Zəngəzurda əsəblər gərilir: Rusiya ilə üz-üzə qaldılar - NƏ BAŞ VERİR?

Zəngəzurda əsəblər gərilir: Rusiya ilə üz-üzə qaldılar
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Kremlin sözçüsü Dmitri Peskov deyir ki, Qərb Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır. Sizcə, Rusiya rəsmisinin bu açıqlamasını necə şərh etmək olar: Qərb bir qırağa, rusların Azərbaycan ərazisində qalmaqda məqsədləri nədir? Üstəgəl, bundan əvvəl Rusiyadan Qarabağ ermənilərinə 40 ton yardımın göndərilməsi də sual doğurur.

- Əslində, Peskov bunu izah etməlidir ki, Moskva niyə Qarabağda qalmalıdır? Əsas sual budur: oradakı sülhməramlıların missiyası nədən ibarətdir? Ötən üç il ərzində üzərlərinə götürdükləri öhdəlik və missiyaları yerinə yetirsəydilər, indiyədək baş verənlərin heç biri olmazdı. Yəni bu üç ildə erməni silahlılarını dəstəklədilər. Nəticədə Azərbaycan məcbur qalaraq, özü Rusiyanın üzərinə götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikləri beynəlxalq hüquq normaları və ölkə konstitusiyasına uyğun həll etdi.

Peskovun açıqlaması məntiqdən kənardır. Rusiyanın Qarabağda qalmaq istəyi nəyə, hansı maraqlarına bağlıdır? Yəqin ki, Azərbaycan bu məsələ ilə əlaqədar Rusiya ilə danışıqlar aparacaq.

Rusiya sülhməramlılarının Qarabağda qalma səbəbləri aradan qalxıb. Ötən üç ildə öhdəliklərini yerinə yetirmədilər. Bundan sonra da 10 noyabr sənədinə uyğun olaraq onların missiya və vəzifələrinə ehtiyac qalmayıb. Əgər belə bir ehtiyac yoxdursa, orada hansı maraq və parametrlər üzrə qalmaları suallar doğurur. Ona görə də, Peskovun bu açıqlamasını əksinə oxumaq lazımdır. Bu o deməkdir ki, Rusiya hər vəchlə öz qoşun hissələrini sülhməramlı adı altında Azərbaycan ərazisində saxlamağa çalışır.

- Qərbdən – Avropa Birliyi və ABŞ-dan da çağırışlar edilir ki, Qarabağdakı Rusiya sülhməramlıları dəyişdirilməlidir. Bəs Qərb niyə Qarabağda yerləşmək istəyir?

- Düşünmürəm ki, söhbət hansısa hərbi missiyadan gedir. Bəzi Qərb dairələrinin də məntiqində, dünyaya və beynəlxalq hüquq normalarına baxışlarında problemlər var. Yəni Azərbaycanın beynəlxalq hüquq normalarını pozmadan hərəkət etdiyini görə bilmirlər, hətta ölkəmizə qarşı absurd iddialar da səsləndirirlər. Amma Azərbaycan BMT missiyasını ora göndərməklə bu iddiaların əsassız olduğunu sübut etdi. BMT missiyası bir neçə dəfə orada olub. Belə bir missiyanın fəaliyyət göstərməsi Azərbaycan üçün heç bir problem yaratmır və onun maraqlarına da uyğundur. Əgər söhbət ondan gedirsə ki, orada yaşayan və ya qayıtmaq istəyən erməni əsilli Azərbaycan vətəndaşlarının durumu ilə bağlı ərazidə BMT-nin silahsız missiyası fəaliyyət göstərsin və monitorinq aparsın, bu mümkündür. Belə bir missiya Xankəndi və ətrafında Azərbaycan qanunları və beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərə bilər. Bu halda Rusiya sülhməramlılarında ehtiyac qalmaz. Başqa ölkənin əli silahlı sülhməramlılarına isə heç ehtiyac yoxdur.

- Gürcüstanla Ermənistan arasında dövlətlərarası yollardakı (Yuxarı Lars) çətinlik və problemlərə diqqət çəkən Baş naziri Nikol Paşinyan söyləyir ki, alternativ nəqliyyat xətləri açılmalıdır. Söhbət Zəngəzurdan keçəcək yollar və ya nəqliyyat dəhlizlərindən gedir. Hesab etmək olarmı ki, Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi yumşalır?

- Burada söhbət Ermənistan-Azərbaycan problemi deyil. Söhbət Rusiya və Ermənistan arasında yola nəzarətlə bağlı yaranan problemdən gedir. Mən Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı problem görmürəm. Çünki bu, Ermənistanın da xeyrinədir. Yolların açılması Ermənistanı beynəlxalq şəbəkələrə qoşulmasını təmin edəcək, Yuxarı Larsda asılılığını azaldacaq. Yuxarı Larsla bağlı təkcə siyasi yox, həm də təbii məhdudiyyətlər var. Qış aylarında həmin yol həftələrlə bağlı qalır. Bu yol Qafqaz dağlarından keçir, zaman-zaman hava pisləşir, buzlaşma və qar uçqunları olur.

Ermənistanın Gürcüstan üzərindən Rusiyada gedən yolu təkcə bundan ibarətdir. İndi Ermənistan buna alternativ olaraq, Azərbaycan üzərindən həm dəmir, həm də avtomobil yolları ilə müxtəlif ölkələrə çıxış əldə edə bilər. Yeri gəlmişkən, Ermənistan və Gürcüstan arasında dəmir yolu yoxdur. Məsələ budur ki, Rusiya 10 noyabr sazişini əsas gətirərək, bölgədə açılacaq yollara özünün nəzarət etməsini istəyir. Bu, Ermənistanla Rusiya arasında olan məsələdir. Öz aralarında bu məsələni həll etsələr, kommunikasiyalar çox rahatlıqla açıla bilər.

- Yaxınlarda sərhəd Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı birbaşa, vasitəçisiz görüş keçiriləcək. Necə düşünürsünüz: bundan sonrakı mərhələdə sülh danışıqları da vasitəçilər olmadan davam edə bilərmi?

- Əslində, bu, sərhəddəki görüşün nəticəsindən asılı olacaq. Azərbaycan tam səmimi və beynəlxalq hüquq çərçivəsində sülh müqaviləsinin bağlanmasına açıqdır. Ermənistan prosesi uzadır və bunda bir neçə məqsədi var. Məqsədlərindən biri odur ki, bu yolla yaradılmış anti-Azərbaycan çərçivəsini daha da genişləndirməyə çalışır. Əsasən də Qərbdən gələn təzyiqlərin artırılmasına cəhd göstərir. Eyni zamanda, maddi maraqları da var. İndiyədək bəzi məsələlərin həll edilməməsi, Xankəndidən gedən insanların problemlərini qabartmaqla Ermənistan müxtəlif ölkələrdən 400 milyon dollara yaxın yardım alıb, eləcə də Rusiyadan.

Yeri gəlmişkən, bu haqda az danışılır, amma Rusiya Ermənistana ən çox humanitar yardım göndərən ölkələrdən biridir, bunu da öz maraqları çərçivəsində edir.

Sərhəddəki görüş müəyyən nəticə və irəliləyiş əldə etməyə imkan yaratsa, danışıqların vasitəçi olmadan davam etdirilməsi daha məntiqlidir. Prezident İlham Əliyev bu baxımdan Gürcüstanı təklif edib. Sərhəddə qərar verilərsə, Tiflisdə işlək və daimi komissiya yaradıla bilər. Bütün problemli məsələlərin effektli şəkildə həlli və müəyyən protokolların imzalanması Tiflisdə təşkil oluna bilər.

Açığı, böyük sülh sazişinin birdəfəlik imzalanması çətin görünür. Bu o qədər də inandırıcı deyil. Amma müxtəlif protokollar ola bilər. Məsələn, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyasının prinsipləri, kommunikasiyalarla bağlı protokollar və sair. Yəni böyük sülh sazişinin müxtəlif protokolları imzalana bilər. Bu, böyük sülh sazişinin mətninin hazırlanmasına yardımçı ola bilər. Vasitəçilər olmadan bu protokolları Tiflisdə razılaşdırmaq və imzalamaq mümkündür. Azərbaycan bunu çoxdan təklif edib.
Tarix: 28-11-2023, 11:42
Xəbəri paylaş





Xəbər lenti