Azərbaycan-ABŞ münasibətləri niyə gərginləşib? - İNCƏLƏMƏ
ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi Ceyms O'Brayen bəyan edib ki, Vaşinqton Bakıya hərbi və digər yardımları dayandırıb, bir sıra yüksək səviyyəli səfərləri ləğv edib və İrəvanla danışıqlarda irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlərin normallaşmayacaq. Bunun ardınca isə ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Rəsmi Bakının ABŞ-a cavabı özünü çox gözlətməyib. Azərbaycan XİN bəyan edib ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O"Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir. Sputnik Azərbaycan ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan gərginliklə bağlı millət vəkili Zahid Orucun və hərbi-siyasi ekspert Telman Qasımovun fikirlərini öyrənib. Hərbi-siyasi ekspert Telman Qasımov bildirib ki, ABŞ-ın Azərbaycan qarşı yönəlmiş bu siyasətində əsas hədəf Rusiyadır.
Onun sözlərinə görə, ABŞ maksimum şəkildə Rusiyanın regiondakı mövqelərinin zəiflədilməsinə çalışır: "Müəyyən qədər Gürcüstanda buna nail olsalar da, indi orada da vəziyyət ABŞ-ı qane edəcək səviyyədə deyil. İndi eyni proseslər Ermənistanda cərəyan edir. Paşinyan Rusiyanı görməzdən gəlir, saymazlıq nümayiş etdirir, KTMT iclaslarında iştirakdan imtina edir. Bu gün həm də Ermənistan ordusunun arsenalı NATO silahları ilə əvəz olunur". Ekspert qeyd edir ki, indi Rusiyaya qarşı bu fəaliyyətin növbəti dayanacağının Azərbaycan olmasına çalışırlar: "İstəyirlər ki, Azərbaycanı Rusiya ilə üz-üzə qoysunlar. Azərbaycanın Zəngəzur dəhlizi məsələsində Rusiya ilə partnyorluğunu Avropa ilə əvəz etsinlər. Xüsusən də, Zəngəzur dəhlizinin həyata keçirilməsinin İran vasitəsilə gündəmə gətirilməsindən sonra Azərbaycana qarşı təhdidlərin artması müşahiə olunur. Ona görə də regionda cərəyan edən bütün bu proseslərin hədəfində Rusiya dayanıb. ABŞ və Avropa çalışır ki, hər şeyi Rusiyanın üstünə atsın, bölgə ölkələrinin citmai rəyini Rusiya əleyhinə çevirsin. Bu baxımdan kimin təsir rıçaqları çox olacaqsa, proseslər də onun xeyrinə başa çatacaq. Azərbaycan müstəqil siyasətini yürütməyə davam etməlidir. Proseslərə də ehtiyatlı yanaşma tələb olunur". Millət vəkili Zahid Oruc isə qeyd edib ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsi regionda inqilabi dəyişikliklər yaradıb. O hesab edir ki, ABŞ özünü bölgədən təcrid olunmuş hiss edir: "Buna görə də Ermənistanın dönüklüyündən özləri üçün istifadə etməyə başlayıblar. Bu gün Qərbdəki siyasi arenalarda Azərbaycan əleyhinə təşkil olunan görüşlər Ermənistanın deyil, dolayısı ilə ABŞ-ın maraqlarını təmin etməyə yönəlib. İndi də Ceyms O'Brayen ABŞ-ın mövqeyi ilə bağlı fikirlər səsləndirir. Biz onun kimi adamları yaxşı analiz etmişik, onların ətrafındakı siyasi qüvvələrin fəaliyyət şəbəkələrini tam miqyasda öyrənirik. Bu şəxsin üzərində mühüm proqramlar, tapşırıqlar var".
"Azərbaycanın sülhü zədələməkdə məqsədi nə ola bilər axı?! Belə açıqlamalar siyasətdə bilinən gedişlərdir. Onlar informasiya məkanında yaydıqları bu fikirlərlə öz mənfi rollarını haqqında iddialar səsləndirdikləri ölkənin üstünə atırlar. Bu gün Qafqazda sülhü zədələyən Qərbdir, regiondan uzaqda yerləşən paytaxtlardır. Ona görə də, Azərbaycan lideri bəyan etdi ki, "əlinizi Qafqazdan çəkin!" Yüz il əvvəl də bu bölgədə Qərb dövlətlərinin donanmaları mövcud idi. Onların yüz il əvvəl də məqsədi regionun sərvətlərini ələ keçirmək idi. Bu gün Qərb bölgədə avantürist rol oynayır. Bu gün Ermənistanda yerləşdirilmiş AB-nin mülki missyasının üzvləri də emissar və cəsusdurlar. Onlar xüsusi şəbəkələr tərəfindən idarə olunurlar. Azərbaycan atdığı hər bir özünü müdafiə addımını aktlaşdırıb əleyhimizə qətnamələr qəbul etməyə səy göstərirlər"