TƏCİLİ: Ölkə gələn il daha iki SEÇKİYƏ gedə bilər, Prezident Əliyevə kimlər rəqib olacaq?
Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək. Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də sərəncam imzalayıb. Həmin ilin dekabrında isə ölkədə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Bu barədə report yazıb.
Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
Bundan başqa, Azərbaycanda gələn il həm də parlament seçkiləri keçirilməlidir. 2020-ci ildə baş tutan parlament seçkiləri növbədənkənar formada keçirilib. Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsində deyilir ki, Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlament çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Altıncı çağırış parlamentin səlahiyyət müddəti parlamentin həmin ilin mart ayının 10-da baş tutan ilk iclasında başlayıb. Beləliklə, bu çağırışın səlahiyyət müddətinin beşinci ili 2024-cü ilin mart ayında başlayacaq. Belə olan halda parlamentə növbəti seçkilər 2024-cü ilin noyabr ayında keçirilməlidir. Konstitusiyaya görə, parlamentin səlahiyyət müddəti 5 ildir, ancaq 98-1-ci maddədə qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
“Prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir”. Politoloq Elxan Şahinoğlu qeyd edib. “Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa Birliyində də 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azırbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur”, - politoloq vurğulayıb.
Musavat.com
Tarix: 7-12-2023, 15:12