Gizli plan açılır: ABŞ-ın Qafqazla bağlı hədəfi - ŞƏRH
“ABŞ Azərbaycan və Ermənistanı sülh müqaviləsini öz strateji maraqları daxilində imzalanmasına təhrik edir”.
Bu sözləri Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev Cebhe.info-ya açıqlamasında Vaşinqtonun Azərbaycan ilə Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi ilə bağlı strateji hədəflərini şərh edərkən bildirib.
O bildirib ki, ABŞ ilə Rusiya arasında beynəlxalq geosiyasi və geoiqtisadi mübarizə Cənubi Qafqaza da sirayət edib:
“Bu baxımdan ABŞ Rusiya ətrafında, yəni postsovet regionunda münaqişə ocaqları yaratmaqla Moskvanı beynəlxalq aləmdən təcrid eləməyə çalışır. Ukrayna müharibəsi Vaşinqtonun bu planında mühüm rol oynayıb. Hazırda Şərqi Avropada deyil, həmçinin Cənubi Qafqazda da geostrateji və geosiyasi nüfuzu uğrunda Rusiya ilə ABŞ bir-birilə mübarizə aparır.
Azərbaycan da öz milli maraqlarını nəzərə alaraq bu mübarizədə iradəsini ortaya qoyub. ABŞ-da müəyyən dairələr Ermənistanda çevriliş yolu ilə Nikol Paşinyanı və onun komandasını hakimiyyətə gətirməkdə əsas məqsədi Cənubi Qafqazdakı proseslərə müdaxilə etməkdir. Yəni, ABŞ-ın müdaxiləsində prinsipal hədəfi Rusiyanı regiondan kənarlaşdırmaqdır.
Vaşinqtonun addımları Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını bir az mübahisə predmentinə çevirib. Demək olar ki, Moskva, Brüssel və Vaşinqton formatları çərçivəsində sülh danışıqları heç bir nəticə verməyib. Ən maraqlısı isə, Paşinyan hakimiyyəti Moskva formatına birmənalı münasibət bəsləmir.
Ermənistanın dövlət rəsmiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Müstəqil Dövlətlər Birliyinin (MDB) son tədbirlərində iştirak etməkdən imtina edib. Bu onu göstərir ki, Paşinyan öz ölkəsini Rusiyadan uzaqlaşdırmağa çalışır. Əlbəttə ki, bu da ABŞ-dan gələn təlimatdır. Azərbaycanın siyasəti isə Vaşinqton, Brüssel və Parisin maraqlarına uyğun deyil. Məhz bu səbəbə görə, həm ABŞ, həm də Avropada Azərbaycanın əleyhinə əsassız və qərəzli bəyanatlar səsləndirilir. ABŞ və Avropa İttifaqı Azərbaycan üzərindən təzyiqləri artırmaqla onu özlərinin şərtlərini qəbul etməyə təhrik edir.
Azərbaycanı qəbuledilməz güzəştlərə getməyə vadar edirlər. Ona görə də Azərbaycan da Vaşinqton və Brüssel danışıqlarında iştirak etməkdən imtina eləyib. Rəsmi Bakı heç bir güzəştə getməyəcək”.
Ekspertin sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazla bağlı əsas strateji hədəfi Ermənistanı tam nəzarətə götürmək və ondan sonra isə regionda möhkəmlənməkdir.
“Vaşinqton ilk növbədə Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırıb ölkədə öz geosiyasi nüfuzunu gücləndirmək, növbəti mərhələdə Ermənistan üzərindən İranın daxili işlərinə qarışmaq və bu ölkədə kəşfiyyat işləri aparmaq, o cümlədən Türkiyənin regionda təsir imkanlarının artmasına imkan verməməkdir.
Ona görə ki, Türkiyənin Cənubi Qafqazda geosiyasi güc mərkəzinə, həmçinin Türk Dövlətləri Təşkilatının mühüm quruma çevrilməsi Vaşinqtonun maraqları ilə ziddiyyət təşkil edir.
Eyni zamanda Vaşinqton Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanmasına və münaqişənin yaranmasına çalışır. Çünki Vaşinqtonda çox yaxşı bilirlər ki, Rusiyanın Yaxın Şərqə və Şimali Afrikaya yolu məhz Cənubi Qafqaz üzərindən keçir. Həqiqətən, bu məsələdə Rusiyanın Azərbaycana ehtiyacı var.
Regionun iki ölkəsi – Gürcüstan və Ermənistan ABŞ-ın təsir dairəsi altındadır. Vaşinqton Azərbaycanın da bu siyahıya qatılmasını istəyir. Lakin Azərbaycan milli və dövlət maraqlarına uyğun olaraq nə Rusiya, nə də ABŞ-a qarşı cəbhəyə qoşulacaq”.