Özgür Özəl Atatürkün partiyasına NƏ VƏD EDİR? - İNCƏLƏMƏ

Özgür Özəl Atatürkün partiyasına NƏ VƏD EDİR?
49 yaşlı Özgür Özel Cumhuriyyət Xalq Partiyasının sədri seçilib. 13 il partiyaya sədrlik edən Kamal Kılıçdaroğlu erası sona çatdı. Kamal Kılıçdaroğlu 13 il ərzində Atatürkün partiyasını qəbələrlə sevindirə bilmədi, prezident və parlament seçkilərində, referendumda hakim Ədalət və İnkişaf Partiyasının və Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın gerisində qaldı. Kamal Kılıçdaroğlu bircə son bələdiyyə seçkisində iki mühüm şəhərdə - İstanbulda və Ankarada uğur qazandı. Ancaq bu uğurda onunla ittifaqda olan İyi Partiyanın əhəmiyyətli payı var idi. İyi Partiyanın və bu partiyanın lideri Meral Akşenerin dəstəyi olmadan Cumhuriyyət Xalq Partiyası İstanbul və Ankarada uğur qazana bilməzdi.

Kamal Kılıçdaroğlu son prezident seçkisində strateji səhvə yol verdi. Müxalifət blokunun İstanbul və ya Ankara bələdiyyə başçılarından biri – Əkrəm İmamoğlu və Mənsur Yavaşla qələbə qazanmaq şansı var idi. Ancaq Kamal Kılıçdaroğlu tutduğunu buraxmadı, “prezidentliyə mən namizəd olmalıyam” dedi və Ərdoğana məğlub oldu. Halbuki, Meral Akşener daha şanslı namizədə üstünlük verilməsi vacibliyini səsləndirmişdi. Kamal Kılıçdaroğlunun ikinci strateji səhvi parlament seçkisində reytinqi zəif olan müxalifət partiyalarının nümayəndələrinə ortaq siyahıda yer ayırmasıydı. Bu CHP-də narazılıq yaratdı, çünki bir qisim partiya üzvü parlamentdən kənarda qaldı, kiçik müxalif partiyalardan seçilənlər isə daha sonra CHP-yə minnətdar olmaq əvəzinə bu partiyaya arxalarını çevirdilər. Narazı qalanlar arasında CHP-nin hazırda sədri seçilən Özgür Özəl də var idi. Özgür Özəl partiyasını gələn ilin mart bələdiyyə seçkilərinə hazırlayacaq. Özəl CHP-ni Kamal Kılıçdaroğlunun kadrlarından təmizləyəcək və öz komandasını formalaşdıracaq. Hakim Ədalət və İnkişaf Partiyası yenilənən CHP ilə başabaş mübarizəyə hazırlaşmalıdır.

Elxan Şahinoğlu - DİA.AZ
Tarix: 5-11-2023, 18:00
Xəbəri paylaş





Xəbər lenti