Zəngəzurda toqquşan MARAQLAR – İran-Rusiya gərginliyi BÖYÜYÜR
İranlı politooq Puya Hüseyni bildirib ki, İran Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir.O, dəhlizə nəzarət məsələsinə yanaşmada Tehranla Moskva arasında fikir ayrılığının olduğunu iddia edib:“İran üçüncü ölkələrin bu yollara nəzarət etməsini qəbul etmir. Bu yola yalnız Ermənistan nəzarət etməlidir. Üçüncü ölkənin həmin yola nəzarət etməsi İran üçün qəbuledilməzdir. Burada İran və Rusiyanın maraqları toqquşur”.
Görünən odur ki, son zamanlar İranla Rusiya arasında müəyyən məsələlərdə bir sıra fikir ayrılıqları üzə çıxır. Onlardan biri də Zəngəzur dəhlizi məsələsidir ki, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatına əsasən həmin dəhlizin Ermənistan hissəsindən keçən yola nəzarəti Rusiya həyata keçirməlidir.
Lakin Paşinyan hökuməti bəyan edib ki, bu yola nəzarəti Ermənistan özü həyata keçirməlidir. Bu fonda Tehran isə Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığını ortaya qoyub. Onlar bu dəhlizə özlərinin “qırmızı xətti” kimi baxırlar.
İran Rusiya münasibətləri gərginləşir?Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Ermənistan məsələsində İranla Rusiya arasında kəskinləşən ziddiyyətlər daha da dərinləşəcək:
“Tehranla Moskva beynəlxalq münasibətlər sistemində guya birgə, ortaq addımlar atmış kimi görünsələr də, əslində bu iki ölkənin siyasi cəhətdən bir-birini həzm edə bilmədikləri mövzular da mövcuddur. Bu gün İranla Rusiyanın geopolitik baxımından əslində bir-birinə rəqib olduğunu söyləyə bilərik.
Nəzərə alaq ki, nə İran, nə də Rusiya başqa bir ölkənin regionda geopolitik baxımından güc halına gəlməsini həzm edə bilmir. Ona görə də İranla Rusiya arasında rəqabətin dərin siyasi, tarixi və ictimai kökləri var. Məsələyə də mütləq bu kontekstdən yanaşmaq lazımdır”.
Həmsöhbətimiz qeyd edir ki, İran Zəngəzur dəhlizinə qarşı çıxmaqla türk dünyası arasındakı baryeri qorumağa çalışır:“İran hesab edir ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların və birbaşa əlaqələrin açılması türk dünyası logistik və tranzit baxımından bağlanmaqla yanaşı, həm də siyasi mənada daha da birləşməsi və güclü olmasına gətirib çıxarır. Bu isə Güney Azərbaycan qorxusu yaşayan İranın narahatlığına səbəb olur. Bu baxımdan Zəngəzur dəhlizinə Rusiya FTX-nin nəzarətini İran qəbuledilməz hesab edir.
Faktiki olaraq görürük ki, İranla Rusiya arasında maraqlar toqquşması artıq açıq müstəviyə keçib. Özəlliklə Ermənistan ərazisində İranın təhlükəli planları Moskvanın da xoşuna gəlmir. Ermənistan mövzusunda bu iki ölkə arasında kəskinləşən və konfrantasiya halına gələn ziddiyyətlər daha da dərinləşəcək”.
Tarix: 14-11-2023, 09:26