“Ərdoğanın məlum bəyanatının ardınca Türkiyə səhm bazarında qiymətlər 7 faiz ucuzlaşdı. Bu olduqca ciddi iqtisadi çağırışdır...”
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə
Moderator.az üçün bu dəfəki qısa söhbətimizdə bir sıra müsəlman ölkələrinin gündən-günə gərginləşən və ilk növbədə Qəzza -Fələstin xalqı üçün daha acı fəsadlar törədən “Həmas”-İsrail qarşıdurmasına, əslində insanlıq faciəsinə münasibətlərini təhlil etməyə çalışdıq.
-Ərəstun bəy, “müsəlman” adlanan ölkələrin, o cümlədən ayrıca Iran və Səudiyyə Ərəbistanının son İsrail-“Həmas” qarşıdurmasına münasibətini necə dəyərləndirirsiz? -Deyim ki, bir sıra müsəlman dövlətlərinin və konkret olaraq Səudiyyə Ərəbistanının İsrail-Qəzza qarşıdurmasına münasibəti istər müsəlman, istərsə də ərəb həmrəyliyini xatırlatmır. Təsəvvür edin ki, Qəzzada dəhşətli qırğınlar getdiyi, İsrailin Qəzzanı yerlə-yeksan etdiyi bir vaxtda Səudiyyə Ərəsbistanı kimi bir ölkə faktiki olaraq onun yalnız mədəniyyətinə yox, şəriət qanunlarına da yad olan böyük bir rok festivalı keçirir. Səudiyyə Ərəbistanı bəyan edir ki, o,İsraillə əlaqələrinə yenidən baxmayacaq, yəni ki, həmin əlaqələr inkişaf edəcək. Və bütün məsləhətləşmələri İsraili birmənalı olaraq dəstəkləyən ABŞ-la aparacaq...
İrana gəlincə, bu ölkə üzdə “Həmas”ın xeyrinə bəyanatlar verməklə özünün ciddi təsiri altında olan “Hizbullah”ı prosesə qarışmaqdan çəkindirir. Baxmayaraq ki, İsrail “Hizbullah” mövqelərini durmadan bombalamaqda, artilleriya atəşinə tutmaqda davam edir. Yəni, dediyim kimi, İran sadəcə bəyanatlar verməklə kifayətlənir. Əslində isə heç Qəzza xalqının xeyrinə barmağını da tərpətmir...
Ümumiyyətlə, İran və Səudiyyə Ərəbistanı - İslam dövlətləri sayılan bu iki ölkə müsəlman dünyasında hər zaman Troya atı rolunu oynayıblar. Və bu gün də həmin rolu oynamaqda davam edirlər. Bu dövlətlər istənilən münaqişədən öz maraqlarını təmin etmək bir yana, hətta həmin münaqişələri öz maraqları naminə qızışdırmaqda məşhurdurlar. Baxın, yaxın günlərdə nə baş verdi? Qarşıdurmanın ilk günlərində Səudiyyə Ərəbistanı “Həmas”ı, fələstinliləri dəstəkləyirdi, İsraillə münasibətlərinə yenidən baxacağını bəyan etmişdi. Amma birdən İran tərəfdarları, əslində proksiləri olan Yəmən husiləri Ərəbistana hücum edərək 4 Səudiyyə əsgərini qətlə yetirdilər. Və bunun ardınca Səudiyyə Ərəbistanı bildirdi ki, onun üçün bölgədə əsas rəqib İsrail deyil, İrandır. Aydın məsələdir ki, husilərin hücumunun arxasında İranın durması ehtimalı çox yüksəkdir. Dediyim də budur: həmin bu iki "Troya atı" bu dəfə əl-ələ verib eyni oyun oynadılar. Və belə oyunlar da tarix boyu, yəni ən azı Səudiyyə Ərəbitsanının yarandığı dövrdən bu günədək, son 50-60 ildə davam edirdi. Ona görə də bu gün Yaxın Şərqdə yaranmış yeni böhrandan da bu hər iki müsəlman sayılan dövlət öz maraqları üçün istifadə edir. Başqa heç nə...
- Bəs sözügedən qarşıdurma və ona rəsmi Ankaranın münasibəti Türkiyənin xarici və daxili siyasətində öz təsirini necə göstərdi? -Türkiyənin anti-İsrail ritorikası, bəyanatları, atdığı addımlar və “Həmas”a dəstəyi, bölgədə münasibətlərin ciddi şəkildə dəyişməsinə gətirib çıxardı. Bilirsiz ki, Türkiyə-İsrail münasibətləri artıq son dövrlərdə müsbətə doğru inkişaf edirdi, ABŞ-İsrail, ABŞ-Türkiyə əlaqələri xeyli dərəcədə yaxınlaşmağa başlamışdı. Amma indi artıq konturlar dəyişdi. Burada, əlbəttə, birmənalı şəkildə siyasi səbəblər də var. Türkiyə görür ki, ABŞ Şərqi Aralıq dənizi hövzəsində hərbi qüvvə toplamaqdadır. Və bu dəniz hövzəsini Türkiyə daim özünün maraq dairəsi hesab edib və çalışıb ki, orada dominantlığı əldən verməsin. Bu səbəb var, əlbəttə. Lakin digər tərəfdən də, “Həmas”a açıq dəstək ifadə etmək və yalnız Türkiyə daxilindəki müəyyən kəsimin marağına uyğun bəyanatlar verməklə, hesab edirəm ki, ölkə rəhbərliyi tələskənliyə yol verdi. İndi rəsmi Ankara həm İsraillə, amma yalnız İsraillə deyil, həm də ABŞ-la münasibətlərini yenidən nəzərdən keçirməli olacaqdır. Mən hələ onu demirəm ki, Ərdoğanın məlum bəyanatının ardınca Türkiyə səhm bazarında qiymətlər 7 faiz ucuzlaşdı. Bu olduqca ciddi iqtisadi çağırışdır. Və Türkiyə bunu nəzərə almaya bilməyəcəkdir...
Sultan Laçın
Tarix: 9-11-2023, 21:53