Müharibə qapımızda...İranın düyməsi basıldı!!!
Müharibə qapımızdadır. Sanki addım-addım hənirtisi gəlir. Mərhələli şəkildə İsrail-İran müharibəsi yaxınlaşır. İsrailin Suriyadakı SEPAH zabitlərini bombalaması İranı yasa batırmaqla bərabər, qisas olacağı reaksiyası doğurdu. Tehran növbəti cavab zərbəsi elan edib. Beləliklə, Kirmandakı terrordan sonra İran ikinci ağır zərbə ilə qarşılaşdı. Prezident Rəisi və ölkənin rəsmi şəxsləri bəyan ediblər ki, İsrail bunun bədəlini ödəyəcək. Lakin təhlükə doğuran gedişat İranın vurulmasının getdikcə yaxınlaşmasıdır. Bu, savaşdan yeni çıxan Azərbaycan üçün xoşhal vəziyyət olmayacaq. Bizə regionda təzə qan lazım deyil. Nəzərə alaq ki, əgər İsrail İranı vurmağa başlasa, müharibənin coğrafiyası geniş, alovu yüksək olacaq. Yəni Qarabağ münaqişəsi regional konflikt idi, amma İsrail-İran toqquşması bölgəni qan çanağına çevirə bilər. Son aylar münaqişələrdən başı açılmayan İranın növbəti qara zolağa salınması prosesi getməkdədir. Əvvəlcə, Qəzza böhranı, sonra İraqda MOSSAD qərargahına zərbə, Pakistanla gərginlik, indisə İsrailin həmin hücuma cavab olaraq Suriyada 5 SEPAH komandirini vurması Tehranı yavaş-yavaş müharibəyə sürükləməkdədir.
Anaxeber.info bildirir ki, İran vurularsa, Azərbaycana qaçqın axını istisna deyil. Özü də bu müharibə uzunmüddətli xarakter daşıyacaq. İslam Keşikçiləri Korpusu 1979-cu ildə İslam İnqilabını qorumaq məqsədilə orduya paralel struktur kimi yaradılsa da, üstündən on illiklər keçdikdən sonra hədəflərini böyüdüb. Bu qurum həm İran daxilində islahat tələb edən insanlara və qruplara qarşı mübarizə aparır, həm xaricdəki tərəfdaş qruplara silah və sursat göndərir, həm korpusun üzvlərini qonşu ölkələrdəki döyüşlərə yollayır, həm müxtəlif ölkələrdə təsir qrupları formalaşdırır, həm də hansı ölkəyə zərbə endirmək barədə qərar verir. Bununla İslam Keşikçiləri Korpusu dövlət üstü quruma çevrilib. İran prezidenti və xarici işlər naziri korpus komandanlığının qərarına qarışa bilmir, “axı bu İrana ziyan gətirə bilər” kimi etirazlarını səsləndirməkdən çəkinirlər. Bir neçə gün əvvəl qonşu İraqa və Pakistana zərbə endirmək qərarını da İslam Keşikçiləri Koprusunun komandanlığı verib. Qırmızı dənizdə husilərə qarşı koalisiya, Qəzzada HƏMAS, Livanda Hizbullaha qarşı İsrail, Suriya ərazisində də İranla yenə yəhudi dövləti döyüşür. Yəni faktiki olaraq, ABŞ, İsrail və müttəfiqləri İranı, eləcə də onun proksi qüvvələrini eyni anda vurmağa davam edirlər. Bu da şübhəsiz ki, yeni böyük müharibə anonsu, Yaxın Şərqdə təlatümlü dövrün başlanması ərəfəsidir. Əgər İranın vurulması bu şəkildə davam edəcəksə, Tehran rejimi də Rusiya kimi bir bataqlığa salınacaq. Hər ikisi Ukrayna və Yaxın Şərq böhranından çıxa bilmədikcə, qan itirməyə davam edəcəklər, resursları xərclənəcək, müharibələrdən yorğun bir hala düşəcəklər. Qərb qütbü İran və Rusiyanı zəiflədib onlara zəhər verən kərtənkələ - Çin və Şimali Koreya ilə uzunvədəli bir eskalasiya hazırlığı görəcəklər.
Siam.az
Tarix: 22-01-2024, 21:22