Kozlariç Bakı ilə Qərbin münasibətlərinin pisləşməsini Kreml və Tehran üçün faydalı sayır


Keçmiş səfir sülhlə bağlı da real addımların atılmadığını deyir
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç hesab edir ki, 2024-cü ildə Qərblə Azərbaycan arasında münasibətlər yalnız müxalifətin sıxışdırılması və Bakının Qarabağla bağlı ABŞ və Avropa İttifaqının vasitəçilik səylərini sabotaj etməsi səbəbindən pisləşəcək.
Sabiq səfir bu barədə “Turan”a danışıb.
R.Kozlariçin sözlərinə görə, münasibətlərin pisləşməsindən Rusiya və İran faydalanır:
“İlham Əliyev hesab edir ki, Vaşinqtonun islahatlar və sülhlə bağlı təzyiqinə məhəl qoymaya bilər”.
Real sülhə doğru heç bir hərəkət yoxdur”
Qarabağdan danışan keçmiş səfir bildirib ki, 2024-cü ildə real sülhə doğru heç bir hərəkət görmür:
Fevralda Azərbaycanda keçiriləcək Prezident seçkilərinə və noyabrda keçiriləcək “COP29″a qədər heç nə baş verməyəcək. Odur ki, diplomatik proses 2024-cü ilin sonuna yaxın başlaya bilər”.
Diplomat hesab edir ki, budəfəki seçki də əvvəlkilərdən fərqlənməyəcək
Sərhəd problemləri diqqətyayındırıcı xarakter daşıyır. Azərbaycan Ermənistanla “əbədi və layiqli” sülh sazişi barədə danışıqlar aparmaq istəmir. Bakı öz sülh ideyasını qəbul etdirmək istəyir”, – deyə diplomat əlavə edib.
7 fevral növbədənkənar Prezident seçkisinə gəlincə, Kozlariç hesab edir ki, budəfəki seçki əvvəlkilərdən fərqlənməyəcək:
Seçki nə azad olacaq, nə də ədalətli keçiriləcək. Əliyev qalib gələcək – bu, əvvəlcədən müəyyənləşdirilib. Təəssüf edirəm ki, buna haqq qazandırmaq üçün insan hüquqlarının pozulması davam edir”.
Riçard Kozlariç 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olub.
Kollektiv Qərb Rusiyayla müharibə vəziyyətindədir”
Deputat Elman Nəsirov keçmiş səfirin söylədiklərini Meydan TV-yə şərh edərkən bildirib ki, Bakı Qərblə münasibətlərin korlanmasında maraqlı deyil:
Azərbaycan ABŞ-la çox sıx tərəfdaşlıq münasibətlərinə malikdir və sadiqdir. Amma ayrı-ayrı hallarda Vaşinqtonun Azərbaycana münasibətində anlaşılmaz, qərəzli yanaşması ortaya çıxır. Azərbaycan Avropanın enerji təhlükəsində çox mühüm rol oynayır, amma avropalı parlamentarilər ermənipərəst siyasət aparıb bizə qarşı təzyiq diliylə danışmaq istəyirlər. Belə olan vəziyyətdə Azərbaycana qarşı təzyiq diliylə danışanlar xəritəni qarşılarına qoyub regiona baxıb görsünlər ki, bu cür davranış onlar üçün faydalıdır, yoxsa faydasız?”.
Elman Nəsirov
Elman Nəsirov, Foto: Azərtac
Demək olar ki, bütün kollektiv Qərb Rusiyayla müharibə vəziyyətindədir, İrana qarşı sanksiyalar rejimi tətbiq ediblər. Bu vəziyyətdə Azərbaycan bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir, müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanır”, – deyə Nəsirov qeyd edib.
Azərbaycanın Rusiyayla “ilıq” siyasəti də Vaşinqton və Brüsselin əleyhinə çevrilməyib”
Onun sözlərinə görə, Azərbaycanın Qərblə yaxınlaşması anti-Rusiya və anti-İran siyasəti deyil:
Bunu Moskvada və Tehranda yaxşı bilirlər. Azərbaycanın Rusiyayla “ilıq” siyasəti də Vaşinqton və Brüsselin əleyhinə çevrilməyib. Bunu da həmin mərkəzlərdə yaxşı anlayırlar. Bütün bu reallıqlar fonunda özləri mənzərəyə aydınlıq gətirib, yanlış siyasəti araşdırıb imtina etsinlər”.
Fransa Senatı yanvarın 17-də Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Fransa Qərbin əsas dövlətlərindəndir. Fikir verin, kim kimin bostanına daş atır. Kozlariç mövqe bildirərkən bu reallıqları da nəzərə alsın. Fransanın timsalında məsuliyyətin kimin üzərinə düşdüyünü görsün. Məncə, Kozlariç kimi təcrübəli diplomat səmimi şəkildə bu sualların cavabını versə, yaxşı olar”, – deyə Nəsirov fikirini bitirib. 
Meydan.TV
Tarix: 18-01-2024, 17:57
Xəbəri paylaş





Xəbər lenti