Artıq 1 ilə yaxındır ki, Ukrayna ilə Rusiya arasında aktiv müharibə gedir.
Müharibənin ilk günlərində Qərb fəal şəkildə Ukraynaya həm maddi dəstək verdi, həm silah göndərdi. Nəticədə Zelenski hakimiyyəti müharibəni qısa zamanda udacağını düşündü. Bu barədə müharibənin ilk günlərində Qərbin ekspertləri də “şərh” verərək deyirdilər ki, Rusiyanı xəritədən siləcəklər, yeni dünya düzəni yaranacaq, Ukrayna da Rusiyanın tapdağından, işğalından xilas olacaq.
Müharibə bir ilə qədər uzandı, deyilənlər gerçək olmadı.İndi isə Qərb mətbuat və ekspertləri açıqlama yayaraq deyirlər ki, Ukraynanın qalib gəlmək şansı yoxdur. Qərb mediasına müharibədə artıq 70 min ukraynalının həlak olması haqda xəbər də sızdırılıb. Yaralıları da nəzərə alsaq, bu o deməkdir ki, yüz minlərlə gənc ukraynalı müharibə qurbanı olub. Ona görə də Qərb Rusiya ilə danışıqlara getməyin qaçılmazlığı haqda fikirlər yayır. Bu, açıq şəkildə Ukraynanın parçalanması deməkdir.
Bu müharibə də göstərdi ki, Qərb demokratiya adı ilə gəldiyi ölkələrə, ərazilərə ancaq bədbəxtlik, bəla və əlavə problem gətirir. Yaxın Şərqdə baş verənlər də bunun bir göstəricisidir ki, hələ də həmin bölgədə həyat öz axarına qayıtmayıb…
Qərb Ukraynanı silahlandıraraq Rusiyaya qarşı müharibəyə sürükləyib, ölkənin bir çox şəhərləri dağıdılıb, minlərlə insan həlak olub, ölkədə cəmi 20 milyon əhali qalıb. İndi də durub bütün bunlara görə məsuliyyəti Zelenskinin üzərinə atmağa hazırlaşır.
Bəllidir ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə etdi. Daha doğrusu, hazırda Qərb özünün geosiyasi maraqları naminə Ukrayna dövlətini və xalqını qurban verir.Onu da qeyd edək ki, oxşar ssenari Azərbaycan üçün də hazırlanırdı. Biz bunu 44 günlük müharibə zamanı gördük. 44 günlük müharibə zamanı Qərb Azərbaycanla Türkiyəni bölgədə Rusiya ilə üz-üzə qoymağa çalışdı, bu zaman Qərbin Azərbaycandakı “muzdluları” da bunun üçün canfəşanlıq etdi. Amma “nəyi nə zaman, necə etmək lazımdır, mən bilirəm” deyən Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bu plan baş tutmadı. Azərbaycan bölgədəki güc mərkəzləri ilə münasibəti korlamadan öz ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ildə isə prosesi tamamlayaraq suverenliyini də tam bərpa etdi.
Ancaq Cənubi Qafqazda Ukrayna ssenarisi yenə təkrarlana bilər. Bu dəfə qurban Ermənistandır.Baş verənlər göstərir ki, İrəvanı Kiyevin taleyi gözləyir. İndi də Qərb Ermənistanı silahlandırmaqla Cənubi Qafqaz regionunda, Rusiya Federasiyasının sərhədləri yaxınlığında münaqişə ocağı yaratmaq istəyir. Təbii ki, bu prosesin axırı heç də yaxşı bitməyəcək. Ermənistan hazırda Qərbə sığınmaqla özünün məhvi üçün zəmin hazırlayır.
Bu günlərdə Gürcüstanın Poti limanı vasitəsilə Ermənistana silah tədarükünün ilk partiyasının həyata keçirildiyini müşahidə etdik. Yəni Ermənistan Qərb tərəfindən silahlandırılır. Görünür ki, Ermənistan revanş arzusundadır. Ancaq təkcə silahla bu, mümkün deyil. Ermənistanın darmadağın olan ordusunun toparlanması üçün illər lazımdır. İkincisi də Ermənistanın ordusunda psixoloji durum da bərbaddır.
Zəif iqtisadiyyat, genişmiqyaslı məğlubiyyət, özünün olmayan torpaqlar uğrunda mübarizə Ermənistanı bitirib. Ona görə də Ermənistan hakimiyyəti ağlını başına yığıb öz xalqını düşünməlidir. Əks halda Qərbin tələsinə düşüb ayaq altında məhv olacaq.
Mövzu ilə bağlı
Musavat.com-a danışan
politoloq İlyas Hüseynovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində ilk baxışdan belə bir təəssürat yarana bilər ki, heç bir proses getmir, hərəkətlilik yoxdur.
Politoloq qeyd edib ki, əslində sanki tərəflər son güclərini toplayırlar və artıq müharibənin müqəddəratı, onun gələcəyi ilə bağlı da bir gündəm formalaşdırmağa çalışırlar:“Burada Qərb riyakar simasını göstərir. Yada salsaq, müharibədən əvvəl Qərb çox ciddi surətdə Ukraynanı inandırmışdı ki, bu müharibə baş verərsə, Rusiya məğlub olacaq. Rusiyanın Ukrayna ilə sərhədlərə silah-sursat, zirehli texnika cəlb etməsi fonunda yalnız müdafiə silahları verilirdi. “Javelin” tank əleyhinə idarə olunan raketlər və müdafiə xarakterli silahlar üstünlük təşkil edirdi.
İndi isə belə bir fikri tirajlamağa çalışırlar ki, artıq Ukrayna öz aqibəti ilə barışsın, yeni reallıqları qəbul etsin və Donbas bölgəsinin, üstəlik, Xerson və Zaporojyenin də Krım kimi itirilməsi qaçılmazdır kimi Ukraynanın ərazi bütövlüyünə qarşı fikirlər mütəmadi görünməkdədir. Bütün günahı, məsuliyyəti Volodimir Zelenskinin üzərinə atmağa çalışırlar. Bu, əlbəttə, Ukrayna üçün çox pis və mənfi ssenaridir. Ukrayna dağılmış iqtisadiyyat və dağılmış şəhərlərlə, itirilmiş hərbi sənaye ilə və əlbəttə ki, insan resurslarının itkisi ilə üz-üzə qalıb. Ölkədə cəmi 20 milyon əhali qalıb. Müharibədən öncə insan resursları baxımından Rusiya ilə Ukraynanın müqayisəsində Ukraynanın geri qalması müşahidə olunurdusa, hazırda bu itkilər də Ukrayna üçün çox pis bir şəraiti əmələ gətirir”.
Politoloq xatırlatma da edib:“Biz əlbəttə, öz gündəmimizə, öz regionumuza da nəzər saldıqda görürük ki, vaxtilə 44 günlük mühraibə zamanı Azərbaycanla Türkiyəni Rusiyanın qarşısına qoymağa çalışırdılar. Azərbaycana gələn Qərbin sözçüləri, Qərbin himayəsi, qanadı altında olan şəxslər antimilli, riyakar fikirlərlə çıxış edirdilər, ancaq onların istədikləri baş tutmadı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti öz nəticəsini verdi. “Nəyi nə zaman, necə etmək lazımdır, mən bilirəm” deyən cənab Prezident ərazi bütövlüyümüzü, konstitusion quruluşumuzu, suverenliyimizi təmin etdi. Bu gün dünyanın hansı bölgəsində müharibə getsə də, biz öz problemimizi həll etmiş hesab olunuruq. Bu qələbəmiz xalqımızın gücü, ordumuzun qüdrəti və müdrik Prezidentimizin möhkəm siyasi iradəsinə əsaslanan prinsipial mövqeyi ilə birbaşa bağlıdır.
Lakin əlbəttə, biz regionda və dünyada baş verən bütün hadisələrdən özümüz üçün nəticə çıxarmalıyıq və bunun əsasında xarici və daxili siyasətdə də müəyyən addımlar atılmalıdır”.