AŞPA-dakı deputatlarımız HƏDƏFDƏ... - BU DA BİR TƏXRİBATDIR BİZƏ QARŞI...
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırıla bilər Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat AŞPA-nın rəsmi saytında yayımlanıb. Məlumatda bildirilir ki, Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe Azərbaycanda siyasi məhbusların olduğunu, insanların Dağlıq Qarabağdan zorakılıqla köçürüldüyünü, Assambleyanın məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana gedə bilməmələrini, həmçinin fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Assambleyaya dəvət göndərilmədiyini əsas gətirərək Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini təklif edib. Frank Şvabenin təklifi Assambleyanın ən azı otuz üzvü tərəfindən dəstəklənib və müraciət Assambleyanın Monitorinq Komitəsinə, həmçinin rəy üçün Qaydalar Komitəsinə göndərilib. Bildirilir ki, yanvar ayının 24-də Frank Şvabenin təklifi Assambleyada müzakirə olunacaq. Qaydalara əsasən, Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleya qərar qəbul edənə qədər Assambleyanın digər üzvləri ilə eyni hüquqlara malik olaraq müvəqqəti otura bilərlər, lakin onlar səsvermədə iştirak edə bilməzlər. Qeyd edək ki, Azərbaycan Parlament Assambleyasında 6 həqiqi və 6 əvəzedici üzvdən ibarət nümayəndə heyəti ilə təmsil olunur. Səməd Seyidov (Nümayəndə heyətinin rəhbəri) , Nigar Arpadarai, Sabir Hacıyev, Rafael Hüseynov, Kamal Cəfərov, Könül Nurullayeva həqiqi üzvlər, Sevinc Fətullayeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Erkin Qədirli, Asim Mollazadə və Fazil Mustafa isə əvəzedici üzvlərdir.