UKRAYNA MÜHARİBƏSİ VƏ QƏRBİN STRATEJİ MƏQSƏDLƏRİ – İki möhtəşəm güc Rusiyanı öz nəzarətlərindən kənara buraxmayacaq...


Bir aydan sonra Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin iki ili tamam olacaq. Ukraynada gedən döyüşlər fonunda Qərbin yüksək vəzifəli rəsmiləri və eləcə də mətbuat orqanları müxtəlif səpkili fikirlər səsləndirirlər. Bütün deyilənlərin hamısını bir yerə toplayıb ümumi nəticə çıxarmağa cəhd etsək, onda müharibənin uzanacağı qənaətinə gəlmək olar.
Qərb mətbuatında gedən informasiyaların uzağa hesablanmış məqsədlər güdməsi inkar edilməməlidir. Son dövrdə Qərb KİV-lərindəki məlumatların əksəriyyəti Avropa cəmiyyətini uzunmüddətli münaqişə atmosferinə alışdırmağın və mülki səfərbərlik planının tərkib hissəsi ola bilər. Bir tərəfədən Qərb mətbuatında Ukraynanın tezliklə məğlub olması barədə məlumatlar gedirsə, digər tərəfdən isə Almaniya və Fransa Ukraynaya maliyyə yardımları və güclü silahlar göndərilməsinin anonsunu verirlər. Ona görə də hər gələn informasiyadan tələsik nəticə çıxarılmamalıdır.
Almaniyanın “Bild” qəzeti hətta Qərblə Rusiya arasındakı ciddi qarşıdurmanın ssenarisindən yazıb. Həmin məlumatlara görə, Rusiya yaxın vaxtlarda əlavə 200 min nəfəri ordu sıralarına çağıracaq və bundan sonra Ukraynaya qarşı iri miqyaslı hücum əməliyyatı keçirəcək və bu hücumdan sonra Qərbdən istənilən dəstəyi əldə edə bilməyən Ukrayna ordusu məğlubiyyətə uğrayacaq. Belə xarakterli başqa bir məlumatda deyilir ki, Ukraynanı məğlub edən Rusiya oktyabr ayında Belarusdan Kalininqrad vilayətinə birbaşa yol açmağa çalışacaq. Nəticədə bu istiqamətə 300 min NATO əsgəri yerləşdiriləcək.
Qərbin birləşmiş hərbi kontingenti də öz növbəsində hərəkətə keçib. Belə ki, NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib ki, silahlı qüvvələrlə yanaşı alyansın üzv ölkələri öz həyatlarında kardinal dəyişikliklərə yol açacaq hipotetik münaqişəyə hazır olmalıdırlar. O, bildirib ki, belə bir müharibədə mülki əhalini də səfərbər etmək lazımdır və hökumətlər bu prosesin idarə edilməsi sistemini yaratmalıdırlar. Digər yanadan, İsveç ordusunun baş komandanı və mülki müdafiə naziri Mikael Biden deyib: “İsveçdəki əmin-amanlıq heç də daimi olmaya bilər, ona görə də vətəndaşlar mümkün müharibəyə hazır olmalıdırlar”.
Bütün bunlarla yanaşı, NATO ölkələrindən toplam 90 min əsgərin iştirakı ilə başlanan və may ayına qədər davam edəcək “Steadfast Defender 2024” (“Sarsılmaz müdafiə 2024”) kod adlı hərbi təlimi xüsusilə qeyd etməliyik. Bu, “Soyuq müharibə”dən sonra alyansın keçirəcəyi ən böyük hərbi təlimdir və Rusiyanın hipotetk təcavüzünə qarşı hazırlıqdır.
Bir çox beynəlxalq ekspert Ukraynada gedən müharibəni Rusiya ilə Qərb arasındakı qarşıdurmanın ən mühüm elmenti hesab edir. Əgər belədirsə, onda gərək Ukraynaya qalib gəlməsi üçün Qərbin irəliyə hesablanmış planı olsun. Yoxsa, nəhəng Qərb dünyası hadisələrin arxasıncamı sürünür? Bunu hətta siyasi biliyi az olan şəxs də anlayır ki, istənilən dövlətin hansısa xarici siyasət strategiyası olmalıdır.
Ancaq burada biz bir məqamı unutmamalyıq ki, Qərb siyasi baxımdan vahid bir orqanizm deyil. Avropanın aparıcı iqtisadi gücləri Almaniya və Fransa ilə ABŞ arasında çox sıx ticari, siyasi, hərbi və mədəni əlaqələrin mövcudluğuna baxmayaraq, onlar arasında fikir ayrılıqları da var.
Məlum olduğu kimi, ABŞ Avropa Birliyi üçün əlverişli bazardır, çünki onların məhsullarına çox aşağı gömrük rüsumları qoyulub. Amma Amerika sənayeçiləri indiki vəziyyətdən qətiyyən məmnun deyillər və qarşılıqlı ticarətdəki natarazlığın aradan qaldırılmasını istəyirlər. Donald Trampın prezidentliyi dövründə Avropa ilə münasibətlərdə illərlə yığılıb qalmış problemlər özünü daha qabarıq şəkildə büruzə verirdi.
Birincisi, ABŞ Avropaya qoyulan gömrük güzəştlərini aradan qaldırmağa çalışır, çünki ölkənin daxili istehsalını inkişaf etdirmək lazımdır.
İkincisi, ABŞ NATO-nun bütün yükünün Amerikanın üzərinə qoyulmasına son qoymaq niyyətindədir və alyans ölkələrinin hərbi büdcəsinin artırılması tələb olunur. Düzdür, Ukrayna-Rusiya müharibəsindən sonra Avropa ölkələri müdafiə xərclərini müəyyən qədər artırmağa başlayıblar, lakin bu hələ də arzuolunan səviyyədən uzaqdır. ABŞ və Avropanın Rusiya ilə bağlı ortaq geostrateji marağı ilə yanaşı, həm də uzlaşmayan tərəfləri var. Əvvəla, Amerika Rusiyanın Almaniya və Fransa ilə yaxınlaşmasının əleyhinədir. Ona görə də Amerika Rusiya ilə Avropa arasında özünə bağlı olan bufer ölkələr görmək istəyir və buna demək olar ki, nail də olub. Baltik ölkələri və keçmiş “Varşava müqaviləsi” dövlətlərinin NATO-ya daxil olmaları Amerikanın işinə yarayır.
Ukrayna ilə məsələ bir qədər fərqlidir. ABŞ bu ölkə ilə əlaqədar hansı planlara mailk ola bilər? Biz ilk baxışda Ukraynaya yardımla bağlı Amerikada Demokratlar ilə Respublikaçılar arasındakı gərgin mübarizə getdiyinin şahidi olsaq da, pərdə arxasında başqa oyunların çevrildiyi ehtimalını nəzərdən qaçırmayaq.
Amerika nə istəyir?
1. Amerika Rusiyadan Avropaya təzyiq etmək üçün bir vasitə kimi istifadə edir.
2. Avropanın ortasında münaqişə ocağının mövcudluğu bu qitəyə nəzarət üçün Amerikaya yaxşı imkanlar verir.
3. Ukrayna vasitəsilə Rusiyanın sərhədləri boyunca ciddi təhlükə və sabitsizlik ocağı yaranır ki, nəticədə Kreml uzunmüddətli gərginlik şəraitində yaşamağa məhkum olur. Buna görə də Rusiya ən axırda münaqişənin həll edilməsiylə bağlı ABŞ başda olmaqla Qərb ölkələrinə üz tutmaq məcburiyyətdə qalacaq.
Avropa nə istəyir?
Əslində, Avropa Birliyi Almaniya və Fransanın öncüllük etdiyi bir təşkilatdır. İqtisadi lokomotiv Almaniyadır. Almaniya geostrateji ambisiyalarının olmadığını nümayiş etdirsə də, onlar anlayırlar ki, iqtisadi inkişaf və rifah üçün təhlükəsizlik vacibdir. Hələ ki, Almaniya hərbləşməyə getmir, hərçənd ki, bu barədə niyyətlərini açıqlayıb. Rusiyanın aqressivliyi Berlini müəyyən qədər hərəkətə gətirib və onlar gələcək illər üçün müdafiə sənayesinə daha artıq pul yatırmaq barədə müzakirlərə başlayıblar. Almaniyanın Ukraynaya böyük hərbi yardımlar edəcəyi gözlənilir. Avropa Rusiya enerji daşıyıcılarından asılılığını tamamilə kəsə və alternativ yollar tapa bilər. Avropa Rusiyanın güclənməsini də arzulamır. Fransa və Almaniya Ukraynanın Rusiya ilə onların arasında bufer zonası olmasını müsbət vəziyyət kimi qarşılayırlar. Avropaya sabitlik lazımdır. ABŞ və Avropanı birləşdirən strateji məqsəd var ki, bunlar hər iki güc mərkəzini eyni mövqedən çıxış etməyə məcbur edir. İki möhtəşəm güc Rusiyanı öz nəzarətlərindən kənara buraxmayacaq. Rusiyanın inkişaf tarixi və mədəniyyəti Qərb sayəsində yüksəlib. Kreml rəhbərliyi Rusiyanı Qərblə bərabər səviyyədə görmək istəyir, lakin SSRİ dağılandan sonra onun yeri arxaya sürüşdürülüb. Rusiyanın xammal bazası və yanacaqdoldurma məntəqəsi olmaqdan yaxa qurtarması, təsiredici qüvvəyə çevrilməsi üçün Ukraynaya soxulmasına gərək yox idi. Sovet İttifaqı çökəndən sonra Rusiyanın müasir elmi-texnoloji potensiala yiyələnməsi və postsovet məkanını yeni cəlbedici üsullarla öz ətrafında saxlaması üçün ixtiyarında böyük imkanlar və xeyli vaxt vardı. Lakin köhnə və yöndəmsiz imperiya şüurundan əl çəkmədən buna nail olunması qeyri-mümkündür.
Hazırkı vəziyyətdə Qərb dünyası Ukraynanın silah təchizatındakı manipulyasiyalarla müharibənin nəzarətini əlində saxlayır. Rusiyaya sanksiyalr qoysalar da, əslində bunun pozulmasına göz yumurlar. İstəyirlər ki, Moskvanın pulu olsun ki, döyüşməkdən imtina etməsin.
Əgər müharibə indiki templə gedərsə, Rusiyanın ilbiz sürəti ilə ərazi zəbt etməsi əhəmiyyət daşımayacaq. Rusiya ordusu təkcə Avdeyevka kimi kiçik şəhərin alınması naminə 15 min əsgərini itirib və hələ də öz məqsədinə çatmayıb. Müharibə uzanacağı təqdirdə Rusiyanın ən böyük problemi canlı resurs itkisi olacaq.
Şübhəsiz, bu müharibə sonsuzadək sürə bilməz. Ümumiyyətlə, müharibə geostrateji mübarizədə rəqibə qarşı istifadə olunan ən böyük vasitələrdən biridir. Keçmişdə düşmənlər birabaşa döyüş meydanında qarşılaşırdılarsa, ancaq müasir dövrdə bunu dolayı yolla, “vəkalət müharibələri” vasitəsilə həyata keçirirlər. Ukraynanın bu müharibənin hansı tərəfində dayanmasını Kreml yaxşı anlamalıdır. Artıq həmin vəkalət subyektinin əliylə paytaxt Moskva da daxil olmaqla Rusiyanın içərilərini bombalayırlar. Rusiyalılar iki il bundan öncə bunu ağıllarına belə gətirmirdilər.
Vaqif NƏSİBOV
“AzPolitika.info”
Tarix: 24-01-2024, 09:25
Xəbəri paylaş





Xəbər lenti