ABŞ-ın ədalətsiz qərarı: səfirlərimiz nədə səhv edir?

ABŞ-ın ədalətsiz qərarı: səfirlərimiz nədə səhv edir?


907-ci düzəlişin ləğv edilmədiyi, dondurulduğu hamımıza məlumdur. Yuxarı palatanın təsdiqlədiyi S. 3000 qanun layihəsi isə dondurulmanın mümkün olmamasını, eyni zamanda bir sıra, xüsusilə hərbi sahədə əməkdaşlığın dayandırılmasını təklif edir. Ancaq bu son mərhələ deyil, sənəd Senatdan keçməli və prezident tərəfindən imzalanmalıdır. Qanun layihəsi qüvvəyə minmə üçün lazım olan bütün sadaladığımız prosedurları keçənədək yardımlar davam edəcək.
SİAM.AZ  xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert ABŞ-ən sözügedən addımının örnək təşkil edərək mənfi tendensiya yaratma ehtimalının olduğunu bildirib:
“Əslində burada o qədər böyük məbləğdən söhbət getmir. İndiyədək 907-ci düzəlişdən kənar bizə edilən maksimum illik yardım 44-45 milyon dollar civarında olub, orta hesabla isə bu yardım illik 20-25 milyon dollar civarındadır. Amma atılan addımın siyasi nəticəsi var. Yəni əgər ABŞ kimi aparıcı bir dövlətin Azərbaycana qarşı qərarı bütün mərhələlərdən keçib qanuniləşərsə, digər ölkələr üçün də örnək təşkil edə, ölkəmiz əleyhinə kampaniyaya çevrilə bilər. Ona görə qarşısını almaq üçün xarici ölkələrdəki səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz gecə-gündüz işləməlidir. Çünki verilən açıqlamalar və qəbul edilən qərar olduqca yanlış və haqsızdır. Azərbaycan beynəlxalq hüququn bütün əsas norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa edib. ABŞ Ukraynaya Rusiya ilə müharibədə milyardlarla dollar civarında həm maliyyə vəsaiti ayırır, həm də silah-sursat yardımı edir, hərbi texnika göndərir. Azərbaycanın öz ərazisini heç bir kənar yardım olmadan işğaldan qurtarması isə ABŞ tərəfindən alqışlanmalı idi. Deməli, burada hardasa təqdimatla bağlı yanlışlıqlar da var. Yəni qeyd etdiyimiz kimi, səfirliklərimiz, daimi nümayəndəliklərimiz həqiqətlərimizi müxtəlif lobbi qruplarına, mediaya, Konqresdə olan dinləmələr zamanı diqqətə çatdırmaq üçün gecə-gündüz çalışmalı idi”.
Natiq Cəfərli diplomatiyamızın hazırki məqamda fəaliyyət göstərməli olduğu istiqamətlərdən də bəhs edib:
“Rəsmi Bakı nefti, qazı, iqtisadi və hərbi gücü olduğu üçün hansısa hüquqsuzluğa yol verməyib, yalnız öz torpaqlarını işğaldan azad edib. Amma ölkəmiz Şərqi və Cənubi Avropanın enerji təhlükəsizliyində ciddi yer alır, Amerika da hər zaman bunu alqışlayıb. Bu bizi arxayınlaşdırmamalı, neftə və qaza görə ölkəmizə güzəşt olunacağı təəssüratını oyatmamalıdır. Müqayisə üçün deyə bilərəm ki, Rusiya Qərb ölkələrinə hər il 178 milyard qubmetr qaz satırdı. Ancaq müharibə başlayandan sonra əlaqələr kəsildi. Yəni elə bir mərhələyə gəlib çata bilərik ki, Rusiyanın neft-qazından imtina edən Qərb ölkəmizlə də enerji sahəsində əlaqələri dayandırmaq fikrinə düşər. Fikrimcə, əgər Qərb Rusiyanı bölgədə özünə rəqib hesab edirsə, Ankara və Bakı burada Moskvanın bütün maneələrini keçməyə müvəffəq oldu, onu neytrallaşdırdı, zəiflətdi. Diplomatiyamız məhz bu tezisi sözün yaxşı mənasında satmağa nail olmalıdır. Azərbaycanın atdığı bütün addımlar Cənubi Qafqazda Rusiyanı zəiflədən addımlardır. Hətta son lokal antiterror əməliyyatlarınadək olan dövrdə Azərbaycan Müdafiə Nazirliyi Rusiyanı Qarabağda separatizmi dəstəklədiyi, qanunsuz hərbi birləşmələri silahlandırdığı, yer adlarımızı ermənicə təqdim etdiyi üçün dəfələrlə sərt şəkildə ittiham edib. Azərbaycan bu tezisi, narrativi yaxşı şəkildə qarşı tərəfin nəzərinə çatdırmalıdır. Dövlətimiz keçmiş SSRİ ölkələri arasında ilk dəfə rus qoşunlarını ölkədən çıxarıb, separatizm minalarını təmizləyib, nə KTMT-yə, nə də AİB-ə üzv deyil. Biz postsovet məkanında ərazi bütövlüyümüzü bərpa edən yeganə ölkəyik. Təbliğatımız, fəaliyyətimiz, proaktiv siyasətimiz məhz bəhs etdiyimiz konfiqurasiya daxilində olmalıdır”.
axar.az
Tarix: 18-11-2023, 10:31
Xəbəri paylaş





Xəbər lenti