Ermənistan parlamentinin spikeri Alen Simonyanın ötəngünkü çıxışı bir çox baxımdan diqqət çəkir:
Birincisi, Simonyan qeyd edib ki, “Bakı siyasi iradə göstərsə, Azərbaycan və Ermənistan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər. Deyə bilərik ki, biz bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaq istəmirəm”.
15 gün ərzində sülh sazişinin imzalanması mümkün deyil. Bu tezlikdə bir sülh imzalansa belə, yalnız ilkin saziş ola bilər. Yəni yekun sülh müqaviləsinin imzalanması üçün hələ çox tezdir.
Prinsip etibarilə rəsmi Bakı yekun sülh sazişinin tez bir zamanda imzalanmasını istəyir. Lakin “anklav, eksklav”, “sərhədlərin delimitasiya və demarkasiyası”, “Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması”, “Təzminat məsləsi” və s. mövzularla bağlı hələ ki razılığa gəlinməyib.
Buna baxmayaraq, Simonyanın haqlı olduğu tərəflər də var. Söhbət bəzi fundamental məsələlər barədə razılığa gəlinməsindən gedir. Danışıqlar prosesində masada bir sülh sənədi var və bu sənəd davamlı şəkildə düzəlişlər edilərək İrəvan və Bakı arasında gedib-gəlir. Bunu isə müsbət məqam kimi qiymətləndirmək olar.
İkincisi, Simonyan deyib ki, ən azı yaxın perspektivdə ermənilərin Xankəndiyə, Şuşaya və ya digər “tarixən yaşadıqları yaşayış məntəqələri”nə qayıtması mümkün deyil.
Prinsip etibarilə Azərbaycan tərəfi ermənilərin Qarabağa qayıtmasının əleyhinə deyil. Lakin Simonyan bu baxımdan haqlıdır ki, ermənilər yaxın perspektivdə Qarabağa qayıtmayacaq. Rəsmi İrəvan Qarabağ ermənilərinin demoqrafik baxımdan Ermənistanda qalmasını istəyir. Bundan başqa, onlar üzərindən Bakıya qarşı təzyiq kimi də istifadə etmək məqsədi güdür.
2024-cü ilin ikinci yarısına kimi ermənilərin Qarabağa qayıtmayacağı təqdirdə onların ümumi mənada geri dönməyəcəyini demək olar.
Üçüncüsü, Simonyan Azərbaycanın Ermənistanın 31 kəndini tamamilə və ya qismən işğal etdiyini deyib. Aydın məsələdir ki, bu iddia həqiqəti əks etdirmir. Əksinə bu gün Qazaxın 7, Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.
Simonyanın fikri ən yaxşı halda belə izah oluna bilər: Azərbaycan Ermənistanın 31 kəndinə nəzarət edir. Yəni söhbət vizual nəzarətdən gedir. Ordumuz hakim olduğu yüksəkliklər sayəsində nəinki Ermənistan kəndlərini, hətta bəzi iri şəhərlərini belə nəzarətdə saxlaya bilir.
Simonyanın bu açıqlamaları diqqət çəksə də, reallıqdan uzaqdır. Əsas məsələ onun məhz indiki məqamda bu açıqlamaları verməsidir. Belə ki, sabah Ermənistan-Azərbaycan şərti dövlət sərhədində görüş baş tutacaq. Simonyan bu açıqlamaları ilə görüşdən əvvəl İrəvanın əlini gücləndirmək istəyir. Ehtimal etmək olar ki, sabah Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın görüşə gətirəcəyi qovluqda bu məsələlər də yer alacaq. Lakin “31 kənd” iddiası danışıqların növbəti dəfə dalana dirənməsinə səbəb ola bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 29-11-2023, 17:34