Lavrovdan qəzəbli Qarabağ açıqlaması – “Sülhməramlıların qalma müddəti…”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda keçirilən mətbuat konfransında rus sülhməramlıları ilə bağlı məsələyə də toxunub. O, sülhməramlıların Qarabağda qalmasının Ermənistana aidiyyəti olmadığını, bunun Moskva ilə Bakı arasında müzakirə edildiyini vurğulayıb.
“Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada sülhməramlılarımız var, amma bu məsələ artıq Ermənistana yox, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid məsələdir”, – Lavrov deyib.
Rusiya XİN rəhbərinin bu açıqlaması Azərbaycanın maraqlarına uyğun görünsə də, təcrübəli qurd diplomat Ermənistana sətiraltı mesaj verməyi yenə bacarıb. Lavrovun “Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb” cümləsində “hər kəs” sözü diqqət çəkir. O, belə deyərək topu Ermənistanın üzərinə atır. Yəni Qarabağı hər kəs, o cümlədən Ermənistan da Azərbaycan ərazisi kimi tanıyıb. Bu əslində Rusiyanın sözügedən məsələdə rəsmi İrəvana nə qədər qəzəbli olduğunu göstərir. Çünki prosesin bu həddə gəlib çatması Rusiyanın planları əsasında baş tutmayıb. Kreml ən yaxşı halda keçmiş status-kvonun saxlanılması şərtilə münaqişənin davamlı olmasını, beləliklə Cənubi Qafqazdakı gücünü qorumaq istəyirdi.
Lavrov Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyəti olmadığını deyərkən İrəvanın söz haqqını itirdiyi mesajını verir.
Prinsip etibarilə Kreml Qarabağ məsələsində məğlub olsa da, “sülhməramlılar kartı”nı əlində saxlamaqda maraqlıdır. Moskva bu məsələdə Bakı ilə uzlaşa biləcəyini düşünür. Lakin Azərbaycan sülhməramlıların səlahiyyət müddətinin uzadılmasında maraqlı deyil. Məsələ ondadır ki, sülhməramlıların Azərbaycanda qalması üçün səbəb yoxdur. Hazırda sülhməramlılar sadəcə minatəmizləmə işinə dəstək verir.
Nəticə etibarı ilə fors-major hal yaşanmasa, sülhməramlılar 2025-ci ildə Qarabağı tərk edəcəklər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 25-01-2024, 13:58