Vaşinqton Bakıya cavab verdi: “USAID demokratik dəyərləri təbliğ edir”



“USAID-in yardım layihələri ilə bağlı ittihamlar yalandır”
ABŞ Dövlət Departamenti Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı ittihamına cavab verib.
Bu barədə Dövlət Departamentindən “Turan”a açıqlama verilib. Bildirilir ki, USAID azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir:
“USAID-in yardım layihələri ilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün USAID proqramları azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir”.
Azərbaycan XİN USAID və bir sıra beynəlxalq təşkilatların qrant verilməsi qaydalarını pozduğunu iddia edib.
Bununla əlaqədar Fransa səfiri, ABŞ və Almaniyanın isə müvəqqəti işlər vəkilləri “AbzasMedia” işi ilə bağlı XİN-ə çağırılıb.
Nazirliyin bəyanatında deyilir ki, diplomatlara onların səfirlikləri və “həmin ölkələrdə qeydiyyatdan keçmiş təşkilatlar” tərəfindən KİV-ə maliyyə dəstəyi verilərək qanunsuz hərəkətlər törətdiyi bildirilib.
Bəyanatda bu iddiaları təsdiqləyən heç bir sübut göstərilmir.
ABŞ Dövlət Departamenti həmçinin Azərbaycanda müstəqil jurnalistlərin, bir həftə ərzində dörd nəfərin həbsindən narahatlığını ifadə edib.
“Biz jurnalistlərin həbsindən çox narahatıq: Ülvi Həsənli, həmçinin həbsdə ona qarşı fiziki zorakılıq barədə iddialar, Sevinc Vaqifqızı, Əziz Orucov, eyni zamanda mülki fəal Məhəmməd Kekalov”, – Dövlət Departamentinin nümayəndəsi “Turan”a deyib.
“Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığını həyata keçirənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq”, – deyə Departament rəsmisi əlavə edib.
Noyabrın 28-də Almaniya Səfirliyi müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib:
“Bu gün Xarici İşlər Nazirliyinin dəvəti ilə məsələni nəzərə alan yüksək vəzifəli şəxsə izah etmişik. Almaniya Səfirliyi 2021-ci il dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə “Kekalove Adaptive Fashion” tərəfindən təşkil edilən moda nümayişi ilə əlaqədar 1500 avro maliyyə yardımı da daxil olmaqla, Məhəmməd Kekalovu və əlillər üçün sosial öhdəliyini davamlı olaraq dəstəkləyib”.
“Ən son bu ilin may ayında Almaniya səfirinin iqamətgahında bu moda nümayişinə dəstək verdik. Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik”,- Səfirliyin açıqlamasında deyilir.
Noyabrın 20-də “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Saytın direktor müavini Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb.
İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.
İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub.
Noyabrın 23-də Xətai Rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.
Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.
“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov noyabrın 27-də saxlanılıb.
Noyabrın 28-də Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Əziz Orucova Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi açılıb, ancaq vəkili bu ittihamla razı deyil və apelyasiya şikayəti verəcəyini deyib.

Mənbə: Meydan TV

Tarix: 29-11-2023, 23:24
Xəbəri paylaş





Xəbər lenti