Üç sülh platforması, hər üçündən imtina – Geriyə qaldı ikitərəfli danışıqlar platforması
Politoloq: “Hər üç formatda danışıqlar alınmırsa, demək ki, Bakının ikitərəfli formatda danışıqlar aparmaq təklifi alternativsizdir” Azərbaycan Ermənistanla sülh danışıqları platforması kimi ABŞ-dan da imtina etdi. Vaşinqton görüşündən imtina Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb. Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycana qarşı verdiyi əsassız açıqlamalarına dair şərhində bildirilib ki, ABŞ-nin birtərəfli yanaşması Vaşinqtonun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər: “Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”. Rəsmi Bakının bu bəyanatı Vaşinqton danışıqlarından da imtina etmək deməkdir. Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfi Brüssel formatında danışıqlardan da imtina edib. Səbəb isə bu formatlarda ortaya qoyulan mövzuların Azərbaycanın tələblərinə cavab verməməsidir. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Fərhad Məmmədov deyib ki, mövqelərin sərtləşməsi gözlənilən idi:
- Çünki ABŞ Dövlət Departamentinin keçən həftə Ermənistanın ərazi bütövlüyü ilə bağlı bir bəyanatı oldu. Aydındır ki, həmin bəyanat birbaşa Azərbaycana ünvanlanmışdı. Düzdür, Azərbaycanın adı çəkilməmişdi, amma həmin bəyanatın Azərbaycana qarşı olduğu açıq şəkildə ortada idi. Rəsmi Bakı da bəyanat verdi və orada deyilirdi ki, ABŞ Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməyənədək onun sülhlə bağlı vasitəçilik missiyası qəbul edilməyəcək. İki gün əvvəl isə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn ABŞ-ın Azərbaycana qarşı yanaşmasını tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Məsələ belədir ki, Azərbaycan üçün vacib məsələlər var ki, onlar həllini tapmalıdır. Bakının gözləntilərinə Vaşinqton müsbət cavab vermir. Söhbət ilk növbədə Qarabağın Azərbaycana aid olmasını ABŞ-ın qəbul etməsidir. Lakin ABŞ Azərbaycanın yox, Ermənistanın ərazi bütövlüyü məsələsinə köklənib. Vaşinqton Ermənistanın ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan etdiyi halda, Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi məsələsini qaldırır. Bu istiqamətdə ABŞ xüsusi addımlar da atır. Araşdırmaçı missiya var, hansı ki, onlar Qarabağdan könüllü köçən ermənilərlə görüşürlər, onloara təlimatlar verirlər. Demək istəyirəm ki, ABŞ vasitəçiliyə uyğun olmayan addımlar atır. - Bakı Vaşinqtonun vasitəçiliyini rədd edir? - Hazırda sülh danışıqları ilə bağlı üç format var – Moskva, Brüssel və Vaşinqton. Moskva formatından rəsmi İrəvan imtina edir, hansı ki, bunu Ermənistan tərəfi öz addımları ilə nümayiş etdirir. Brüssel formatı da şübhə altındadır. Qranadada Fransanın formalaşdırdığı sənəd hazırlanmışdı ki, bu sənəd Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan tərəfi Qranadada da, Brüsseldə də danışıqlardan imtina etdi. Qalırdı Vaşinqton formatı ki, danışıqların bu formatda aparılması gözlənilən idi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da belə bir bəyanat verdi ki, İrəvan Vaşinqtonda danışıqlara hazırdır. Böyük ehtimalla ABŞ tərəfi ilə Azərbaycan tərəfi arasında qapalı danışıqlar gedirdi. Rəsmi Bakı da Vaşinqtonun diqqətinə öz gözləntilərini dilə gətirib. Söhbət Qarabağdla bağlı məsələnin ümumiyyətlə, gündəmdən çıxarılmasından gedir. Azərbaycanın mövqeyi belədir ki, artıq məsələ bitib, Qarabağ münaqişəsi həll olunub, indi Azərbaycan-Ermənistan arasında sülh sazişi müzakirə olunmalıdır. Amma Ceyms O’Braynın yanaşması ABŞ-ın mövqeyini ortaya qoydu, ona görə də Azərbaycan tərəfi bu formata da “yox” dedi. - Demək olarmı ki, Azərbaycan sülh danışıqlarından çıxır? - Xeyr, Azərbaycan danışıqlardan çıxmır. Danışıqlar formatlarında iştirak edib-etməmək barəsində tərəflərin özləri qərar verirlər. Hansı format Azərbaycanın maraqlarına uyğun deyilsə, bundan imtina olunur. Rəsmi Bakının İrəvana ikitərəfli formatda danışıqlar aparmaqla bağlı təklifi var və bu təklif hələ də qüvvədədir. Əgər hər üç formatda danışıqlar alınmırsa, demək ki, Bakının ikitərəfli formatda danışıqlar aparmaq təklifi alternativsizdir. Düşünürəm ki, Ermənistan rəhbərliyi bu təklifi yenidən nəzərdən keçirməlidir. Rəsmi İrəvan sülhdə maraqlıdırsa, o zaman Bakının ikitərəfli formatda görüş təklifinə müsbət cavab verməlidir. - Baş verənlər ABŞ-Azərbaycan münasibətlərinə hansı təsirləri göstərəcək? - Hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətləri korlanmayacaq. Çünki münasibətlər təkcə bu məsələ ilə bağlı deyil. Bir çox sahələrdə iki dövlət arasında əlaqələr, əməkdaşlıq mövcuddur. Sadəcə sülh danışıqlarında vasitəçi olmaq Vaşinqtonun təşəbbüsüdür. Onlar özlərində belə bir haqq görürlər ki, bizi öyrədə bilərlər, necə yaşamalı olduğumuzu, Ermənistanla necə və hansı şərtlərlə sülh sazişi imzalamağımızı başa sala bilərlər. Biz də deyirik ki, vasitəçi olun, amma bizim də yanaşmalarımıza, mövqeyimizə hörmətlə yanaşın. Məsələn, ABŞ Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etsin, səfiri digər diplomatlarla Şuşaya getsin. Vaşinqton bu yanaşmanı ortaya qoymur. Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda iki dəfə görüş keçirdilər. Biz o görüşlərlə bağlı bəyanatlarda gördük ki, Vaşinqton sülh sazişi barədə şərt qoydu, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini qabartdı. Azərbaycan cavab verdi ki, bəli, erməni sakinlərin hüquq və təhlükəsizliyi vacibdir, amma Azərbaycan qanunvericiliyi çərçivəsində həll olunmalıdır. ABŞ isə bunu qəbul etmir. Hesab edirəm ki, ABŞ-ın ermənipərəstliyi bütün normaları aşır. Azərbaycan isə haqlı olaraqmaraqlarına uyğun addımları atır. Bakının maraqlarına ABŞ müsbət yanaşma sərgiləyərsə, o zaman Vaşinqton formatı işlək olar. Problem ABŞ-ın, Fransanın yanaşmasındadır.