“Azərbaycan hakimiyyəti müstəqil səsləri boğur, media azadlığını əngəlləyir”Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” mövzusunda məruzəçisi Hanna Bardell, AŞPA-nın media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Mogens Yensen, AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Aevarsdottir “AbzasMedia”nın direktoru Ülvi Həsənlinin həbsi, ona qarşı pis rəftarla bağlı xəbərlərdən
danışıblar:
“
Biz Ülvi Həsənlinin hökumətin korrupsiyası ilə bağlı apardığı araşdırmalara görə, susdurulmaq üçün həbs edildiyindən və həbsdə saxlanmasından narahatıq. Onun həbsi zamanı pis rəftara məruz qalması ilə bağlı xəbərlər bizi eyni dərəcədə sarsıdıb”.Bəyanatda bildirilir ki, 2023-cü ilin əvvəlində Ülvi Həsənli AŞPA-nın üç komitəsi arasında “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər”ə dair birgə dinləmələrdə iştirak edib. O, dinləmələrdə Azərbaycan hakimiyyətinin jurnalistlərin və hüquq müdafiəçilərinin şəxsi həyatları ilə bağlı intim məlumatları ifşa edərək, onları gözdən salmaq məqsədilə istifadə etməsindən danışıb. Bildirib ki,
“etirazçılar və jurnalistlər polisin zorakılığı ilə üzləşir. Polis bu hərəkətlərinə görə cəzasız qalır”.
Məruzəçilər qeyd edirlər ki, təcrübəli araşdırmaçı jurnalist olan Ülvi Həsənli əvvəllər də insan haqlarının müdafiəsi və qanunun aliliyinə sadiqliyinə görə təqiblərlə üzləşib. Səhhətinin pis olmasına baxmayaraq, o, hərbi xidmətə çağırılıb, həbs edilib və daim polisin törətdiyi əngəllərlə üzləşib.
“Onu müstəqil reportaj hazırlamaqdan çəkindirmək məqsədi daşıyan bütün bu tədbirlərə baxmayaraq, Ülvi Həsənli AŞPA komitələrinə bir daha bəyan edib ki, müstəqil jurnalistlər nəyin bahasına olursa, olsun, heç vaxt qərəzsiz reportajlarını dayandırmayacaqlar”. Bəyanatda bildirilir.
“
Biz cənab Həsənlinin qaçaqmalçılıqda şübhəli bilinərək son həbsini onun Parlament Assambleyası ilə əməkdaşlığa və hökumət üzvlərinin korrupsiyası ilə bağlı apardığı araşdırmalara görə repressiyaya məruz qaldığını hesab edirik. Düşünürük ki, onun həbsi və saxlanması tənqidi susdurmaq, Azərbaycanda müstəqil səsləri və media azadlığını əngəlləmək məqsədi daşıyır. Bu, Azərbaycan hakimiyyətinin jurnalistlərə və hüquq müdafiəçilərinə, hökumət ssenarisinə sadiq olmayan hər kəsə qarşı repressiyasının növbəti nümunəsidir. Bu, Avropa Şurasına üzv dövlətdə qəbul oluna bilməz”.AŞPA Azərbaycan hakimiyyətini qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə uyğun hərəkət etməyə çağırır:
“
Azərbaycanı Ülvi Həsənlini dərhal azad etməyə, onun fundamental hüquqlarına riayət olunmasını təmin etməyə, həbsdə pis rəftarla bağlı iddiaları operativ, hərtərəfli və müstəqil şəkildə araşdırmağa çağırırıq. Bunu etməmək Azərbaycanın Avropa Şurasına üzv olduqdan sonra üzərinə götürdüyü məcburi öhdəlikləri pozur”.“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb. Məhəmməd Kekalova qarşı hansı maddə ilə ittiham verildiyi barədə ictimaiyyətə məlumat verilmir.
Sevinc Vaqifqızı və Ülvi Həsənli Xətai rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.
Hər iki şəxsin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib.
Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.
Digər beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.
Mənbə: Meydan TV
Tarix: 23-11-2023, 15:02