Kreml sülh müqaviləsinin öz maraqlarına uyğun formada bağlanmasına çalışır
Elxan Şahinoğlu: "Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın ərazisini itirəcəyini bildiyi üçün növbəti dəfə riskə getmədi və buna görə Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qaldı"İlqar Altay: "Kremlin rəhbərliyinin Azərbaycanla Ermənistan arasında sərhəd bölgüsü, delimitasiya barədə fikirləri tamamilə absurd və gülüncdür"Təxminən, bir ay öncə Bakıda rəsmi səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanla Ermənistanı iqtisadi baxımdan müqayisə edib və ölkəmizin indiki şəraitdə böyük iqtisadi potensiala malik olduğunu qeyd edib. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, Rusiya Forumu çərçivəsində keçirilən "Bilik" cəmiyyətinin marafonunda çıxış edən Patruşev Ermənistanın baş naziri Nikol Paşinyanın ərazilərin (Qarabağın da daxil olduğu Azərbaycan ərazisi – red.) 1991-ci il sərhədləri daxilində tanınması bəyanatını Qərbin təsiri altında verdiyini də bildirib: "O, bəyanatlar verdi ki, biz (rəsmi İrəvan nəzərdə tutulur-red.) Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ilin xəritəsinə görə tanıyacağıq. O, birbaşa Azərbaycana və Ermənistana məxsus olan ərazilərin adını çəkdi. Düşünürəm ki, o, bu etirafları, bəyanatları Qərbin təsiri altında verib. Paşinyan onlarla danışıqlar aparıb". Rusiya Təhlükəsizlik Şurasının katibi onu da əlavə edib ki, Moskva tərəfindən Bakı və İrəvan arasında münasibətləri tənzimləmək, Ermənistan-Azərbaycan münasibətlərinin həlli istiqamətində ardıcıl səylər göstərilib. Patruşev həmçinin, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlandığını da qeyd edib.Bu arada, hazırda Rusiya-Ermənistan münasibətlərinin ən gərgin dövrü olduğunu vurğulayan erməni analitik Tatul Akopyan isə Kremli olduğu kimi başa düşmək və qəbul etməyin mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Ermənistan-Rusiya münasibətlərində istər bugünkü kimi gərgin, istərsə də dostluq münasibətləri dövründə, əsas problemlərdən biri Ermənistandadır, beynimizdə və ürəyimizdədir. Ermənistanın kollektiv siyasi fikri Rusiyanı daimi dost kimi qəbul edir. Rusiya öz maraqlarına əsaslanaraq Türkiyə ilə əməkdaşlıq edəndə və Azərbaycanı dəstəklədikdə biz çox məyus oluruq. İttihamlar başlayır: Rusiya bizə xəyanət etdi, Rusiya Türkiyə və Azərbaycanla çirkin sövdələşmə etdi, Rusiya bizim düşmənimizdir! Bəs kim dedi ki, Rusiya bizim əbədi dostumuzdur? Harada yazılıb ki, Rusiya gəlib bizi xilas edəcək? Niyə özümüzü inandırdıq ki, Ermənistan Rusiya üçün Türkiyə ilə Azərbaycan arasında paz kimi dəyərlidir və ruslar hər dəfə bu pazı sığallayacaqlar? İndi daxili müxalifət istisna olmaqla, hamıya aydındır ki, dəhliz məsələsində ən çox maraqlanan Rusiyadır. Rusiyanı olduğu kimi başa düşmək və qəbul etmək lazımdır". Akopyan hesab edir ki, Rusiya ilə düşmənçilik etməyə ehtiyac yoxdur, çünki bu, Ermənistana yeni zərbələr almaqdan başqa heç nə vermir.
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan isə yerli medaiya açıqlamasında bəyan edib ki, Qarabağdakı keçmiş qondarma rejimin heç bir institutu Ermənistanda fəaliyyət göstərməyəcək. Marukyan qeyd edib ki, bu "institutların" işləməməsi Ermənistanın təhlükəsizliyi məsələsidir. Erməni mediası onu da bildirib ki, Ermənistan "artsax" sözünü lüğətdən çıxarır, "nümayəndəliy"ini bağlamağa hazırlaşır, o cümlədən bütün "qurumlar", "universitetlər", "idarələr" və "artsax ordusu" ləğv edilir.
Söz yox ki, bütün bunlar Azərbaycanın həm döyüş meydadında, həm də siyasi arenada əldə etdiyi qələbənin nəticəsidir. İndi həllini gözləyən əsas məsələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasıdır. Rəsmi Bakı dəfələrlə bunun vacibliyini vurğulayıb və öz şərtlərini irəli sürüb. Lakin hələlik İrəvan bu istiqamətdə adekvat addım atmayıb, konkret məntiqli və reallığa söykənən təkliflə çıxış etməyib. Rusiya isə öz növbəsində, prosesi nəzarətində saxlamağa, sülh müqaviləsinin Kremlin maraqlarına uyğun formada bağlanmasına can atır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin və Rusiya xarici işlər naziri Sergey Lavrovun mövzuya dair son açıqlamaları da bunun bariz sübutudur.
"İrəvan Bakının ermənilərin Qarabağa qayıdışının əvəzində azərbaycanlıların da Qərbi Zəngəzura qayıtması üçün şəraitin yaradılmasını tələb edəcəyini bildiyindən bu məsələdə israrlı deyil"Beləliklə, "Hürriyyət" xəbər verir ki, məsələyə məhz bu konteksdən yanaşan "Atlas" araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Rusiya Azərbaycan-Ermənistan dialoqunu nəzarətdə saxlamaq niyyətindədir: "Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin "Moskva Bakı və İrəvan arasında münasibətlərin nizamlanması üçün hər iki tərəflə əlaqədədir və hazırda sülh sazişi hazırlanır" ifadəsi işlədib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərilib. Patruşev "səylər göstərilib" dedikdə Rusiyanın səylərini nəzərdə tutub. Birincisi, sülh sazişi necə hazırlanır ki, prosesdə irəliləyiş yoxdur. İkincisi, Azərbaycan və Ermənistan vasitəçi olmadan bir-birlərinə təkliflərini göndərirlər və bu prosesin də sonu görünmür".
Politoloqun fikrincə, Nikol Patruşev və Vladimir Putinin sözlərindən belə çıxır ki, Nikol Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımaqla səhvə yol verib: "Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın baş naziri Nikol Paşinyanı ona görə ittiham edirlər ki, niyə o Azərbaycanın ərazi bütövlüyünü tanıyıb? Nikolay Patuşev Nikol Paşinyanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasını Qərbin təzyiqi ilə etdiyini deyib. Patruşevin və onun şefinin sözlərindən belı çıxır ki, Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımaqla səhvə yol verib. Kremldə oturanlar bununla açıq-aşkar deyirlər ki, gərək Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayaydı, bu halda Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etməyəcəkdi. Paşinyan Kremlin əmrini ona görə yerinə yetirmədi ki, əks halda Ermənistanın ərazisini itirəcəkdi. Paşinyan İkinci Qarabağ müharibəsindən sonra növbəti dəfə riskə getmədi və Qarabağdan imtina etmək məcburiyyətində qaldı. Kremldən olsaydı, Qarabağda separatizm və Azərbaycan torpaqlarının işğalı davam etməliydi".
Qarabağ ermənilərinin Azərbaycana qayıtmasına dair mövqeyini də ifadə edən "Atlas" araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, hazırda Ermənistanda bununla bağlı iki yanaşma mövcuddur: "Qarabağ ermənilərinin geri qaytarılmasının tərəfdarı olanlar var. Ancaq bunu səsləndirənlər geri qayıtmanın mexanizmi barədə fikir bildirmir, yenə də köhnə mahnını çalırlar, "qayıdan ermənilərə beynəlxalq təhlükəsizlik təminatı verilməli və muxtariyyətləri olmalıdır". Bunlar hələ də xülya ilə yaşayırlar, "müstəqilliyin" də, "muxtariyyətin" də bitdiyini anlamaq istəmirlər. Qarabağa ermənilərin qayıdışının Ermənistan vətəndaşlığından imtina edib Azərbaycan vətəndaşlığını qəbul etməsinin üzərindən hiyləgərcəsinə keçirlər. Ermənistan hakimiyyəti isə Qarabağ ermənilərinin Azərbaycana qayıtmasında israrlı deyil. Rəsmi İrəvan bunu ona görə istəmir ki, ermənilərin Qarabağa qayıdışının əvəzində rəsmi Bakının azərbaycanlıların Qərbi Zəngəzura qayıtması üçün şəraitin yaradılmasını tələb edəcəyini bilir. Buna görə rəsmi İrəvan ermənilərin Qarabağa qaydışında maraqlı deyil. Almaniyanın xarici işlər naziri Annelena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransında dedi ki, Ermənistanda səfərdə olarkən Qarabağdan köçən insanlarla görüşüb və onlar Qarabağa qayıtmaq istədiklərini deyiblər. Alman dipolmat cümləsini belə bitirib: "Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır". Nə zaman Ermənistan azərbaycanlıların Qərbi Zəngəzura qayıdışına şans tanıyacaq, o zaman Azərbaycan ermənilərin Qarabağa qayıdışına şans tanıyacaq".
"Hazırda Kremlin əsas məqsədi tərəflər arasındakı bütün danışıqlarda iştirakını, o cümlədən imzalanacaq sülh müqaviləsində maraqlarının nəzərə alınmasını təmin etməkdir"Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə Azərbaycanla Ermənistan arasında sərhəd bölgüsü və delimitasiya barədə çıxış etdiyini xatırladan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə hesab edir ki, hazırda Kremlin əsas məqsədi tərəflər arasındakı bütün danışıqlarda iştirakını, o cümlədən imzalanacaq sülh müqaviləsində maraqlarının nəzərə alınmasını təmin etməkdir: "Sergey Lavrov Azərbaycanla Ermənistan arasında sərhəd bölgüsü, delimitasiya barədə çıxış edərkən deyib ki, sərhədlər haqqında xəritələr sovetdən sonra yalnız Rusiyaya keçib və buna görə də iki qonşu arasındakı danışıqlarda gərək Rusiya da iştirak etsin. Xatırlayırsınızsa, bundan əvvəl də Vladimir Putin bəyan etmişdi ki, həmin xəritələr Rusiya Müdafiə Nazirliyi Baş Qərargahındadır və bu səbəbdən də iki ölkə arasında sərhəd delimitasiyasında Rusiya da tərəf kimi iştirak etməlidir. Hətta, Putin bildirmişdi ki, sərhədə nəzarəti Rusiya sərhədçiləri təmin edə bilərlər. Hesab edirəm ki, Rusiya tərəfinin bu məsələyə dair yanaşması heç də doğru deyil. Əvvəla, bu xəritə niyə təkcə SSRİ Müdafiə Nazirliyi Baş Qərargahında olsun? O vaxt bütün Sovet İttifaqının hər respublikasının, hər vilayəti və rayonunun, o cümlədən kəndinin ərazi inzibati sərhədlərini Geodeziya və Xəritəçəkmə Komitəsi adlı qurum çəkib hazırlayırdı. Əsas nüsxələr isə bu komitənin özündə və Kremldə olurdu. Qalan nüsxələr isə Ali Sovet, Nazirlər Soveti, XİN, DİN, KQB və digər aidiyyəti mərkəzi strukturlara, Müdafiə Nazirliyinə, eləcə də həmin komitənin 15 respublikada olan strukturlarına paylanıb. Təsəvvür edin, bütün SSRİ ərazisində 15 respublika, yüzlərlə vilayət, on minlərlə rayon, kənd arasında gündə yüzlərlə inzibati ərazi sərhəd sualları yaranırdı. Örüş və əkin sahələri, tikintilər, hətta qəza, cinayət hadisələrinin baş vermə ərazisinə uyğun əməliyyat-istintaqı kimin aparması barədə suallar, mübahisələr olurdu. Bunun hamısı Moskvaya, Müdafiə Nazirliyi Baş Qərargahına müraciətlə həll edilirdi? Təbii ki, yox. Odur ki, Kremlin rəhbərliyinin Azərbaycanla Ermənistan arasında sərhəd bölgüsü, delimitasiya barədə fikirləri tamamilə absurd və gülüncdür
".Vazeh BƏHRAMOĞLU
Tarix: 7-11-2023, 13:43