Türkiyədə 31 martda keçiriləcək yerli seçkilər, prezident Tayyib Ərdoğanı ciddi şəkildə məşğul etməkdədir. Bizdəki icra hakimi səlahiyyətində olan bələdiyyə sədrlərini müəyyən edəcək bu seçki, əslində çox önəmlidir və gələcəkdəki iqtidarı təyin edəcəkdir. AKP rəhbəri, xüsusən də ölkənin ən böyük şəhərləri olan İstanbul, İzmir və Ankara üçün namizəd tapmaqda çətinlik çəkdi. Özündən sonra, partiyada, ağır çəkili fiqur saxlamayan Ərdoğan, indi, məcburən, seçkiyə, zəif fiqurlarla getməlidir. Doğrudur, artıq İstanbul merliyi üçün Ədalət və Qalxınma Partiyasının namizədi bəllidir. Hazırki Çevrə, Şəhərçilik və İqlım naziri Murad Quruma ümidini bağlayan Ərdoğan, yəqin ki İstanbul meri Əkrəm İmamoğlu qarşısında məhz özü, qeyri-rəsmi mübarizə aparacaqdır. Əslində Ərdoğanın əlində, illərdir döyüş sənayesi ilə cilaladığı Səlcuq Bayraqdar kimi namizədi var idi. Lakin, özündən sonra yeganə varis kimi gördüyü kürəkəni, seçkidə məğlub olardısa, bu, hər şeyin, başlamamış bitəcəyi anlamına gələ bilərdi. Ona görə də xəstə Ərdoğanın, riskə girib, Səlcuq Bayrakdarın namizədliyini irəli sürməsi gözlənilmirdi və belə də oldu. Ankarada da vəziyyət eynidir. Uğur faizi çox yüksək olan hazırki mer Mansur Yavaşı məğlub edə biləcək effektiv namizəd, Erdoğanın əlində yoxdur. Odur ki, məcburən, Ankaranın rayonlarından birinin bələdiyyə sədri olan Turqut Altınoxu namizəd kimi göstərdi. Nəticə etibarı ilə, hakim partiya, bəlkə də özünün ən çətin yerli seçkilərini yaşamaqdadır. Hazırladığımız sujeti sizə təqdim edirik: