CPJ: Azərbaycanda mətbuat azadlığının durumu sürətlə pisləşib
2023-cü il dünyada da jurnalist həbsləri rekord həddə yaxınlaşıb2023-cü ilin sonunda Azərbaycanda mətbuat azadlığının durumu sürətlə pisləşib. 2024-cü ilin fevralında keçiriləcək Prezident seçkiləri ərəfəsi jurnalist həbsləri dalğası fonunda baş verir. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) dünyada həbsdə olan jurnalistlərlə bağlı yaydığı
hesabatda belə deyilir.
Hesabatda qeyd edilir ki, Azərbaycanda ötən il dekabrın 1-dən əvvəl dörd jurnalist və bir media işçisi, o vaxtdan bu günədəksə azı daha üç nəfər saxlanılıb.
“Dekabrın 1-dək saxlanılan dörd nəfər jurnalist daha çox yüksək rütbəli dövlət məmurlarına qarşı korrupsiya araşdırmaları ilə tanınırdı. Onlar “AbzasMedia”nın əməkdaşlarıdır”.CPJ bildirir ki, jurnalistlər Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla geri almasından sonra Qərb münasibətlərinin geriləməsi fonunda həbs ediliblər.
Təşkilat bildirir ki, 2023-cü il dünyada da jurnalist həbsləri rekord həddə yaxınlaşıb. Daha çox İsraildə həbslər artıb.
“2023-cü il oktyabrın 7-də İsrail-Qəzza müharibəsi başlayandan sonra İsrail dünyanın aparıcı jurnalist həbsxanalarından biri olub. İsrail müvafiq olaraq Çin, Myanma, Belarus, Rusiya və Vyetnamdan sonra İranla bərabərləşən altıncı yerdə qərarlaşıb”.CPJ 2023-cü il dekabrın 1-də aldığı siyahıyaalmaya görə, dəmir barmaqlıqlar arxasında olan 320 jurnalisti sənədləşdirib. Hesabatda bildirilir ki, bu rəqəm 1992-ci ildə siyahıyaalma başlayandan bəri qeydə alınan ikinci ən yüksək olanıdır:
“
Bu, kök salmış avtoritarizmin və müstəqilliyi boğmağa qərarlı hökumətlərin cəzaları artırmasından xəbər verir. Hətta bəzi hökumətlər transmilli repressiyalardan istifadə edərək, öz sərhədlərindən kənarda jurnalistləri təhdid və təqib etmək üçün bir addım da irəli gediblər. Məsələn, Moskva başqa ölkələrdə yaşayan rusiyalı jurnalistlərin həbsinə order verir. Efiopiya qonşu Cibutidə həbs olunduqdan sonra sürgündə olan jurnalisti terrorizm ittihamı ilə geri qaytarmağa məcbur edib”.CPJ-nin araşdırması göstərib ki, həbsdə olan jurnalistlərdən 168 nəfəri tənqidi işıqlandırmaya görə qisasla üzləşib. Onlar yalan xəbərlər və terrorizm kimi dövlət əleyhinə ittihamlarla üzləşiblər:
“66 iş üzrə saxlanılan şəxslərə hələ də onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməyib”.Jurnalistləri həbs etməsinə görə lider ölkə Çindir. Bu ölkədə 44 nəfər jurnalist həbsə atılıb. İkinci yerdə 43 nəfərlə Myanma, üçüncü yerdə isə 28 nəfərlə Belarus gəlir. İsraildə və İranda hər birində 17 jurnalist həbs olunub. Bununla hər iki ölkə siyahının altıncı pilləsində qərarlaşıb.
Son iki ayda Azərbaycanda 10-dək jurnalist həbsə atılıb. Onların böyük əksəriyyəti “qaçaqmalçılıq”da ittiham edilir. Özləri isə həbslərini sırf peşə fəaliyyətləri ilə bağlı olduğunu söyləyirlər.
Azərbaycanda hakimiyyət nümayəndələri daim açıqlamalarında ölkədə mediaya, azad sözə basqı olmadığını, həbs edilən jurnalistlərin sırf konkret cinayətlərə görə cəzalandırıldığını açıqlayıblar.
Mənbə: Meydan TV
Tarix: 19-01-2024, 14:34