“Onları seçkiyə dəvət etməmişik, amma bunun səbəbləri var”
Məlum olduğu kimi, Avropa Parlamenti Azərbaycanda 7 fevralda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib. Moderator.az-a açıqlamasında məlum qərarı şərh edən hüqquşünas Qulamhüseyn Əlibəyli, Azərbaycanın bu quruma seçkilərlə bağlı heç bir dəvət göndərmədiyini bildirib. Hüquqşünas qeyd edib ki, belə olan halda onlar istəsələr belə, seçkiləri müşahidə edə bilməzlər:
“Azərbaycan 7 fevral prezident seçkiləri müşahidə etməklə bağlı Avropa Parlamentinə hər hansı müraciət göndərməyib. Biz onları seçkiyə dəvət etməmişik və bunun da öz səbəbləri var.
Yaxın keçmişə baxsaq görərik ki, Avropa Parlamenti son 3 ildə ölkəmizlə bağlı bir neçə əsassız və qərəzli bəyanatlar səsləndirib, qeyri-obyektiv mövqedən çıxış edib. Seçki prosesi isə müşahidəçilərdən obyektivlik, qərəzssizlik tələb edir. Qərəzli, qeyri-obyektiv bir şəxs, bir qurum seçkilərlə bağlı dürüst, ədalətli mövqe necə ortaya qoya bilər?
Biz məhz bütün bu amilləri nəzərə alaraq onları haqlı olaraq seçkiyə dəvət etməmişik.
Hesab edirəm ki, Avropa Parlamenti və eləcə də Qərbdəki bəzi təsisatlar öz ilkin dəyərlərindən əhəmiyyətli dərəcədə uzaqlaşıblar və bu səbəbdən də onların verdiyi bəyanatlar ölkəmizin ictimai-siyasi həyatlı üçün heç bir önəm kəsb etmir”.
Tarix: 23-01-2024, 14:54