“Qərb ölkələri dünyadakı nüfuzunu itirir və arzuolunmaz hesab etdikləri ölkələrdə böhran yaratmağa çalışırlar”. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə günü Moskvada MDB-dən olan həmkarları ilə görüş zamanı deyib.“Qərb ölkələri öz hərbi potensialını sürətlə artırır, məcburetmə, şantaj və konstitusiyaya zidd hakimiyyət dəyişikliyi cəhdlərindən istifadə edərək, onlardan asılı olan dövlətlərə getdikcə daha aqressiv şəkildə öz şərtlərini diktə edirlər”, – Patruşev deyib və bu zaman rəhbərliyində təmsil olunduğu ölkənin nə etdiyini unudub.
Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Cənubi Qafqaz məsələsinə toxunaraq, “kollektiv Qərbin mənfi rolunu” da qeyd edib.
“Azərbaycanla Ermənistan arasında nizamlanma o zaman mümkündür ki, qeyri-regional qüvvələr münaqişəyə müdaxiləni dayandırsınlar. Hələlik isə Qərbin addımları vəziyyəti daha da gərginləşdirir.
Qərb ölkələrinin addımları regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır”, – o, bəyan edib.
“Biz Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı inam və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq”, – Patruşev iddia edib.
Onun sözlərinə görə, Rusiya sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması maraqlarından çıxış edərək, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır.
Rusiya Təhlükəsizlik Şurası rəhbərinin bu parlaq ifadələri Kremlin Cənubi Qafqazda, xüsusən də Ermənistan-Azərbaycan münasibətləri baxımından faktiki olaraq həyata keçirdiyi siyasətlə necə uzlaşır? Patruşevin bu çıxışında həqiqətə yaxın bir kəlmə varmı? Moskva reallıqda Bakı ilə İrəvan arasındakı vəziyyəti necə görmək istəyir?
Tanınmış politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu fikirlərini Pressklub.az-la bölüşüb.
“İlk növbədə qeyd etmək istəyirəm ki, Patruşev Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması baxımından Rusiya diplomatiyasının roluna cavabdeh olan şəxslər arasında heç də düzgün seçilmiş fiqur deyil”, – o deyib.
Analitikin sözlərinə görə, Rusiya, təbii ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi məsələsində Qərblə rəqabət aparır. Baxmayaraq ki, Rusiyanın sülh müqaviləsinin əldə olunmasında həqiqətən nə dərəcədə maraqlı olması ciddi sual doğurur.
“Əlbəttə, istisna etmirəm ki, Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizənin gündən-günə daha da kəskinləşdiyi bir vaxtda (bu isə göz qabağındadır) sülhün əldə olunmasında və iki ölkə arasındakı sülhün bağlanmasında vasitəçi kimi çıxış edəcək tərəf bundan faydalanacaq.
İstənilən münaqişə geosiyasi prosesin tərkib hissəsidir. Qərbin regionda maraqları başadüşüləndir. Yaxın Şərqdə vəziyyətin pisləşdiyi bir zamanda Rusiyanın yolunu kəsmək və Moskvanın ora müdaxiləsinə mane olmaq istəyirlər. Rusiya isə təbii ki, Yaxın Şərqə öz yolunu açmaq istəyir. Ona görə də Rusiya Federasiyasına indi Cənubi Qafqazda təkcə siyasi deyil, həm də hərbi cəhətdən güclənmək lazımdır.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunması onlara yalnız bir halda faydalı ola bilər – tərəflər hər şeyi müstəqil şəkildə danışsınlar, fikir ayrılıqlarını aradan qaldırsınlar və müqavilə imzalasınlar.
Təbii ki, Rusiya da var gücü ilə buna nail olmağa çalışır, ancaq onun öz şərtlərinə və maraqları uyğun şəkildə. Eyni zamanda, düşünmürəm ki, Moskvanın Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün həqiqi və ciddi istəyi var. Görünür, Kreml Ermənistanla Azərbaycan arasındakı sərhəddə silahlı qüvvələrini yerləşdirməklə, təhlükəsizlik zəmanəti vermək istəyir. Bu o deməkdir ki, hər iki ölkə Rusiyanın nəzarəti altında olacaq.
İkincisi, Rusiya təhlükəsizliyi təmin etmək adı altında kommunikasiyalara nəzarət etmək istəyir. Prinsipcə, bu, həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinin məhdudlaşdırılması və Rusiya Federasiyasından asılı qalması üçün kifayət edəcək”, – tədqiqat mərkəzinin rəhbəri bildirib.
Oruclu deyir ki, bütün bunlar prosesin görünən hissəsi olsa da, hadisələrin görünməyən tərəfi də var.
“Prinsipcə, Avropa da oxşar maraqları güdür. Azərbaycan Avropanın vasitəçilik xidmətlərindən imtina edib. İndi Ermənistanın Rusiyanın xidmətlərindən imtina etməsi təhlükəsi var və bu, çox realdır. Və hər iki platformanın iki ölkə arasında sülhün əldə olunması baxımından faydasız və ya qeyri-funksional olduğu ortaya çıxanda, çox güman, Bakı ilə İrəvan arasında hansısa neytral ərazidə ikitərəfli danışıqlar başlayacaq. Məsələn, Gürcüstanda. Və bununla bağlı artıq müəyyən işartılar var. Bu, Ermənistan və Azərbaycanın baş nazirlərinin bu yaxınlarda Tiflisdə keçirilən görüşüdür. Bu, ikitərəfli sülh müqaviləsi imzalanmasının mümkünlüyü barədə Əliyevin bəyanatıdır.
Belə bir oyun gedir və bu, Rusiyanı narahat edir. Çünki Azərbaycanla Ermənistan arasında birbaşa sülh əldə olunarsa, o zaman nəinki Qərb Cənubi Qafqaza girə bilməyəcək, eyni zamanda Rusiya da regiondan çıxmalı olacaq. Hesab edirəm ki, cənab Patruşevi məhz bu narahat edir. Unutmayaq ki, onun özü və rəhbərlik etdiyi Təhlükəsizlik Şurası məhz cənub istiqamətində işləyir. Təsadüfi deyil ki, bu adam tez-tez İrana səfər edir və İran liderləri ilə sıx əlaqələrə malikdir. Yəni, görünür, Cənubi Qafqazda hadisələrin son inkişafı Moskvanı qane etmir və ona görə də Patruşevin bu bəyanatı ortaya çıxıb. Bunun nə dərəcədə effektiv olacağını və tərəflərə təsir edib-etməyəcəyini zaman göstərəcək. Amma mənə elə gəlir ki, Ermənistan və Azərbaycanda kurs artıq az-çox müəyyənləşib”, – deyə Oruclu yekunlaşdırıb.
Mənbə: Pressklub.az
Tarix: 12-11-2023, 08:20