Seçki debatlarında Hafiz Hacıyevin görünən YERİ: - “O namizədlərin heç biri qorxusundan bu faktları...”

Seçki debatlarında Hafiz Hacıyevin görünən YERİ: -
“Növbəti prezident seçkilərində Hafiz Hacıyev qayıdar və hakimiyyətə keçib xalqın istəklərini yerinə yetirər”.

Bunu fevralın 7-də keçiriləcək prezident seçkilərinin təşviqat kampaniyası çərçivəsində namizədlərin televiziya çıxışlarını dəyərləndirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, o, dörd dəfə prezidentliyə namizəd olaraq seçkilərə öz möhünürü vurmuş siyasətçidir:

“Hafız Hacıyev prezidentliyə namizəd olanda seçkilərin necə keçirilməli olduğunu xalqa çatdırıb, millətin sözçüsü kimi onun arzu-istəklərini, tələblərini dilə gətirib və buna görə də xalq tərəfindən sevilib.

İndiki seçkilərdə iştirak edən namizədlərin çoxunun nağıl kimi çıxışları onları xalqın qınaq obyektinə çevirib. Adam gərək ona verilən rolu da normal oynamağı bacarsın. Namizədlər arasında ən çox hörmət etdiyim iki şəxs belə, təəssüf ki, normal fikir yürüdə, xalqın dərdinə dərman ola bilmir, efirdə boş-boş danışaraq xalqı bezdirirlər, səsləndirilməsi lazım olan məsələləri dilə gətirməyə risk etmirlər.

Bu gün prezident İlham Əliyevlə rəqabət apara biləcək siyasətçi yoxdur. Onun reytinqi durmadan yüksəlir, digərləri isə sürünə-sürünə qalxmağa çalışırlar. Belə vəziyyətlə qarşılaşmamaq üçün edəcəkləri tək şey elə bu gün çıxacaqları efirdə namizədliklərini geri götürdüklərini bildirərək İlham Əliyevin qarşısında onu üstələyə biləcək arqumentlər tapa bilmədiklərini etiraf etmələridir.

Bu namizədlər qorxularından məmur özbaşınalığı, rüşvətxorluğun baş alıb getməsi, hakimiyyət daxilində olan qruplaşmaların prezidentə xəyanəti barədə danışa bilmirlər. Əgər dövlətə və xalqa xidmət etmək istəyirlərsə, səmimi olmalıdırlar. Çünki bu faktları prezident İlham Əliyevin özü də belə səsləndirərək o cür halların qarşısının alınmasının vacib olduğunu deyib.

Ölkədə işinin öhdəsindən gələ bilməyən “mama uşağı” olan nazirlər, korrupsiyaya bulaşan məmurlar, qohumluğundakı xanımların sayəsində vəzifəyə gələnlər, xalqın istəklərini yerinə yetirmək fikrindən uzaqdırlar.

O namizədlərin heç biri qorxusundan bu faktları səsləndirə bilmir. Ona görə də xalq məni istəyir, mənim videolarımı paylaşır, mənim kimi sərt çıxışlar görmək istəyir. Çox sevinirəm ki, qədirbilən xalqımın sevdiyi şəxsəm. Arzu edirəm ki, növbəti prezident seçkilərində Hafiz Hacıyev qayıdar və hakimiyyətə keçib xalqın istəklərini yerinə yetirər”.
Tarix: 18-01-2024, 10:58
Xəbəri paylaş





Xəbər lenti