Qərb (ABŞ) Cənubi Qafqazı yenidən müharibəyə sürükləyir - Ermənistan Ukraynanın taleyini yaşaya bilər


Gürcüstan Fransa “Bastion”larının (hücum zirehli maşınlarının) Ermənistana tranzitini təsdiqlədi. Görünən budur ki, Cənubi Qafqazla bağlı planlar hələ də yekunlaşmayıb. Əslində Avropa İttifaqının hərbiləşmiş missiyası adı altında NATO Ermənistanda möhkəmlənir. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqların aparıldığı bir ərəfədə Ermənistanın silahlandırılması nə Qərbin “sülh təşəbbüsləri”nə, nə də rəsmi İrəvanın “biz sülh müqaviləsi imzalamağa hazırıq” bəyanatlarına adekvat addım deyil.
Hazırda Fransa Ermənistanda əəsasən iki istiqamətdə iş aparır:
- Qərbin müxtəlif fondları vasitəsilə Ermənistandakı revanşist-qisasçı qüvvələrin (“Qarabağ klanı”) maliyyələşməsini həyata keçirir. Bu, maraqlı nüansdır, çünki revanşist qüvvələr on illər boyu Rusiyanın kurasiyasında fəaliyyət göstərib. Revanşistlər II Qarabağ savaşından sonra Rusiyadan Azərbaycana qarşı istədiklərini ala bilmədilər və özlərinə yeni “hami” tapıblar. Bu məsələdə Fransanın təşəbbüsü ələ alması son 3 ildə erməni terror təşkilatları ilə revanşistlər arasında yaranan çatları bərpa etməyə də ciddi imkanlar yarada bilər. Əsas hədəflərdən biri də məhz budur.
- Fransa Ermənistanı sürətlə silahlandırır. Bu silahlandırma Ermənistanı gücləndirmə məqsədi güdür, yoxsa yeni müharibəyə hazırlıqdır? Təbii ki, ağır məğlubiyyətlə üzləşən Ermənistan NATO-nun tam dəstəyi ilə də olsa, Azərbaycanla yenidən müharibə aparmaq iqtidarında deyil. Görünür, bütün bu addımları Ermənistanı “NATO-ya uyğunlaşdırmaq” üçün atırlar. Şübhəsiz ki, Rusiya baş verənləri həssaslıqla izləyir. Gürcüstanın, Moldovanın və Ukraynanın buraxdığı səhvləri Ermənistan da təkrarlaya bilər. NATO Ukrayna ərazisində Rusiya sərhədlərinə yaxınlaşdı və torpaqlarını itirdi, artıq Zelenski tək qalıb, Qərb ona Rusiyanın Ukrayna ərazisindəki mövcudluğu ilə barışmağı təklif edir. Bu dəfə enerjisini İsrailə sərf edən ABŞ Ukraynaya vəd edilən “sürpriz”ləri yerinə yetirə bilmədi. NATO Ermənistanla hərbi proqramlar icra etməyə hazırlaşır və hazırda Ermənistanın hərbi elitası NATO-nun qərargahından təlimatlar alır. Azərbaycan narahat deyil, çünki bu məsələdə də Ermənistanı Rusiya ən sərt şəkildə cəzalandıracaq. Ermənistan NATO-ya və ABŞ-a yaxınlaşdıqca, Bakı-Moskva arasındakı əlaqələr daha da güclənir. Ermənistan Rusiyadan qopduqca, Rusiya Azərbaycanın istəklərini yerinə yetirəcək.
Bütün bunlarla yanaşı, Qərb bu dəfə Gürcüstan üzərindən daha təhlükəli planlara start verib. Həmişə demişəm və bir daha vurğulamaq yaxşı olardı: Gürcüstan Azərbaycan üçün ən azı Ermənistan qədər təhlükəlidir.
- Fransa Ermənistana bütün sahələrdə açıq dəstək verir
- Fransa-İran arasında tarixi və möhkəm əlaqələr mövcuddur
- İran da Gürcüstanda çox güclüdür, Gürcüstanda yaşayan azərbaycanlılar İranın təsir dairəsi altındadırlar
Gürcüstan hələ də sabit mövqe əldə edə bilməyib. Rusiya və ABŞ arasında hər an partlamağa hazır olan Gürcüstan yenidən “qaynar nöqtə”yə çevrilə bilər.
Qərb Cənubi Qafqazı yenidən böhrana, münaqişəyə sürükləmək istəyir. Rusiyanın daxilindəkı respublikaları “ayağa qaldırmaq” iradəsi nümayiş etdirə bilməyən ABŞ daha həssas bir coğrafiyada - Cənubi Qafqazda yeni təlatümlər yaratmağa çalışır. ABŞ-ın təsiri altında regionda müxtəlif təriqətlərin aktivləşməsi də xüsusilə diqqət çəkir.
Müəllif: Samir Feyruzov
Tarix: 15-11-2023, 10:04
Xəbəri paylaş





Xəbər lenti