“Azərbaycanla sülh müqaviləsi ona görə təxirə salınır ki, tərəflər bir-birinə etibar etmirlər”. Bunu cümə axşamı ölkə parlamentində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.“Əgər Azərbaycanla sülh prinsipləri razılaşdırılıbsa, onda problem nədədir? Biz niyə irəli getmirik, niyə sülh sazişi imzalamırıq? Ümumilikdə götürdükdə, səbəb tərəflər arasında etimadın olmamasındadır. Çünki həm biz, həm də Azərbaycan tərəfi hər dəfə öz bəyanatlarımızda və hərəkətlərimizdə razılaşmalardan imtina etmək, aqressiv fəaliyyətin planlaşdırılması niyyətlərini görürük. Bu isə sülh müqaviləsinin mətni üzərində işə mənfi təsir göstərir”, – Paşinyan bildirib.
O qeyd edib ki, yaxın gələcəkdə bir neçə əsas məsələyə aydınlıq gətirilməlidir. Bunlardan biri də sülh sazişinin yanlış təfsirlərinin aradan qaldırılması mexanizminin formalaşdırılmasıdır.
“Təəssüf ki, reallıq ondan ibarətdir ki, istənilən təklif müxtəlif formada şərh edilə bilər. Ona görə də, fərqli şərhlər olduğu halda bunun öhdəsindən necə gələcəyimiz barədə bizim çox aydın təsəvvürümüz olmalıdır. Digər məsələ sülh müqaviləsinin imzalanmasından sonra eskalasiyanın olmayacağına dair təhlükəsizlik təminatlarıdır”, – Paşinyan vurğulayıb.
Baş nazir bildirib ki, Ermənistan hökuməti bu problemlərin aradan qaldırılması üçün diplomatik və siyasi işləri gücləndirmək niyyətindədir.
Əgər hər şey Paşinyanın təsvir etdiyi kimidirsə, o zaman dövlətlərimiz arasında sülh sazişinin bağlanması perspektivi tamamilə illüziyaya çevrilir. Çətin ki, kimsə yaxın vaxtlarda ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı səmimi etimada nail olunmayacağı fikri ilə mübahisə etsin. Bəs Bakı və İrəvan belə vəziyyətdə nə etməlidir? Tərəflər, güclü və etibarlı sülh müqaviləsinin imzalanmasını mümkün məqsədə çevirmək üçün konkret olaraq nə etməlidirlər?
Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru, siyasi müşahidəçi Eldar Zeynalov yaranmış vəziyyəti Pressklub.az-a şərh edib.
“Məncə, Paşinyan yalan danışır. Əgər söhbət yalnız Ermənistanın Azərbaycanın sülhməramlı niyyətinə inamsızlığından getsəydi, o zaman İrəvan gərginliyi azaltmaq üçün addımlar atardı”, – o hesab edir.
Məsələn, Zeynalov deyir ki, İrəvan sovet dövrünün xəritələrinə əsaslanaraq, Azərbaycanın Ermənistan ərazisinin bir hissəsini işğal etdiyini iddia edir və bu məqam ermənilərin xarici siyasətində fəal şəkildə oynanılır. “Əgər belədirsə, o zaman sərhədin Sovet xəritələrinə uyğun delimitasiyası və demarkasiyası bu problemi asanlıqla həll edəcək – Rusiya tərəflərə ən müfəssəl xəritələri təqdim etməyi təklif edib. Və bu problemin sərhədin yalnız bir neçə yerində qeyd alındığını nəzərə alsaq, elə həmin hissələrdən başlamaq olar. Sərhədin digər hissəsini sonraya saxlamaq mümkündür. Məsələn, bizim Rusiya və Gürcüstanla bu cür sərhədi müəyyən etmə prosesimiz onilliklər çəkdi və heç vaxt silahlı toqquşmalara çevrilmədi.
Bəs bunu niyə etmirlər? Cavab sadədir: Ermənistana dünya ictimaiyyətinə müraciət edərək Azərbaycanın “təcavüzü” və “işğalı”ndan şikayət edəcək vəziyyətin olması daha çox sərf edir. Nə qədər ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin heç olmasa bir kilometrinin işğalı ilə bağlı mübahisə etməyə əsas var, onların təbliğatı bunu aktiv şəkildə istifadə edəcək. Qərbin ikili standartları, onun islam və türkofobiyası bu cür hiylələrə yaxşı köməkdir. Bir faktı xatırladaq: Ermənistan Şuşa və Laçın rayonlarını işğal edərkən Azərbaycanın bu əraziləri geri qaytarmaq cəhdləri ABŞ Konqresi tərəfindən təcavüz kimi qiymətləndirilmişdi və 1992-ci ilin payızında Amerika sanksiyalarının tətbiqinə səbəb olmuşdu (ABŞ Azadlığa Dəstək Aktına 907 saylı əlavə). 2001-ci ildən bəri hər il onun qüvvəsi dayandırılır, lakin təcavüz qurbanına qarşı sanksiyaların tətbiqi presedenti hələ də qüvvədədir.
Əslində, 1992-ci ildə Azərbaycan qoşunlarının Gədəbəy rayonu ərazindəki Başkənd (Artsvaşen) anklavını tutması Ermənistan ərazisinin “işğalının” daha bariz arqumentidir. Orada sərhədlərin haradan keçdiyini ölçmək üçün əlində xətkeş dağların qalxmaq lazım deyil. Anklav var idi və indi yoxdur. Amma nəinki bu arqumentdən istifadə etmirlər, onu həm də utancaq şəkildə danışıqlar masasının uzaq siyirtməsində gizlədirlər. Bunun da səbəbi aydındır: bir Başkəndə Ermənistan tərəfindən işğal olunmuş bir neçə Azərbaycan anklavı düşür. Bu anklavlarda 8 kənd (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Bərxudarlı, Qızılhacılı, Sofulu, Xeyrimli və Kərki) var.
Təbii ki, Paşinyana anklavları unutmağa imkan verməyəcəklər – nə azərbaycanlılar, nə də öz müxalifəti. Amma eyni zamanda əsas ərazidən təcrid olunmuş bu kəndlərin xəritə, delimitasiya, demarkasiya, nəqliyyat marşrutları, anklavların demilitarizasiyası və s. problemi yenidən gündəmə gəlir.
Nədənsə, erməni tərəfi üçün də xəritə məsələsi də sadə deyil. Ermənilər SSRİ Baş Qərargahının 1974-1991-ci illərdə tərtib edilmiş xəritələrində israr edirlər. Səbəbi yenə də aydındır: Azərbaycan SSR rəhbərliyi 1960-cı illərin sonuna qədər respublikanın ərazilərini itirə-itirə getmişdi və əvvəlki dövrün xəritələrini götürsək, Ermənistan “Artsvaşensiz” və hətta Zəngəzursuz qalmaq riski ilə üzləşir. Amma görünən odur ki, Azərbaycan rəhbərliyi bu xəritələrə qarşı deyil. Axı, BMT Azərbaycan və Ermənistanı məhz o dövrün xəritələrinə görə müstəqil dövlət kimi tanıyıb”, – hüquq müdafiəçisi bildirib.
“Təhlükəsizlik zəmanəti: Ermənistan üçün müttəfiqi Rusiyanın qoşunlarından daha güclü təminat düşünmək çətindir. MDB-nin digər ölkələri öz ərazilərində Rusiya hərbi mövcudluğundan qurtulmağa çalışdığı bir zamanda, Ermənistan özünü bir neçə müqavilə ilə Rusiya ilə bağladı. İndi də Ermənistanın ağlı başında olan qonşularından heç biri rusların bəzilərinin Rusiyanın İrəvan quberniyası, bəzilərinin isə onun Şərqdəki forpostu hesab etdiyi əraziyə qəsd etməyə cəsarət etməz.
Beləliklə, prinsiplər razılaşdırılıb, komissiyalar yaradılıb, coğrafi xəritələr masaya qoyulub. Lakin məsələ ölü nöqtədən tərpənmədi. İndi Paşinyan Ermənistanın sülh müqaviləsini imzalanmasını gecikdirməsinin səbəbini “sülh sazişinin yanlış şərh edilməsinin aradan qaldırılması mexanizminin formalaşdırılması” ilə izah edir. Amma rəsmi İrəvan 35 il ərzində tamamilə başa düşülən dildə yazılmış beynəlxalq konvensiyaları, bəyannamələri, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qərarlarını xarici dövlətin ərazisinin işğalına icazə kimi yanlış şərh edilməsinə yol veribsə, bu doğrudan da problemdir. Lakin bu problem diplomatik yox, artıq tibbi xarakter daşıyır. İndi də bu xəstəliyin açıq-aydın kəskinləşməsi baş verir.
Mənim fikrimcə, İrəvanın danışıqları gecikdirməsi Ermənistanı hansısa möcüzəvi şəkildə Rusiyanın mövcudiyyətindən qurtaracaq, onu NATO silahları ilə təmin edəcək, Azərbaycanı qorxudacaq və Qarabağa piksel şəklində “Artsax” bayrağını qaytaracaq Avropa məsihinin gəlişini gözləmək kimi sadəlövh planın tərkib hissəsi kimi görünür.
Məsələn, KTMT-dən çıxmaq və Aİ ilə yaxınlaşmaq niyyətləri səsləndirilir. Təhlükəsizliyindən narahat olan Ermənistan bu yaxınlarda nümayişkaranə şəkildə Hindistandan güllə, Fransadan isə Ukraynanın rədd etdiyi zirehli texnika alıb. Hindistandan alınan güllələrin Ermənistanın təhlükəsizliyini nə qədər gücləndirəcəyi barədə danışmayacağam, lakin bu uşaq oyununun 19-cu əsrdən bəri erməni təhlükəsizliyinin arxalandığı Rusiyanı ciddi şəkildə qəzəbləndirməsi adi gözlə də görünür.
Ermənistan son vaxtlar Rusiya Xarici İşlər Nazirliyindən İrəvanın problemlərinin “öz əli ilə yaradıldığı”, avrointeqrasiya və ya bloklara qoşulmamağa can atmasının, Qərb silahlarının tədarükünün genişləndirilməsinin, Ukrayna ilə qəfil dostluğun “Ermənistanın əsarətinə səbəb ola biləcəyi” barədə çoxlu bəyanatlar eşidir. Kremlin fikrincə, Qərbin məsləhətləri Ermənistana Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işləri başa çatdırmağa mane olur. Nəticədə, Ermənistan gələcəkdə “regional kommunikasiyaların konfiqurasiyası ilə əlaqəsinin kəsilməsi ilə bağlı böyük risk edir”. Və bu son deyil”.
“Ukrayna istiqamətində planları tamamilə iflasa uğrayan Qərb yırtıcı caynaqları ilə Ermənistana qamarlayıb və onu Rusiyadan qoparmağa çalışır”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü M.Zaxarova bildirib. Onun bilavasitə rəhbəri S.Lavrov isə daha kəskin çıxış edib: “Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırıb çıxarmaq niyyətlərini gizlətmir. Bu baş tutmayacaq. Biz tarixən buradayıq və heç yerə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”. Cənubi Qafqaza gələndə, “tərəfdaşlar” və “müttəfiqlər” ilk növbədə ermənilərdir və onlara şəffaf şəkildə eyham vururlar ki, Rusiya heç yerə yoxa çıxmayacaq və lazım gələrsə “Ermənistan istiqamətində Qərbin planlarını puça çıxara bilər”.
Bu yaxınlarda Ermənistanda hansısa sui-qəsdçi təşkilatın ifşa edildiyi və orada dərhal Rusiya izinin tapıldığı nəzərə alınsa, bu, tamamilə inandırıcı ssenaridir. Rusiyanın bu yerlərdə çoxlu agentləri var və o, Qarabağ kartından məharətlə istifadə edir.
Paşinyanın şəxsən iştirak etdiyi və buna görə mühakimə olunduğu 2008-ci ilin mart iğtişaşlarını da xatırlamaq olar. O zaman Ermənistan Qarabağ klanının boyunduruğundan çıxmağa çalışırdı, əvəzində İrəvan küçələrində tanklar, zorakılıq və nümayişçilərə atəş açılmasını gördü. On ildən sonra Paşinyan qarabağlıları hakimiyyətdən uzaqlaşdırdı, onu incidənləri həbsə atdı, lakin çox keçmədən 44 günlük müharibəni uduzdu.
İndi Ermənistanda 5-15 il əvvəlkindən daha çox qarabağlı var. Bu ilin sentyabrında onların Qarabağdan köçürülməsini nizamlı şəkildə təşkil ediblər. Onların arasında Paşinyana qəzəbli olan keçmiş döyüşçülər də az deyil. Beləliklə, Rusiya prezidentinin şəxsi dostu adlandırdığı R.Koçaryanın başçılıq etdiyi qüvvələrin bu dəfə revanş əldə edəcəyi istisna edilmir. Ermənistan siyasətinin arsenalında başqa radikal qərarlar da var. Məsələn, 1999-cu ildə olduğu kimi parlamentin güllələnməsi. Bu hadisənin təşkilatçılığı da R.Koçaryanın ayağına yazılır.
Bütün bunlar ermənilərin Rusiyadan aralanmaq cəhdini çox problemli edir. Və ola bilsin ki, biz buna tezliklə əmin olaq”, – ekspert qeyd edib.
Azərbaycan hakimiyyəti bu şərtlər daxilində nə etməlidir?
Azərbaycan hakimiyyəti hesab edir ki, başda Xankəndi, Kərkicahan və Xocalı olmaqla, ilk növbədə məcburi köçkün azərbaycanlıların Qarabağa qayıtmasını davam etdirmək lazımdır.
“İrəvan tərəfindən aldadılan Qarabağ erməniləri ora qayıtmağa başlayanda, artıq orada yerli administrasiya, polis formalaşacaq, iqtisadi infrastruktur fəaliyyət göstərəcək (xoşbəxtlikdən qaçan ermənilər Kəlbəcər və Ağdamda olduğu kimi burada infrastrukturu sıradan çıxarmadılar). Qarışıq əmək kollektivləri yaranacaq, radio-televiziya işə başlayacaq və bu, son 35 ildə yerli ermənilərin beyninə yeridilən şovinizmin ən yaxşı dərmanıdır. Biz indidən qanunvericiliyimizin erməni dilinə tərcüməsi, məktəb dərsliklərinin yaradılması kimi məsələlər üzərində düşünməliyik”, – deyə E.Zeynalov yekunlaşdırıb.
Mənbə: Pressklub.az
SİAM.AZ
Tarix: 20-11-2023, 09:21