Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın "NBC News" telekanalına müsahibəsində Rusiya Federasiyası ilə müharibə strategiyasını dəyişmək planlarından danışıb, Rusiya prezidenti haqqında kobud ifadələr işlədib, həmçinin Donald Trampın qalmaqallı bəyanatlarını şərh edib.Qaynarinfo xəbər verir ki, "RBC-Ukrayna" Ukrayna prezidenti ilə müsahibədən əsas açıqlamaları
toplayıb.
Zelenski bir daha təkrar edib ki, bu gün cəbhədəki vəziyyət dalana dirənməyib.
"Onlar bizə qalib gələcəklərini düşünürdülər, lakin bu baş vermədi. Düşünmürəm ki, vəziyyət dalana dirənib", deyə Zelenski bildirib.
Bundan başqa, onun sözlərinə görə, Ukraynanın Rusiya ilə müharibə strategiyasının dəyişdirilməsi imkanları nəzərdən keçirilir.
"Hərbçilərimiz daha sürətli irəliləmək və Rusiya Federasiyasına gözlənilməz hücumlar etmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar hazırlayır”, deyə o bildirib.
Ukrayna prezidenti cəbhədə əks-hücum əməliyyatını sürətləndirmək üçün bu gün Ukrayna Silahlı Qüvvələrində nəyin çatışmadığını bildirib. Onun sözlərinə görə, ən başlıcası səmaya nəzarətdir.
"Bizim kifayət qədər hava hücumundan müdafiə sistemlərimiz yoxdur, ona görə də Rusiya səmaya nəzarət edir. Tərəfdaşlarımızdan kifayət qədər hava hücumundan müdafiə sistemləri olanda nə baş verəcək? Qoşunlarımız irəli gedəcək. Xeyr, irəli qaçacaqlar və bu (əks-hücum) daha sürətli gedəcək", deyə Zelenski bildirib.
Zelenski əlavə edib ki, tərəfdaşlardan ilk əsas xahiş səmada qüvvələrin tarazlaşdırılmasında yardımdır.
Zelenski ABŞ Konqresini Ukraynaya hərbi yardımı davam etdirməyə çağırıb. O, əlavə vəsaitin ayrılmasına mane olan ABŞ qanunvericilərinə izah edib ki, buna alternativ Rusiyanın NATO-ya hücumu riski olacaq.
"Rusiya hamımızı öldürsə, NATO ölkələrinə hücum edəcək, siz isə oğul və qızlarınızı ora göndərəcəksiniz. Bağışlayın, bu da olacaq, amma bədəli daha ağır olacaq", deyə prezident qeyd edib.
Zelenskidən ABŞ-ın Ukraynanı müharibənin sonuna qədər maliyyələşdirməli olub-olmadığına dair soruşulub. Buna cavab olaraq Ukrayna prezidenti ölkəni dəstəkləməyin başqa variantlarını da açıqlayıb.
"İlk növbədə, əlavə hava hücumundan müdafiə vasitələri ilə insanlarımız evlərinə qayıdacaq, iqtisadiyyat yaxşılaşacaq, ÜDM artacaq”, deyə Ukrayna lideri izah edib.
Ukrayna prezidentin sözlərinə görə, Qərb ölkələri və Aİ, həmçinin, Rusiyanın aktivlərindən əldə edilən mənfəəti Ukraynaya köçürə bilər. Birləşmiş Ştatlar isə müharibə bitdikdən sonra qaytarmaq şərtilə Ukraynaya kredit verə bilər.
Bundan əlavə, Zelenski ABŞ-a Ukrayna ilə birlikdə silah istehsal etməyi, həmçinin Ukraynaya Amerika şirkətlərindən sursat almağa icazə verməyi təklif edib.
Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə dönəcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyi ilə bağlı açıqlamasına reaksiya verib.
"Tramp bura gələ bilər və mən ona, çox yox, 24 dəqiqə ərzində başa sala bilərəm ki, o, Ukrayna torpaqlarını ona verməyə hazır olmasa, Putin vasitəsilə müharibəni dayandırmayacaq və sülh əldə etməyəcək”, deyə Ukrayna prezidenti bildirib.
Zelenski hazırda Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyat keçirən İsrailə səfər etməyi planlaşdırdığı barədə şayiələrə də münasibət bildirib.
"Mən müharibə şəraitində olan bir ölkənin prezidentiyəm və indi cəbhədə həqiqətən vəziyyət ağırdır, ona görə də mənim səfərim çox şeydən, ilk növbədə, döyüş meydanında nələrin baş verəcəyindən asılıdır... İkincisi, bu, Ukrayna vətəndaşlarını oradan (Qəzzadan-red.) azad edə bilib-bilməməyimizdən asılıdır”, deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, əgər onun Misirə və ya İsrailə səfəri ukraynalıların əsirlikdən azad edilməsinə kömək etsə, buna hazırdır.
Tarix: 6-11-2023, 10:08