Putinin qərarı ambisiyaları qızışdırdı - Azərbaycana qarşı təxribatçı iddia

Putinin qərarı ambisiyaları qızışdırdı
Prezident Vladimir Putin ötən ilin dekabrında “Rusiyanın xaricdəki tarixi daşınmaz əmlakları” ilə bağlı fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana keçmiş SSRİ və Rus İmperiyası da daxil olmaqla “xaricdəki Rusiya mülkləri”nin axtarışı, qeydiyyatı və hüquqi mühafizəsi üçün vəsait ayrılması daxildir.

Sözügedən “mülklər”in tapılması, uçotu və mühafizəsi Rusiya Xarici İşlər Nazirliyinin Xarici Əmlakın İdarə Edilməsi Departamentinə həvalə edilib.

Qalmaqallı fərmanın qüvvəyə minməsi müzakirə mövzusuna çevrilib. Bəzi analitiklər buna Rusiyanın qonşu ölklərə imperiya ambisiyası kimi baxarkən, rusların radikal millətçi çevrələri də iddia edirlər ki, Moskva bununla gələcəkdə qonşuları, hətta ABŞ-yə qarşı addımlar ata bilər.

Şərqi və Mərkəzi Avropa və Orta Asiyanın böyük, eləcə də Skandinaviyanın bəzi hissələrinin Rusiyaya ilhaqına yol açıldığını iddia edənlər yeni regional münaqişələrin başlaya biləcəyini söyləyirlər.

530 mindən çox abunəçisi olan Rusiyanın “Dva Mayor” (“Two Majors”) adlı ekstremist Teleqram kanalının bir təxribatçı paylaşımı da diqqət çəkib.

Kanal ABŞ-nin Alyaska ştatının “tarixi Rusiya ərazisi” olduğunu yazır.

“Alyaskadan başlamağı məsləhət görürük”, - paylaşımda deyilir.

“Dva Mayor” skandal paylaşımında Azərbaycanı da hədəf göstərib.

“Kreml Dnepr (Ukrayna), Bessarabiya (Rumıniya), Finlandiya, Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya Türküstanının Orta Asiya əyalətləri, Baltikyanı şəhərlərin əksəriyyəti və Polşanın önəmli bir hissəsinə də baxmalıdır”, - kanal bildirir.

Məsələni daha da irəli aparan kanal Almaniyanın “soyuq müharibə” dövründə parçalanmasına diqqət çəkib, o dövrdə Sovet İttifaqının nəzarətində olan Mərkəzi Avropa ölkələrinə işarə edib:

“Mülklər Almaniya Demokratik Respublikası və digər Varşava Müqaviləsi ölkələrində axtarıla bilər”.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) nələrin “Rusiyanın indiki və ya tarixi mülkiyyəti” təşkil etdiyinin qeyri-müəyyən olduğunu bildirərək, Kremlin bu ambisiyasını “məntiqsiz” adlandırıb, yalnız ekstremizmi qızışdırdığını vurğulayıb.
Tarix: 23-01-2024, 13:55
Xəbəri paylaş





Xəbər lenti