyə dəstəyinə ehtiyac olan layihələrin müzakirəsinin vacibliyini vurğulayıb. 
 
Baş nazir İrakli Qaribaşili BMT-nin Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim ilə görüşüb. Geosiyasi vəziyyət fonunda Avrasiyada nəqliyyat əlaqələrinin təşviqinin vacibliyi və Gürcüstanın bu istiqamətdə əhəmiyyəti müzakirə olunub. Kitak Lim “Tbilisi İpək Yolu Forumu”nda Orta Dəhlizlə bağlı sessiyada məruzə ilə çıxış edib. 
 
Forum çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistan baş nazirlərinin görüşü 
 
Forumun açılışında iştirak edən Cənubi Qafqaz ölkələrinin rəsmiləri açılış nitqlərində bölgədəki sülh üçün alternativlər mövzusuna toxunublar. İrakli Qaribaşvili “İpək Yolu Forumu”nun tribunasından istifadə edərək “Sülh Qonşuluq Təşəbbüsü”nün əhəmiyyətindən danışıb. 
 
Ermənistanın baş naziri N.Paşinyan çıxışında deyib: "Hazırda biz sülhün təmin edilməsi və münasibətlərin normallaşması üçün Azərbaycanla saziş layihəsi üzərində işləyirik. Ümid edirik ki, bu layihə yaxın bir neçə ay ərzində tamamlanacaq”. Bundan əlavə, N.Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsi haqqında danışıb və bəyannaməni imzalayan 12 respublikanın, o cümlədən Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıdığını diqqətə çatdırıb: “Bu prinsiplərə əsaslanaraq, biz yaxın bir neçə ay ərzində Azərbaycanla sülh sazişi imzalayacağımıza və əlaqələrimizi yeniləyəcəyimizə ümid edirik. Mən, həqiqətən, inanıram ki, bizim də yaxın gələcəkdə Ermənistan-Türkiyə hava limanının açılması ilə bağlı xəbərlərimiz olacaq, həm Türkiyə, həm də diplomatik pasport sahibləri üçün, özlüyündə bütün region üçün bu, müsbət stimul yaradacaq” – deyə, N.Paşiyan çıxışında vurğulayıb. 
 
Nikol Paşinyandan sonra kürsüyə qalxan Azərbaycanın baş naziri Əli Əsədov da sülh məsələsinin əhəmiyyətinə diqqət çəkib. Uzun bir tarixi mərhələ keçən ikitərəfli münasibətlərdən bəhs edərək Azərbaycan-Gürcüstan arasında liman inşasının gündəlikdə duran məsələlərdən biri olduğunu qeyd edib və ötən illərdə imzalanan yaşıl enerji layihəsinin əhəmiyyətinə toxunub. 
 
Forum çərçivəsində İrakli Qaribaşvili Əli Əsədov ilə görüşüb. Görüşdə tərəflər iki ölkə arasında möhkəm, strateji tərəfdaşlıq və çoxəsrlik mehriban qonşuluq münasibətlərindən danışıb. Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarının məlumatlarına görə, Azərbaycan Gürcüstanın 5-ci ən böyük ticarət tərəfdaşıdır. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi perspektivləri, birbaşa investisiyaların cəlbi məsələsi müzakirə edilib. İrakli Qaribaşvili həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycanla sıx işbirliyi şəraitində enerji təhlükəsizliyi məsələlərində ümumi maraqlara uyğun regional əməkdaşlığı dərinləşdirməyə hazırdır. Tərəflər GürcüstanTürkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığının əhəmiyyətindən də danışıblar.
 
Oktyabrın 27-də Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının tikintisinə başlanılıb. Təməlqoyma mərasimində Gürcüstan və Azərbaycanın baş nazirləri iştirak ediblər. Gürcüstanın baş naziri çıxışı zamanı azərbaycanlı həmkarına “İpək Yolu Forumu”nda iştirakına görə təşəkkür edib. Bundan əlavə, İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan neytral ölkədir və regionda sülhün təmin olunmasının qayğısına qalır. 
 
“İpək Yolu Forumu”nun açılışından sonra İrakli Qaribaşvili tərəfləri bir masa arxasına dəvət edib. Məhz forumunun açılış hissəsində Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərin normallaşmasının yeni mərhələsinə keçməyə hazır olduqlarını bəyan ediblər. Şato Muxranda Cənubi Qafqazın üç ölkəsinin baş nazirləri arasında qeyri-rəsmi söhbət olub. Baş nazir İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Nikol Paşinyan və Əli Əsədov fikir mübadiləsi aparıblar. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistanın baş nazirləri ilk dəfə üz-üzə görüşüblər. Hökumət başçıları qeyri-rəsmi şəraitdə bir neçə saat danışıblar. İ.Qaribaşvili Gürcüstanın qərəzsiz və neytral vasitəçi kimi regionda uzunmüddətli sülhün əldə olunmasında maraqlı olduğunu bildirib. 
 
Nəticə 
 
Sayca dördüncü dəfə təşkil olunan “İpək Yolu Forumu” digər illərdən fərqli olaraq xarici dövlətlərin Cənubi Qafqaza marağının artığını göstərib. Öz növbəsində Gürcüstan da iqtisadiyyatının inkişafı istiqamətində mühüm layihələrə imza atmağa hazır olduğunu nümayiş etdirib. Bir çox ölkələrlə imzalanan memorandumlar, o 
cümlədən Qətərlə Gürcüstan arasında dənizçilərin əməyinin kvalifikasiyası ilə bağlı razılaşma, Gürcüstan, Azərbaycan və Qazaxıstanın ortaq dəmiryolu şirkətinin qurulacağı ilə bağlı elanın verilməsi, ayrıca Qazaxıstanla 25 noyabr 2022-ci il müqaviləsinə əlavələrin edilməsi gələcəkdə Orta Dəhlizin effektivliyinin artırılacağını söyləməyə əsas verir. 
 
Regionda öz neytral mövqeyi ilə seçilən Gürcüstan bu forumla bir daha bölgədə vasitəçilik vəzifəsini icra etməkdə maraqlı olduğunu sübut edib. Avropa Siyasi Birliyinin Qranada sammitindəki və Brüssel prosesindəki uğursuzluqdan sonra münaqişədə olan ölkələrin nümayəndələrinin Gürcüstanda eyni masa arxasında oturması önəmli faktor kimi qeyd edilib. İrakli Qaribaşvilinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bu səbəbdən medianın gündəm mövzusuna çevrilib. Təsadüfi deyildir ki, forumla bağlı mətbuatda yayılan xəbərlərin əksəriyyətində iqtisadi aspektlərdən daha çox Azərbaycan-Gürcüstan-Ermənistan görüşünün vacibliyinə və detallarına xüsusi diqqət ayrılıb və bu məsələ xüsusi işıqlandırılıb. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məsələni şərh edərkən deyib: “Gürcüstan, demək olar, yeganə dövlətdir ki, hər iki ölkənin ona mütləq etimadı var. Biz bu münaqişəyə münasibətdə tam neytrallığı qoruyuruq. Bizim əsas məqsədimiz və vəzifəmiz Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasıdır. Şadam ki, bununla bağlı müsbət dəyişikliklər var, sülh sazişi imzalanacaq. Gürcüstan regionun əsas birləşdiricisi kimi bu mövqeləri gücləndirir. 2000-ə qədər nümayəndənin iştirakı ilə keçirilən forum Gürcüstanın bir çox istiqamətlər üzrə regional mərkəzə çevrildiyini təsdiqləyir”. 
 
Müəllif: Nəsibə Mirzəyeva, 
 
Beynəlxalq Münasibətlətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi 




Tarix: 4-11-2023, 08:29
Xəbəri paylaş





Xəbər lenti