Müharibə bitəndən sonra Qəzzaya kim nəzarət edəcək? (ŞƏRH)




"Döyüşlər bitəndən sonra Qəzzaya kim nəzarət edəcək. Hazırda bu məsələ ciddi müzakirə predmetidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyədə həmkarı Hakan Fidanla görüşünü şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu səfərdə ABŞ-ın əsas hədəfi İsrailin təhlükəsizliyini təmin etməkdir:

”ABŞ-da da anlayırlar ki, region ölkələrilə yanaşı, Türkyənin də iştirakı olmadan İsrail-HƏMAS problemini həll etmək mümkünsüzdür.Vaşinqton üçün Türkiyənin razılığı və əməliyyatlar bitəndən sonra Qəzzanın gələcəyilə bağlı Ankaranın baxışları önəm daşıyır.Türkiyənin bu məsələyə baxışı birmənalıdır. Ankara atəşkəsin təcili təmini, humanitar məsələlərin öz həllini tapması və 1967-ci il sərhədində ədalətli sülh forfulunun həyata keçməsini tələb edir. ABŞ Yaxın Şərqdə bəzi ərəb ölkələrini müəyyən maddiyyatla təmin etməklə problemin həllinə imkan vermir. Blinkenin səfərindən əsas niyyətlərdən biri də məhz bu olub. Məsələn, Misirə təklif olunub ki, Qəzzadakı ərəblərin Sinay yarımadasına keçməsinə şərait yaradarsa, 164 milyard dollarlıq xarici borcunu Dünya Bankı tərəfindən sildirə bilər. Əminəm ki, Türkiyəyə də konkret təkliflər aparılıb. Ancaq Türkiyə dəyərlər ölkəsidir. Ona görə də Türkiyə öz şərtlərini ABŞ rəhbərliyinə çatdırıb. Bu gün Türkiyə dünyada bütün neqativ prosesləri əngəlləyən yeni oyunlar qura biləcək bir dövlətə çevrilib”. 


Həmsöhbətimiz qeyd edib ki, Ankara görüş fonunda məsələnin ABŞ və İsrailin maraqlarına uyğun şəkildə bitməsinə imkan verməyəcəyini anladıb:

"Qəzzanın savaş bitəndən sonra kimin nəzarətində olacağı ciddi müzakirə predmetidir. Bunu Blinken digər ərəb ölkələrilə yanaşı, Türkiyə ilə də müzakirə edib. Çünki Qəzzanın "kupçası” Türkiyənin əlindədir. Bundan sonra da prosesdə əsas aparıcı qüvvə Türkiyə olacaq”. 

Qeyd edək ki, dünən Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ-nin Dövlət katibi Antoni Blinken arasında görüş baş tutub. Əsas müzakirə mövzusu İsrail HƏMAS qarşıdurması olub. Həmçinin, İsveçin NATO-ya qəbulu prosesi də müzakirə predmeti olub. 

Tarix: 7-11-2023, 15:51
Xəbəri paylaş





Xəbər lenti