Qərb yenə iş başında – Təkbətək görüş baş tutacaq?

Qərb yenə iş başında
“Qərb güc mərkəzləri Azərbaycanla Ermənistan arasında birbaşa sülh danışıqlarının aparılmasına ciddi əngəl yaradacaqlar”.

Bu sözləri siyasi şərhçi Elçin Alıoğlu Cebhe.info-ya rəsmi Bakı ilə İrəvan arasında heç bir vasitəçi olmadan ikitərəfli sülh danışıqlarının aparılması və bunun müsbət nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu kimi danışıqların baş tutması arzu olunandır:

“Təbii ki, ideal olaraq Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə birbaşa danışıqların aparılması mümkündür. İstərdiq ki, bu danışıqlar heç bir vasitəçi olmadan həyata keçsin.

Hazırda reallıq onu göstərir ki, vasitəçi tərəflər – ABŞ, Fransa və Avropa İttifaqı Ermənistanın Azərbaycanla bir çox problemlərin həlli və sülh müqaviləsinin imzalanması ilə bağlı birbaşa danışıqlara cəlb olunmasına imkan verməzlər.

Yəni, Ermənistanı başdı-başına buraxa bilməzlər. Vasitəçi tərəflər Ermənistanın müstəqil ölkə olmasında maraqlı deyillər. Düzdür, Fransa, Avropa İttifaqı və ABŞ ermənipərəst deyillər, amma onlar Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı siyasi alət kimi istifadə edirlər.

Əlbəttə, ABŞ-ın bu məsələdə hədəfi Rusiyanı Cənubi Qafqazdan kənarlaşdırmaq və regionda geostrateji cəhətdən möhkəmlənməkdir. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı birbaşa danışıqların aparılması inandırıcı görünmür”.
Tarix: 30-11-2023, 22:02
Xəbəri paylaş





Xəbər lenti